Baş səhifə  arrow Yeniliklər arrow Böyük verilənlərin analizi üçün dərin təlim modeli işləniləcək
Böyük verilənlərin analizi üçün dərin təlim modeli işləniləcək Print
   24 Yanvar 2019, saat 05:01
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunda şöbələrin 2019-cu il üzrə fəaliyyət planlarının müzakirəsinə start verildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verdi, şöbələrin fəaliyyətinin səmərəli qurulmasına dair tövsiyələrini səsləndirdi.

Sonra baş mühəndis, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova 1 saylı şöbənin 2019-cu il üçün fəaliyyət planını təqdim edərək yerinə yetiriləcək elmi-tədqiqat işləri haqqında məlumat verdi.

Məruzəçi bildirdi ki, cari ildə böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması problemlərinin araşdırılması istiqamətində tədqiqatlar davam etdiriləcək. Onun sözlərinə görə, bu məqsədlə “Böyük verilənlərin analizi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusu üzrə böyük sosial media məlumatlarında milli təhlükəsizliyə təhdidlərin aşkarlanması üçün text mining yanaşmasının işlənməsi və böyük verilənlərin analizi məqsədi ilə “Deep Learning”-in elmi nəzəri problemlərinin araşdırılması və dərin təlim modelinin işlənməsi istiqamətlərində tədqiqatlar aparılacaq.

“Big Data və rəqəmsal irs problemləri və onların həlli yolları” mövzusunda aparılacaq tədqiqatlardan danışan məruzəçi bu məqsədlə böyük həcmli verilənlərdə axtarış sistemlərinin effektivliyinin artırılması üçün sürətli alqoritmin işlənilməsinin və böyük həcmli verilənlərin logistikası və tətbiqi problemlərinin tədqiqinin nəzərdə tutulduğunu dedi.

M.Hacırəhimova şöbənin elmi-innovasiya fəaliyyətindən söz açaraq, cari ildə şöbə əməkdaşlarının qrant layihələrdə iştirakının nəzərdə tutulduğunu, müxtəlif elmi-texniki ekspertiza işlərinin həyata keçiriləcəyini bildirdi.

O, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, nüfuzlu jurnallarda məqalələrin nəşri, respublika və beynəlxalq səviyyəli kofranslarda iştirakı, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görüləcək işlər haqqında ətraflı məlumat verdi, “Big data texnologiyaları” adlı ekspress-informasiyanın nəşr olunacağını diqqətə çatdırdı.

Fəaliyyət planına dair müzakirələr aparıldı, sual və təkliflər səsləndirildi.

AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev şöbənin fəaliyyət planına dair təkliflərini bildirdi. Alim tədqiqatların daha da dərinləşdirilməsini və elmi-nəzəri fəaliyyətin gücləndirilməsini tövsiyə etdi. Akademik şöbədə fəaliyyət göstərən gənc tədqiqatçılarda riyazi mədəniyyətin formalaşdırılmasının əhəmiyyətli məsələlərdən olduğunu diqqətə çatdırdı və şöbəyə yeni kadrların təhkim olunmasının vacibliyini qeyd etdi.

Sonda Elmi şuranın qərarı ilə şöbənin fəaliyyət planı təsdiq olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.