Baş səhifə  arrow Yeniliklər arrow 
Big Data mühitində anomaliyaların aşkarlanması üçün klassifikatorlar ansamblına əsaslanan yarım-öyrədilən klassifikasiya üsulu təklif edilib Print
   23 Yanvar 2019, saat 12:00
Image
AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev və aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevanın həmmüəllifi olduqları “Hybridisation of classifiers for anomaly detection in big data” (“Big Data mühitində anomaliyaların aşkarlanması üçün klassifikatorların hibridləşdirilməsi”, DOI: 10.1504/IJBDI.2019.097396) adlı məqalə “Inderscience” nəşriyyatında dərc olunan “International Journal of Big Data Intelligence” jurnalında çap olunub.

Bulud infrastrukturunun təhlükəsizliyini təmin etmək üçün bu infrastrukturun aparat təminatı, sistemlərin vəziyyəti və proqram təminatlarının yerinə yetirilməsində baş verə bilən keyfiyyət göstəriciləri anomaliyalarının aşkarlanması vacib məsələlərdən hesab olunur. Məqalədə bulud infrastrukturunun keyfiyyət göstəricilərində anomaliyaların aşkarlanması üçün klassifikatorlar ansamblına əsaslanan yarım-öyrədilən klassifikasiya üsulu təklif edilir. Təklif edilmiş model Bayes klassifikatorları, neyron şəbəkələri və qərar ağacları kimi məşhur klassifikator siniflərinə daxil olan alqoritmlər əsasında qurulmuşdur. Modelin müxtəlif maşın təlimi üsulları ilə müqayisəli analizi böyük ölçüyə malik “Google cluster trace” və “Yahoo!S5” açıq bulud verilənlər bazaları üzərində aparılmışdır. Eksperimentlərin nəticələri təklif edilən yanaşmanın anomaliyaların aşkarlanmasında effektivliyini göstərilmişdir.

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun maliyyələşdirdiyi “Böyük verilənlər (“Big data”) mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri” adlı qrant layihəsi (Qrant № EİF-KETPL-2-2015-1(25)- 56/05/1) əsasında hazırlanmışdır.

Qeyd edək ki, “International Journal of Big Data Intelligence” jurnalı “Asian Digital Library”, “cnpLINKer” (CNPIEC), “Computer Database” (Gale), “DBLP Computer Science Bibliography”, “Google Scholar” beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.