Baş səhifə  arrow Yeniliklər arrow 
Proqram mühəndisliyinin elmi-nəzəri əsasları və proqram sistemlərinin keyfiyyət göstəricilərinin yüksəldilməsi məsələləri araşdırılır Print
   27 Noyabr 2018, saat 02:13
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında 9 saylı şöbənin 2018-ci ili əhatə edən hesabatı müzakirə olundu. Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov rəhbərlik etdiyi şöbənin hesabatını təqdim edərək şöbədə proqram mühəndisliyi, informasiya təhlükəsizliyinin təmin olunması və biometrik texnologiyaların problemləri üzrə elmi tədqiqatların aparıldığını diqqətə çatdırdı.

Cari ildə proqram mühəndisliyinin elmi-nəzəri əsasları mövzusu üzrə aparılan tədqiqatlardan söz açan məruzəçi proqram təminatının məhsuldarlığının artırılması üçün metod və alqoritmlərin işlənildiyini, onun etibarlılığının yüksəldilməsi metodlarının araşdırılması üzrə tədqiqatların davam etdirildiyini, proqram mühəndisliyi sahəsində olan standartların və proqram məhsullarının verifikasiya və validasiya metodlarının araşdırıldığını qeyd etdi.

Şöbə müdiri hesabat ili ərzində informasiya təhlükəsizliyinin təmin olunması problemləri çərçivəsində “İntellektual texnologiyaların tətbiqi ilə uşaqların İnternetdə qorunması metodlarının işlənilməsi” mövzusu üzrə verilənlərin sanitarizasiyası metodlarının müasir vəziyyəti, problemləri və perspektivlərinin araşdırıldığını bildirdi.

Alimin sözlərinə görə, şöbədə biometrik texnologiyaların araşdırılması üzrə insanın əl damarlarının izləri əsasında tanınması üçün metod və alqoritmlər işlənilib, xüsusi cihaz vasitəsilə insanın əl damarlarının izlərinin skelet şəklinin alınması üçün alqoritm və proqram təminatı hazırlanıb.

Şöbənin elmi-innovasiya fəaliyyətindən bəhs edən T.Kazımov bu istiqamətdə “Proqram mühəndisliyinin elmi-nəzəri əsasları” mövzusu üzrə dərs kitabının, “Proqramlaşdırmanın elmi-nəzəri əsasları” və “Sanitarizasiya metodları: müasir vəziyyəti, elmi-nəzəri problemləri və inkişaf perspektivləri” adlı ekspress-informasiyanın hazırlandığını, bir sıra məqalə, konfrans materiallarına, dissertasiya işlərinə və kitablara rəy verildiyini, əməkdaşların elmi əsərlərinin Vikipediyaya daxil edildiyini nəzərə çatdırdı.

O, həmçinin şöbə əməkdaşlarının respublika və beynəlxalq səviyyəli konfranslarda iştirakı, AR Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunmuş nüfuzlu jurnallarda elmi məqalələrin nəşri, şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmmetrik göstəriciləri, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin davam etdirilməsi, elmi-praktiki nəticələrin КİV-də təbliği ilə bağlı görülmüş işlər barədə məlumat verdi.

Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim ölkəmizdə proqram mühəndisliyi ideologiyasının geniş yayılmasına dəstək verilməsinin əhəmiyyətini qeyd edərək “Proqram mühəndisliyi” fənninin tədrisinin keyfiyyətinin artırılmasının önəmini vurğuladı. Akademik şöbədə müxtəlif istiqamətlərdə aparılan araşdırmaların dərinləşdirilməsi və hər bir problem üzrə hazırlanmış elmi məqalənin nüfuzlu jurnallarda çap olunmasının vacibliyini diqqətə çatdırdı.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı. Elmi şuranın qərarı ilə şöbənin hesabatı qənaətbəxş qiymətləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.