Baş səhifə  arrow Yeniliklər arrow 
Əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasına dair müzakirələr aparılıb Print
   11 Fevral 2019, saat 03:47
Image
Fevralın 11-də Əqli Mülkiyyət Agentliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə “İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu” mövzusunda konfrans keçirilib.
Fevralın 11-də Əqli Mülkiyyət Agentliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə “İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu” mövzusunda konfrans keçirilib.

Tədbiri giriş nitqi ilə açan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov konfransın mövzusunun əhəmiyyətini vurğulayıb. Bildirib ki, innovasiyalı inkişaf yolunda irəliləyən Azərbaycan dünya ölkələri tərəfindən tanınan islahatçı dövlətlər sırasındadır. Azərbaycan “Doing Business-2019” qlobal reytinqinə əsasən, 190 ölkə arasında 25-ci yeri tutur. O, 2018-ci ildə ölkəmizdə aparılan struktur və iqtisadi islahatlar çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində əqli mülkiyyət sistemində əhəmiyyətli təşkilati və funksional dəyişikliklərin baş verdiyini deyib.

K.İmanov agentliyin qarşısında duran əsas vəzifələrdən söz açaraq qeyd edib ki, müəllif və oxşar hüquqların qorunması və təmin edilməsi, rəqəmsal hüquqların idarə edilməsi, kontrafaksiya və piratçılığa qarşı mübarizə ilə yanaşı, sənaye mülkiyyəti obyektlərinin idarə edilməsi qurumun əsas fəaliyyət istiqamətlərindəndir. Əlavə edib ki, bu idarəçiliyin müasir tələblərə uyğun təşkil edilməsi, patent və əmtəə nişanlarına dair müraciət edən şəxslər üçün dürüstlüyün, açıqlığın və şəffaflığın təmin edilməsi olduqca vacibdir.

K.İmanov vurğulayıb ki, 2018-ci il Davos İqtisadi Forumunun Rəqabətqabiliyyətliliyi İndeksinə əsasən, “Təsisatlar” altindeksində “Əqli mülkiyyət hüquqlarının qorunması” göstəricisi üzrə Azərbaycan 36-cı yerdə qərarlaşıb və MDB məkanında liderdir. Davos İqtisadi Forumunun Rəqabətqabiliyyətlilik reytinqində “Patent ərizələri” və “Əmtəə nişanlarına ərizələr” göstəricilərinə görə Azərbaycan müvafiq olaraq, 87-ci və 101-ci yeri tutub. Ölkə Prezidentinin müvafiq fərmanlarına əsasən, yeni yaradılmış Əqli Mülkiyyət Agentliyində hazırda bu istiqamətdə, eləcə də elmi nəşrlərin H-indeksi istiqamətində işlər görülür.

Daha sonra Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxış edərək bildirib ki, hazırda ölkə Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq Azərbaycan Respublikasının innovasiya strategiyası hazırlanır: “Bu məqsədlə strateji yol xəritələrinə müvafiq olaraq Azərbaycan iqtisadiyyatı Dünya İqtisadi Forumunun təsnifatına əsasən, səmərəlilik əsaslı modeldən innovasiya əsaslı modelə keçəcək. İnnovasiya əsaslı modelin inkişaf etdirilməsi üçün fiziki, insan, institusional və sosial kapital təmin olunacaq”.

Ölkəmizdə insan potensialının inkişaf etdirilməsi, insan kapitalının keyfiyyətinin və əmək məhsuldarlığının yüksəldilməsi ilə bağlı məsələlərə xüsusi diqqət verildiyini deyən icraçı direktor bu istiqamətdə institusional və biznes mühitinin daha da yaxşılaşdırıldığını, infrastrukturun gücləndirildiyini, təhsil-təlim prosesi və ixtisaslı kadr hazırlığının, əmək bazarı və biznes sektoru arasında koordinasiyanın effektivliyinin və innovasiyaya meyilli (elm və texnologiya tutumlu) istehsal sektorunun investisiya cəlbediciliyinin artırıldığını diqqətə çatdırıb. Həmçinin klaster yaratma təşəbbüslərinin dəstəkləndiyini və əmək məhsuldarlığının yüksəldilməsi üzrə əsas prioritetlərin müəyyənləşdirildiyini vurğulayıb.

Tədbirdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Respublikasının Təhsil nazirinin müavini İdris İsayev, AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev və digərləri çıxış edərək startap layihələrinin əhəmiyyətindən, xüsusilə mikro və kiçik sahibkarlığın inkişafında rolundan danışıblar, həmin layihələrin maliyyələşdirilməsində yerli və xarici investorların rolunu vurğulayıblar.

Tədbir çərçivəsində startap layihələrinin nümayiş etdirildiyi sərgiyə baxış keçirilib.

Sonda Əqli Mülkiyyət Agentliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandumda tərəflər agentliyin Rəqəmsal Ticarət Qovşağına inteqrasiyasının təmin olunması və onun potensialından yüksək texnologiyaların və əqli mülkiyyət obyektlərinin iqtisadiyyatda tətbiqinin stimullaşdırılmasında və bu istiqamətdə aparılan işlərdə istifadə edilməsi, agentliyin təqdim etdiyi layihələrin mərkəz tərəfindən idarə olunan “enterpriseazerbaijan.com” portalına inteqrasiyasının həyata keçirilməsi, patent qabiliyyətli startapların birgə seçiminin aparılması barədə razılığa gəliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.