Baş səhifə  arrow Yeniliklər arrow E-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi metodları işləniləcək
E-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi metodları işləniləcək Print
   24 Yanvar 2019, saat 04:49
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsinin 2019-cu il üçün fəaliyyət planı müzakirə edildi. Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev rəhbərlik etdiyi şöbədə cari ildə elmi-tədqiqat fəaliyyəti, elmi seminarlarda və konfranslarda məruzələr, tanınmış elmi jurnallarda məqalələrin nəşri və s. ilə bağlı görüləcək işlər haqqında məlumat verdi.

Bildirdi ki, informasiya təhlükəsizliyinin təmin olunması problemləri istiqamətində “E-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi metodları və modellərinın işlənməsi” adlı dissertasiya işinə dair araşdırmaların aparılması, kiber-fiziki sistemlər üçün lightweight kriptoqrafik sxemlərinin işlənməsi, kriptovalyutalar üzrə zaman sıralarının proqnozlaşdırılması üçün dərin təlim metodunun işlənməsi, eləcə də sosial şəbəkə məlumatlarının sentiment analizi metodunun işlənməsi nəzərdə tutulur. “Kompüter şəbəkələrinin intellektual monitorinqi üçün metod və modellərin işlənilməsi” mövzusu üzrə aparılacaq tədqiqatlardan danışan məruzəçi bu məqsədlə kompüter şəbəkələrinin monitorinqi üçün vizallaşdırma modelinin və qərarların qəbulunu dəstəkləyən intellektual sistemin işlənməsi, o cümlədən kompüter şəbəkələrinin real zamanda monitorinqi üçün metodun işlənməsinin planlaşdırıldığını söylədi.

Y.İmamverdiyev cari ildə şöbədə “Bulud texnologiyalarında informasiya təhlükəsizliyinin təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsi”, “Kiber-fiziki sistemlərdə informasiya təhlükəsizliyinin təmin edilməsi metodları”, “İnformasiya təhlükəsizliyinin menecmenti problemləri”, “İnternet-kriminalistikanın elmi-nəzəri problemləri”, “Obyekt asılılığı olan rollar əsasında İnternet mühitində informasiya axtarışının səmərəliliyinin yüksəldilməsi üçün model və alqoritmlərin işlənməsi”, “Şəbəkə mühitində zaman sıralarında informasiya təhlükəsizliyi üzrə anomaliyaların aşkarlanması üçün metod və alqoritmlərin işlənməsi” mövzuları üzrə tədqiqatların aparılacağını dedi. O, həmçinin “E-dövlətdə e-imza infrastrukturunun sintezi üçün metod və alqoritmlərin işlənməsi”, “Kompüter şəbəkələrinin təhlükəsizliyinin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənməsi”, “Botnetlərin aşkarlanması üçün metod və alqoritmlərin işlənməsi”, “Sosial şəbəkələrdə saxta profillərin aşkarlanması metodları” və “Kriptovalyuta verilənlərinin intellektual analizi metodları” mövzuları üzrə görüləcək işlər haqqında məlumat verdi, tədqiqat istiqamətlərini diqqətə çatdırdı.

O, şöbənin elmi-innovasiya fəaliyyətindən bəhs edərək informasiya təhlükəsizliyinin menecmenti üzrə innovativ həllərin işlənməsi və müvafiq dövlət proqramlarında iştirakın nəzərdə tutulduğunu vurğuladı.

Şöbə müdiri 2019-cu ildə nüfuzlu elmi jurnallarda 35 məqalənin nəşr olunmasının planlaşdırıldığını bildirdi. Cari ildə “Kriptovalyuta texnologiyaları” adlı ekspress-informasiyasının da hazırlanacağını söylədi.

Mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırdı.

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin planı ilə bağlı bir sıra təklif və tövsiyələrini səsləndirdi. Alim şöbədə informasiya təhlükəsizliyi problemləri, xüsusilə yeni bir istiqamət olan İnternet-kriminalistika və kiber-fiziki sistemlərin təhlükəsizliyi problemləri istiqamətində aparılan araşdırmaların daha da dərinləşdirilməsinin vacibliyini vurğuladı.

Sonda Elmi şuranın qərarı ilə şöbənin fəaliyyət planı təsdiq olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.