Baş səhifə  arrow Yeniliklər arrow Böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması problemləri tədqiq olunur
Böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması problemləri tədqiq olunur Print
   12 Noyabr 2018, saat 04:12
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclası keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verdi, iclasın 1, 2 və 3 saylı şöbələrin 2018-ci il üzrə hesabatlarının müzakirəsinə həsr olunduğunu bildirdi.

İnsitutun 1 saylı şöbəsinin hesabatını təqdim edən şöbənin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova cari ildə elmi tədqiqat, elmi-innovasiya fəaliyyəti, elmi seminar və konfranslarda məruzələr, tanınmış elmi jurnallarda məqalələrin nəşri və s. ilə bağlı görülmüş işlər barədə məlumat verdi.

Bildirdi ki, elmi-tədqiqat fəaliyyəti çərçivəsində böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması problemləri istiqamətində AR Prezidenti yanında Elmin İnkişafı Fondunun “Böyük verilənlər (big data) mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri” adlı qrant layihəsi çərçivəsində tədqiqatlar aparılıb. Bu məqsədlə milli informasiya infrastrukturuna olan DDoS hücumların aşkarlanması üçün model və alqoritmin işlənilməsi və sosial medianın analizi əsasında milli təhlükəsizliyə təhdidlərin aşkarlanması üçün text mining yanaşmasının təklif edilməsi ilə bağlı məqalələr hazırlanıb.

Məruzəçi, həmçinin ARDNŞ-in Elm Fondunun “DeepOil-ML: İntellektual neft mədənləri üçün Deep Learning əsasında yeni texnologiyaların işlənməsi” qrant layihəsi çərçivəsində yerinə yetirilmiş işləri diqqətə çatdırdı. Bildirdi ki, bu istiqamətdə “Deep Learning əsasında neft-mədən verilənlərin analizi üçün metod və alqoritmin işlənməsi” mövzusuna dair tədqiqatlar aparılmışdır: “Tədqiqat zamanı neft-qaz sənayesində Machine Learning və Deep Learning sahəsində aparılan elmi tədqiqatların müasir vəziyyəti analiz olunmuş, xam neftin PVT xassələrinin proqnozlaşdırılması sahəsində geniş yayılmış korrelyasiyalar, maşın təlimi metodları və hibrid modellər təhlil edilmiş, neft-mədən verilənlərinin analizi üçün modellər işlənmiş və təklif olunan metod və alqoritm data set-lər üzərində test edilmişdir”. O, bəzi empirik korrelyasiyalardan istifadə etməklə Azərbaycan xam neftinin özülülüyünün qiymətləndirilməsi modelinin işləndiyini söylədi.

M.Hacırəhimova elmi-tədqiqat fəaliyyəti çərçivəsində, həmçinin “Big Data və rəqəmsal irs problemləri və onların həlli yolları” mövzusuna dair böyük həcmli verilənlərdə axtarış sistemlərinin effektivliyinin artırılması üçün sürətli alqoritmin işlənilməsi istiqamətində araşdırmaların aparıldığını diqqətə çatdırdı. Onun sözlərinə görə, bu istiqamətdə böyük həcmli rəqəmsal verilənlərdə səmərəli axtarışın aparılması üçün mövcud olan bəzi alqoritmlərin problemləri təsnifatlandırılmış, nəzarət olunan, nəzarət olunmayan və yarım-nəzarət olunan maşın təlimi alqoritmləri təhlil olunmuş, maşın təlimi alqoritmlərinin müqayisəli təhlili aparılmış, axtarış sisteminin konseptual modeli işlənilmiş, eləcə də böyük həcmli rəqəmsal verilənlərdə axtarışın effektivliyinin artırılması üçün neyron şəbəkəyə əsaslanan metod təklif olunmuşdur.

Məruzəçi cari ildə tanınmış elmi jurnallarda 12 məqalənin, elmi-texniki konfrans və seminarların materiallarında 6 tezisin nəşr olunduğunu dedi. O, şöbənin elmmetrik göstəricilərini təqdim edərək bildirdi ki, hesabat ilində şöbə əməkdaşlarının əsərlərinə ümumilikdə 28 istinad qeydə alınmışdır.

Elmi-innovasiya fəaliyyəti çərçivəsində görülmüş işlərdən danışan M.Hacırəhimova bu istiqamətdə yerinə yetirilmiş elmi-texniki ekspertiza işlərini qeyd etdi.

Məruzəçi, həmçinin elmi-pedaqoji fəaliyyət, innovativ layihələrin КİV-də təbliği, şöbədaxili seminarların keçirilməsi, müxtəlif təyinatlı kitabların hazırlanması, o cümlədən İKT üzrə gənc kadrların işə cəlb edilməsi ilə bağlı görülmüş işləri nəzərə çatdırdı.

Sonra hesabata dair müzakirələr aparıldı, suallar cavablandırıldı. Elmi şuranın qərarı ilə şöbənin hesabatı qənaətbəxş hesab olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.