Baş səhifə  arrow Yeniliklər arrow Elektron dövlət mühitində sosial kreditin qiymətləndirilməsi məsələləri tədqiq olunur
Elektron dövlət mühitində sosial kreditin qiymətləndirilməsi məsələləri tədqiq olunur Print
   29 Noyabr 2018, saat 04:11
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin 2018-ci il üzrə hesabatı dinlənildi. Hesabatı təqdim edən şöbənin baş mütəxəssisi Rasim Mahmudov cari il ərzində yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında məlumat verdi. Bildirdi ki, bu il elektron dövlətin formalaşması problemləri, informasiya cəmiyyətinin, İnternetşünaslığın elmi-nəzəri problemləri, informasiya müharibəsi texnologiyaları, sosial medianın formalaşmasının multidistiplinar problemləri istiqamətində araşdırmalar aparılmışdır.

R.Mahmudov “E-dövlətin formalaşdırılması və effektiv idarə olunması üçün mexanizmlərin işlənilməsi” mövzusu üzrə görülmüş işlərdən danışdı. Qeyd etdi ki, bu mövzu üzrə seçki prosesində namizədlərin qiymətləndirilməsi üçün çoxmeyarlı qərar qəbuletmə modelinin işlənilməsi, e-dövlət modellərinin qiymətləndirilməsi üçün modelin işlənməsi, elektron dövlət mühitində Azərbaycan dilinin qorunması və inkişaf perspektivləri, e-dövlətdə sosial medianın rolunun analizi və mövcud təhdidlərin qiymətləndirilməsi, eləcə də e-demoqrafiyanın formalaşdırılmasının elmi-nəzəri əsaslarının araşdırılması və konseptual modelin işlənməsi istiqamətində tədqiqatlar aparılmışdır.

Məruzəçi “İnternet iqtisadiyyatının tənzimlənməsi və inkişaf mexanizmlərinin işlənməsi” mövzusu üzrə əldə olunan elmi-nəzəri nəticələrə dair dissertasiya işinin hazırlandığını, informasiya cəmiyyətinin, İnternetşünaslığın elmi-nəzəri problemləri üzrə biliklər iqtisadiyyatının seqmenti olan dil sənayesi, Big Data erasında fərdi məlumatların qorunması və Azərbaycanda plagiatlıqla mübarizə problemlərinın tədqiq olunduğunu söylədi.

O, həmçinin “Elektron dövlət mühitində sosial kreditin qiymətləndirilməsi” mövzusunda aparılan tədqiqatları diqqətə çatdıraraq emosional tonallığın analizi metodlarının tədqiq olunduğunu, elektron dövlət mühitində vətəndaşların sosial kredit sisteminin yaradılmasının konseptual əsaslarının işlənildiyini, elektron dövlətin formalaşmasında sosial kapitalın rolunun analiz olunduğunu və elektron dövlət mühitində sosial kreditin fərdi məlumatlar əsasında qiymətləndirilməsi problemlərin araşdırıldığını qeyd etdi.

R.Mahmudov şöbədə elektron xidmətlərin intellektual analizi və korporativ təhsil mühitində sosial şəbəkələrin analizi üçün metod və alqoritmlərin işlənməsi, e-dövlət mühitində Azərbaycan dilinin qorunması və inkişafı məsələləri, elektron dövlətin təkmil modellərinin analizi və qiymətləndirilməsi, İnternet-media resurslarının monitorinqi və qiymətləndirilməsi mexanizmlərinin işlənilməsi mövzuları üzrə görülən işləri təqdim etdi, nəşr olunmuş məqalələr barədə məlumat verdi. O, yeni medianın tədrisi sahəsində dünya təcrübəsinin öyrənildiyini və 3D jurnalistikasına dair araşdırmaların aparıldığını da diqqətə çatdırdı.

Daha sonra məruzəçi cari il üzrə şöbə əməkdaşlarının elmi-innovasiya və praktiki fəaliyyəti haqqında ətraflı məlumat verdi. O, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2014-2017-ci illər üçün Dövlət Proqramı”na elmi dəstəyin verilməsi, Viki-Mərkəzin fəaliyyəti və s. ilə əlaqədar bir sıra işlərin həyata keçirildiyini dedi, AR Prezidenti yanında Elmin İnkişafı Fondunun və AR Dövlət Neft Şirkətinin Elm Fondunun bir neçə qrant layihəsində iştirak olunduğunu, eləcə də “İnformasiya Texnologiyaları Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” jurnallarının redaksiyasından daxil olan məqalələrə rəy verildiyini vurğuladı.

R.Mahmudov cari ildə şöbə əməkdaşları tərəfindən nüfuzlu beynəlxalq jurnallarda və AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan jurnallarda 20 məqalənin, nüfuzlu konfrans, seminar və simpoziumlarda 10 konfrans materialının nəşr olunduğunu diqqətə çatdırdı.

O, həmçinin, şöbənin elmi-təşkilati və elmi-pedaqoji fəaliyyəti, beynəlxalq elmi əməkdaşlığı, əldə edilən nəticələrin KİV-də təbliği çərçivəsində görülmüş tədbirlər haqqında məlumat verdi.

Sonra çıxış edən AMEA-nın akademik-katibi, institutun direktoru, şöbənin rəhbəri, akademik Rasim Əliquliyev hesabatla bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim şöbədə aparılan elmi-tədqiqat işləri üzrə araşdırmaların daha da intensivləşdirilməsini və dərinləşdirilməsini tövsiyə etdi.

Sonda hesabatla bağlı fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. Elmi şuranın qərarı ilə şöbənin hesabatı qənaətbəxş qiymətləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.