Baş səhifə  arrow Yeniliklər arrow AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin illik hesabatı təqdim olundu
AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin illik hesabatı təqdim olundu Print
   26 Dekabr 2018, saat 05:21
Image
Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda AMEA Riyaziyyat və Texnika Elmləri Bölməsi institutlarının 2018-ci ili əhatə edən hesabat iclası keçirildi.

Tədbiri giriş sözü ilə açan bölmənin akademik-katibi, AMEA Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov gündəlikdə duran məsələlər haqqında məlumat verdi. İclasın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə daxil olan institutların cari ildəki fəaliyyətinin müzakirəsinə həsr olunduğunu bildirdi.

AMEA Fizika İnstitutunun illik hesabatını təqdim edən institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov bildirdi ki, hesabat ilində institut əməkdaşları tərəfindən kondensə olunmuş hal fizikası, optoelektronikanın fiziki əsasları və texnikası, energetikanın fiziki-texniki problemləri və nüvə fizikası istiqamətlərində 3 mövzu üzrə 39 elmi-tədqiqat işi aparılmışdır. Nüfuzlu jurnallarda 399, o cümlədən yüksək impakt faktorlu jurnallarda 195 məqalə, beynəlxalq və respublika səviyyəli konfranslarda 227 tezis çap olunmuş, institut əməkdaşlarının məqalələrinə 7053 istinad qeydə alınmışdır.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun illik hesabatını təqdim edən institutun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov cari ildə rəhbərlik etdiyi qurumda mühüm elmi-tədqiqat və elmi-təşkilati tədbirlərin həyata keçirildiyini diqqətə çatdırdı. Bildirdi ki, hesabat ili ərzində institut əməkdaşlarının bütövlükdə 368 elmi əsəri – 152-si xaricdə olmaqla 207 məqalə, 58-i xaricdə olmaqla 150 tezis, 16 elmi populyar nəşr, həmçinin monoqrafiya və dərs vəsaiti işıq üzü görmüşdür. Məqalələrdən 76-si “Thomson Reuters”, 34-ü “Scopus” beynəlxalq elmi bazalarınının impakt faktorlu jurnallarında çap edilmişdir. M.Mərdanov qeyd etdi ki, 2018-ci ildə institutda 6 elmlər doktoru və 14 fəlsəfə doktoru müdafiə etmişdir.

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun cari il üzrə hesabatını qurumun direktoru, akademik Fikrət Əliyev təqdim etdi. İnstitutda mürəkkəb diferensial tənliklərlə təsvir olunan sistemlərin idarəetmə və optimallaşdırma məsələləri, qeyri-xətti tənliklərlə təsvir olunan texnoloji, iqtisadi proseslərin modelləşdirilməsi və fizika, geofizika, texnika və elmin digər sahələrinə tərs məsələlərin tətbiqi istiqamətlərində tədqiqatların aparıldığını söyləyən akademik tədqiqatların nəticəsi olaraq 49-u xaricdə olmaqla, 62 məqalənin nəşr olunduğunu vurğuladı.

F.Əliyev, həmçinin cari ildə institutun təşkilatçılığı ilə dünyanın 30 ölkəsindən 200-dən artıq alimin iştirak etdiyi “Control and Optimization with Industrial Applications (COIA-2018)” VI beynəlxalq konfransın və digər konfransların keçirildiyini diqqətə çatdırdı.

AMEA İdarəetmə Sistemləri İnstitutunun illik hesabatı ilə bağlı çıxış edən institutun direktoru, akademik Telman Əliyev bildirdi ki, cari ildə institutda 17 mövzu üzrə 9 elmi tədqiqat işi başa çatdırılmışdır. Hesabat ilində 1 elmlər və 7 fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işlərini müdafiə edilmişdir.

T.Əliyev qeyd etdi ki, 2018-сi ildə institut əməkdaşları tərəfindən 375 elmi əsərin 156-sı xaricdə, 68-i impakt faktorlu jurnallarda çap olunmuş, onlara 194 istinad edilmişdir. Alimin sözlərinə görə, institut “Web of Science” bazasında dərc olunan elmi əsərlərə görə AMEA üzrə 3-cü yerə layiq görülmüşdür.

AMEA Radiasiya Problemləri İnstitutunun (RPİ) direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov institutun illik hesabatı ilə bağlı çıxış edərək bildirdi ki, 2018-ci ildə 4 problem üzrə 12 mövzuya uyğun 24 elmi-tədqiqat işi yerinə yetirilmişdir. O, həmçinin Radiasiya Problemləri İnstitutunun əməkdaşları tərəfindən Rusiya Federasiyasının Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda aparılan elmi tədqiqatlar barədə məlumat verdi, RPİ-də fəaliyyət göstərən Beynəlxalq Nüvə Məlumatlar Mərkəzinin öz işini uğurla davam etdirdiyini söylədi. Qeyd etdi ki, hesabat ilində, həmçinin AMEA Radiasiya Problemləri İnstitutunun rəsmi veb-səhifəsi təkmilləşdirilmişdir.

O.Səmədov RPİ-də 2 fəlsəfə və 2 elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işlərinin müdafiə edildiyini söylədi.

AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov qurumun illik hesabatını təqdim edərək cari ildə əldə olunmuş elmi nailiyyətləri və praktiki astrofizika sahəsində görülən işləri diqqətə çatdırdı. Bildirdi ki, institutda ümumilikdə 44 kitab, monoqrafiya və məqalə işıq üzü görmüş, impakt faktorlu jurnallarda 2 məqalə dərc olunmuş, elmi işçilərin məqalələrinə 84 istinad qeydə alınmışdır.

N.Cəlilov rəhbərlik etdiyi qurumun “Web of Science Azerbaijan – 2018”in təsis etdiyi “Ən məhsuldar regional universitet və elmi-tədqiqat institutu” nominasiyası üzrə mükafata layiq görüldüyünü də diqqətə çatdırdı.

AMEA Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov çıxış edərək cari ildə institutda aparılmış elmi tədqiqatlar, həyata keçirilmiş layihələr barədə məlumat verdi. Qeyd etdi ki, institutun əməkdaşları tərəfindən xarici jurnallarda 2-i yüksək impakt faktorlu jurnallarda olmaqla 7 məqalə və 3 tezis çap edilmiş, 4 beynəlxalq və 2 ölkədaxili birgə qrant layihələri üzrə tədqiqat işləri aparılmışdır.

İnstitutda aparılan mühüm elmi nəticələri nəzərə çatdıran O.Qasımov EPR spektroskopiya metodunun köməyi ilə ultrabənövşəyi şüaların təsiri altında yaranan sərbəst radikalların rekombinasiyası fibroin zülalının quru və hidrasiya olunmuş halında tədqiqi ilə zülalın müxtəlif dinamik modlarının müəyyən edildiyini vurğuladı.

Sonra AMEA-nın akademik-katibi, AMEA Rasim Əliquliyev rəhbərlik etdiyi elmi müəssisədə 2018-ci ildə əldə olunmuş elmi nailiyyətləri diqqətə çatdırdı. O, Big Data və Data mining, bulud texnologiyaları, informasiya təhlükəsizliyi, biometrik texnologiyalar, elektron tibb, proqram mühəndisliyi, kiber-fiziki sistemlər, linqvistik informatika, e-demoqrafiya və digər istiqamətlərdə araşdırmaların aparıldığını, mühüm elmi nəticələrin əldə edildiyini diqqətə çatdırdı.

Bildirdi ki, hesabat ili ərzində institut əməkdaşları tərəfindən 99 məqalə, 4 kitab və 2 ekspress-informasiya nəşr olunmuş, beynəlxalq və respublika səviyyəli konfranslarda 114 məruzə ilə iştirak edilmişdir. Cari il üzrə nəşr olunmuş 213 elmi əsərdən 80-i nüfuzlu bazalara daxil olmuşdur.

R.Əliquliyev, həmçinin 2018-ci ildə institutda həyata keçirilən elmi-təşkilati və elmi-innovasiya fəaliyyəti, beynəlxalq əməkdaşlıq, beynəlxalq layihələr, ali təhsil müəssisələri ilə əməkdaşlıq və digər istiqamətdə görülən işlər haqqında məlumat verdi.

Müzakirələrdən sonra bölmə institutlarının hesabatları qəbul olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.