Baş səhifə  arrow Yeniliklər arrow 
İnstitutun əməkdaşları GEANT Assosiasiyasının Baş Assambleyası və EaPConnect layihəsinin İdarəetmə Şurasının iclaslarında iştirak ediblər Print
   28 Noyabr 2018, saat 05:00
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunda AzScienceNet şəbəkəsinin İdarəetmə Şurasının iclası keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev iclasın AzScienceNet elm-kompüter şəbəkəsində GEANT(Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyası, Gigabit European Advanced Network Technology) Assosiasiyası və EaPConnect (Eastern Partnership Connect) layihəsi ilə bağlı Fəaliyyət planı, o cümlədən EaPConnect və GEANT şəbəkəsində göstərilən xidmətlərin müzakirəsinə həsr olunduğunu bildirdi.

Öncə çıxış edən akademik R.Əliquliyev 19-25 noyabr 2018-ci il tarixlərində institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Babək Nəbiyev ilə birgə Niderlandın Amsterdam şəhərində keçirilən GEANT Assosasiyasının Baş Assambleyasının 16-cı iclası və EaPConnect layihəsinin İdarəetmə Şurasının iclaslarında iştirakla bağlı səfərləri haqqında məlumat verdi.

Alim səfər çərçivəsində keçirilən iclaslarda Şərq Tərəfdaşlığı regionuna daxil olan bütün ölkələri (Azərbaycan, Belarusiya, Gürcüstan, Moldova və Ukrayna, Ermənistan) əhatə edən elektron elm infrastrukturu üzrə görülən işlər, eləcə də EaPConnect çərçivəsində KARDESSA layihəsinin icrası, antiplagiatlıqla bağlı aparılan müzakirələrdə yaxından iştirak etdiklərini dedi.

R.Əliquliyev EaPConnect layihəsinin İdarəetmə Şurasının iclasında Şərq Tərəfdaşlığı ölkələrinin EaPConnect layihəsi ilə bağlı hesabatlarının dinlənildiyini bildirdi. Akademik Azərbaycanın EaPConnect layihəsi ilə bağlı görülən işlərə dair hesabatını təqdim edərək AMEA İnformasiya Texnologiyaları İnstitutunda bu istiqamətdə görülmüş işlər haqqında məlumat verdiyini söylədi.

İnstitut direktoru rəhbərlik etdiyi qurumun EaPConnect layihəsi ilə bağlı hesabatının qəbul edilərək qənaətbəxş hesab olunduğunu vurğuladı.

Qeyd edək ki, GEANT Baş Assambleyasının iclasında, həmçinin GEANT Assosiasiyasında İdarəetmə şurasının tərkibinin müəyyənləşdirilməsi üçün seçki keçirilib, vəzifələrə təyinatla bağlı səsvermədə akademik R.Əliquliyev iştirak edərək Azərbaycanı təmsil edib.

İclaslarda müzakirə olunan məsələlərin icrası istiqamətində görülən işlərə dəstək verilməsi məqsədilə AzScienceNet elm kompüter şəbəkəsində GEANT Assosiasiyası və EaPConnect layihəsi ilə bağlı Fəaliyyət planının hazırlandığını söyləyən institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov plana əsasən 2020-ci ilədək görüləcək işləri diqqətə çatdırdı.

R.Ələkbərov layihənin iclaslarında və digər ölkələrdə təşkil olunan təlimlərdə müntəzəm iştirak, eləcə də Azərbaycanda təlimlərin təşkili, GEANT və AzScienceNet arasında Memorandumun imzalanması, layihənin Azərbaycanda icrası ilə bağlı İşçi qrupun yaradılması, şəbəkə avadanlıqlarının alınması, regional qoşulmanın gücləndirilməsi üçün Azərbaycan (AzScienceNet) və Gürcüstan (GRENA) arasında fiber-optik kanalın yaradılması, layihə çərçivəsində digər elm və təhsil şəbəkələri ilə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasının nəzərdə tutulduğunu dedi.

Məruzəçi AzScienceNet şəbəkəsinə qoşulan elmi-tədqiqat və təhsil müəssisələrinin sayının artırılması və ölkənin elm və təhsil müəssisələri üçün Wifi və Eduroam xidmətinin genişləndirilməsi, AzScienceNet şəbəkəsində trafikin 3Gb/s sürətinə qaldırılması, www.eduroam.az veb-saytının yaradılması, eduGAİN xidmətinin yaradılması və milli operator funksiyasının təmin olunması, PerfSONAR şəbəkə monitorinqi sisteminin yaradılması, Filesender sisteminin sazlanması və istifadəyə verilməsi, eduVPN xidmətinin yaradılması, EaPConnect çərçivəsində KARDESSA layihəsində iştirak və layihəyə dəstək, LOLA texnologiyalarının ölkədə tətbiq edilməsi istiqamətində də işlərin görüləcəyini bildirdi.

R.Ələkbərov qeyd etdi ki, AzEduNet şəbəkəsinin AzScienceNet şəbəkəsinə qoşulması istiqamətlərində işlərin genişləndirilməsi, AR ali təhsil müəssisələrinin Avropanın elm və təhsil qurumları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, elm və ali təhsil müəssisələrində aparılan elmi araşdırmalara dəstək verilməsi, EaPConnect layihəsinin davamı üçün Avropa Komissiyasına müraciət edilməsi və s. planlaşdırılan işlər sırasındadır.

Daha sonra Beynəlxalq əlaqələr şöbəsinin müdiri B.Nəbiyev “EaPConnect və GEANT şəbəkəsinin xidmətləri” mövzusunda məruzə ilə çıxış etdi.

B.Nəbiyev EaPConnect və GEANT şəbəkəsi üzrə həyata keçirilən xidmətləri diqqətə çatdırdı. O, Eduroam xidməti üzrə PR işinin təşkili, eduGAİN və PerfSONAR şəbəkə monitorinqi xidmətinin qurulması və sazlanması, “Infrastructure as a Service / Clouds”, milli elmi kitabxanalar üçün mədəni irsin rəqəmsallaşdırılması xidməti, LoLa (Low Latency technology and service) audiovizual sistemi, Yaşıl İKT (Green ICT) layihəsi, etibarlı olmayan şəbəkələrə təhlükəsiz girişi təmin edən eduVPN xidməti, eləcə də videokonfrans sisteminin imkanları haqqında məlumat verdi.

Çıxışlar ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.