Baş səhifə  arrow Yeniliklər arrow İnformasiya Texnologiyaları İnstitutunun 2018-ci il üzrə hesabatı dinlənildi
İnformasiya Texnologiyaları İnstitutunun 2018-ci il üzrə hesabatı dinlənildi Print
   26 Dekabr 2018, saat 02:48
Image
AMEA-nın Riyaziyyat və Texnika Elmləri Bölməsi institutlarının 2018-ci ili əhatə edən hesabat iclasında AMEA İnformasiya Texnologiyaları İnstitutunun hesabatı dinlənildi.

Hesabatı AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev təqdim edərək 2018-ci il ərzində institutun qarşısına qoyulan vəzifələr barədə məlumat verdi. Bildirdi ki, hesabat ilində institut Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi, AMEA Prezidentinin sərəncamları və tapşırıqları, eləcə də AMEA Rəyasət Heyətinin və AMEA-nın Ümumi yığıncağının qərarlarından irəli gələn məsələlərin həllində iştirak etmişdir.

İnstitutun elmi-nəzəri, elmi-təşkilati, elmi-praktiki və innovasiya fəaliyyəti, veb və multimedia texnologiyaları, elektron elmin formalaşdırılması, Tədris-İnnovasiya Mərkəzi, Viki Mərkəz və AzScienceNet elm kompüter şəbəkəsinin fəaliyyəti, beynəlxalq əməkdaşlıq, elmi biliklərin təbliği və populyarlaşdırılması ilə bağlı fəaliyyət istiqamətlərinin mövcud olduğunu söyləyən akademik öncə elmi-nəzəri fəaliyyət haqqında ətraflı məlumat verdi. Alim informasiya texnologiyaları və informasiya cəmiyyətinin elmi-nəzəri problemləri istiqamətində aparılan araşdırmalar barədə danışaraq bildirdi ki, qurumda cari ildə Big Data və Data mining, bulud texnologiyaları, informasiya təhlükəsizliyi, proqram mühəndisliyi, e-elm, e-tibb, informasiya iqtisadiyyatı, linqvistik informatika, kiber-fiziki sistemlər, e-təhsil, elmmetriya, e-demoqrafiya və digər istiqamətlərdə tədqiqatlar aparılmışdır. Qeyd etdi ki, institut əməkdaşları tərəfindən 2018-ci ildə 99 məqalə, 4 kitab və 2 ekspress-informasiya nəşr olunmuş, beynəlxalq və respublika səviyyəli konfranslarda 114 məruzə ilə iştirak edilmişdir. Cari il üzrə nəşr olunmuş 213 elmi əsərdən 80-i nüfuzlu bazalara (WoS və Scopus və s.) daxil olmuş, institut əməkdaşlarının məqaləsinə hesabat ilində 1177, ümumilikdə isə, 6554 istinad qeydə alınmışdır.

Alim institutda nəşr olunan “İnformasiya Cəmiyyəti Problemləri”“İnformasiya Texnologiyaları Problemləri” adlı jurnalların “Copernicus”, “INSPEC” və “Google Scholar” indeksləşmə bazalarına daxil olduğunu dedi.

Akademik R.Əliquliyev aparılan araşdırmalar nəticəsində e-dövlət mühitində terrorizmlə əlaqəli fəaliyyətin aşkarlanması üçün istifadəçi şərhlərinin sentiment analizi əsasında yanaşmanın təklif olunduğunu, sənədlər çoxluğunun istifadəçi sorğusu əsasında referatının avtomatik yaradılması üçün mətnlərin sentiment və leksik analizi texnologiyalarına əsaslanan yeni modelin təklif edildiyini, jurnalların, məqalələrin və tədqiqatçıların elmi fəaliyyətinin qiymətləndirilməsi üçün yeni metodların təklif edildiyini, real Big Data-da anomaliyaların aşkarlanması üçün çəkili klasterizasiya əsasında yanaşma təklif edildiyini, kiber-fiziki sistemlərdə kiber-hücümların və təhdidlərin sistemli analizi üçün xüsusi hücum ağacı modeli təklif edildiyini diqqətə çatdırdı. Həmçinin qeyd etdi ki, institut alimləri tərəfindən Qauss-Bernulli tipli dərin məhdud Bolsman maşınlarının modifikasiyası əsasında korporativ şəbəkələrə DDoS hücumların aşkarlanması metodu, sosial şəbəkələrin təhlükəsizliyinə olan təhdidlərin çoxmeyarlı qiymətləndirilməsi üçün model təklif olunmuş, iyerarxik idarəetmə səviyyələrində qeyri-müəyyənlik şəraitində fəaliyyət göstərən İT-mütəxəssislər əmək bazarında tələb və təklifin kəmiyyət və keyfiyyət prizmasından uyğunlaşdırılması qərarlarının dəstəklənməsi üçün model və metodlar kompleksi, eləcə də mobil hesablama buludlarının optimal sintezi üçün metod və alqoritmlər işlənilmişdir.

Alim elmi-praktiki və innovasiya fəaliyyəti çərçivəsində dövlət orqanları üçün elmi ekspertiza fəaliyyətinin həyata keçirildiyini dedi, elektron elmin formalaşması üzrə görülən işlər, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu və Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən maliyyələşdirilən layihələr, beynəlxalq qrantlarda iştirak və s. barədə ətraflı məlumat verdi.

R.Əliquliyev AzScienceNet elm kompüter şəbəkəsinin fəaliyyətindən də söz açaraq bildirdi ki, e-elmin şəbəkə platforması olan “AzScienceNet”in infrastrukturunun genişləndirilməsi, onun resurslarından səmərəli istifadə olunması, AMEA-nın bir sıra institut və təşkilatlarının kompüter şəbəkələrinin fiber optik əlaqə kanalı vasitəsi ilə AzScienceNet şəbəkəsinə qoşulması, AMEA-nın institut və təşkilatlarındayeni xidmətlərin istifadəsinin təşkili, AzEduNet təhsil şəbəkəsinin AzScienceNet-ə qoşulması, Milli GRİD Mərkəzinin fiber optik əlaqə kanalı vasitəsilə AzScienceNet şəbəkəsinə qoşulması, veb-səhifələrin təhlükəsizliyinin təmin olunması, elmi-tədqiqat institutlarının GEANT şəbəkəsinə inteqrasiyası işləri ilə bağlı ardıcıl olaraq tədbirlər həyata keçirilmişdir. Alim, həmçinin 22 iyun 2018-ci il tarixində institutda “Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiya olunmasında GEANT şəbəkəsinin rolu” mövzusunda toplantının keçirildiyini diqqətə çatdırdı.

İnstitutun Tədris-İnnovasiya Mərkəzinin fəaliyyəti haqqında ətraflı məlumat verən alim bildirdi ki, AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanları bu Mərkəzdə test texnologiyaları əsasında keçirilir. Burada, həmçinin AMEA-nın magistratura pilləsində təhsil alanlara ümumi və ixtisas fənlərinin, eləcə də seçmə (fəlsəfə) fənlərin tədrisi, respublika üzrə doktorant və dissertantlara “Elm informatikası” fənninin tədrisi təşkil olunur. Alimin sözlərinə görə, AMEA-nın elmi müəssisələrində ixtisas imtahanlarının test üsulu ilə keçirilməsinə dəstək məqsədilə “Elektron Test Sistemi” yaradılmışdır. Mərkəzdə distant tədris prosesinin də həyata keçirildiyini bildirən akademik regionların doktorant və dissertantlarının “Elm informatikası” fənnindən doktorluq imtahanlarının İnternet üzərindən onlayn şəkildə həyata keçirildiyini diqqətə çatdırdı.

Məruzəçi bu il 1166 nəfər doktorant və dissertantın “Elm informatikası” fənni üzrə kurslarda iştirak edərək imtahan verdiyini, onlardan 496 nəfərinin doktorant, 670 nəfərin isə dissertant olduğunu vurğuladı.

Alim, həmçinin il ərzində sıravi vətəndaşlar üçün müxtəlif kompüter proqramları üzrə kursların təşkil edildiyini dedi. Qeyd etdi ki, cari ildə institutun əməkdaşları üçün xarici dil kursları təşkil olunmuş və kursun sonunda onların bilikləri imtahan əsasında yoxlanılaraq qiymətləndirilmişdir.

Rəhbərlik etdiyi qurumun beynəlxalq elmi əməkdaşlıq çərçivəsində həyata keçirdiyi tədbirlər haqqında məlumat verən R.Əliquliyev 2018-ci il ərzində institutun müxtəlif beynəlxalq qurumlar və assosiasiyalarla əməkdaşlıq etdiyini, beynəlxalq layihələrdə, regional telekommunikasiya şəbəkəsinin yaradılmasında iştirak etdiyini, xarici alimlərlə birgə elmi tədqiqatların aparıldığını, xarici səfərlərin, görüşlərin keçirildiyini qeyd etdi. Bildirdi ki, cari ildə 50-dən çox ölkənin elmi qurumları ilə əməkdaşlıq əlaqələri qurulmuşdur.

İnstitut direktoru elmi biliklərin təbliği və populyarlaşdırılması ilə bağlı görülmüş işlərdən söz açaraq kütləvi informasiya vasitələri (KİV) ilə işgüzar əməkdaşlıq əlaqələrinin qurulduğunu, institutun rəhbər şəxslərinin, qabaqcıl alim və mütəxəssislərinin KİV-də çıxışlarının təşkil edildiyini, institutun rəsmi ikt.az veb-saytının və İnfoTV İnternet televiziyasının istismarı və kontent təminatının həyata keçirildiyini diqqətə çatdırdı, 2018-ci il ərzində www.ikt.az saytına müraciətlərin dinamikasını təqdim etdi.

Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.