Baş səhifə  arrow Yeniliklər arrow 2009-cu il üçün “Elektron elm” layihəsi üzrə hesabat verildi
2009-cu il üçün “Elektron elm” layihəsi üzrə hesabat verildi Print
   16 Yanvar 2010, saat 02:17
Image
Elmi fəaliyyətdə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılması, elmi təşkilat və kollektivlərin, alim və mütəxəssislərin qarşılıqlı sıx əlaqələrinin təşkili, bir sözlə vahid milli elmi informasiya fəzasının formalaşdırılması və Azərbaycan elminin beynəlxalq elmi aləmə inteqrasiyası üçün “Elektron elm” proqramının hazırlanması bütün dünyada formalaşmaqda olan informasiya cəmiyyəti dövrünün başlıca tələblərindən biridir.

Ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamı ölkədə aparılan elmi islahatlar çərçivəsində e-elm konsepsiyasının işlənməsi və həyata keçirilməsi məsələlərini bir daha aktuallaşdırmışdır.

Məlum olduğu kimi, “E-elm” proqramı layihəsinin işlənilməsi məsələləri AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən həyata keçirilir. Sözügedən layihənin rəhbəri AMEA prezidenti akademik Mahmud Kərimov, elmi məsləhətçisi isə akademik İsmayıl İbrahimovdur.

15 yanvar 2010-cu il tarixdə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin növbəti iclası keçirilmiş, digər məsələlərlə yanaşı “Elektron elm” proqramı layihəsi üzrə 2009-cu il ərzində AMEA İTİ-də görülmüş işlərin hesabatı da dinlənilmişdir.

“E-elm” proqramı haqqında iclasda çıxış edən akademik İ.İbrahimov layihənin Azərbaycan elminin inkişafı, dünyanın elm məkanına inteqrasiyası baxımından əhəmiyyətindən söhbət açmışdır. Elmi fəaliyyətin təşkili məsələlərində böyük önəm daşıyan bu kimi strateji sənədlərin qəbulunun zəruriliyini qeyd etmişdir.

Sonra AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev 2009-cu ildə “E-elm” layihəsi üzrə görülmüş işlərlə əlaqədar hesabat məruzəsi ilə çıxış etmişdir. Alim cəmiyyətin informasiyalaşdırılması və biliklər iqtisadiyyatına əsaslanan informasiya cəmiyyətinə keçid dövrünün digər sahələrlə yanaşı elmi fəaliyyətdə də qarşıya mühüm məqsəd və vəzifələr qoyduğunu bildirmişdir. R.Əliquliyev hesabat ili ərzində institutda seminarların keçirildiyini, layihənin müxtəlif aspektlərinin müntəzəm olaraq geniş müzakirə olunduğunu, alimlərin bu istiqamətdə vəzifələrinin müəyyənləşdirildiyini, müvafiq təklif və tövsiyələrin hazırlandığını qeyd etmişdir. Bildirilmişdir ki, proqramın konseptual, hüquqi, iqtisadi və texnoloji əsasları təhlil olunmuş, e-elm problemləri ilə məşğul olan beynəlxalq təşkilatlar və onların fəaliyyətləri, dünyada bu istiqamətdə gedən proseslər, qəbul olunan məqsədyönlü proqramlarla bağlı araşdırmalar aparılmışdır.

E-elmin əsas məqsədlərindən söhbət açan alim elmi fəaliyyətin müasir tələblərə uyğun təşkili və inkişaf etdirilməsi, elmi idarəetmənin təkmilləşdirilməsi, İKT-nin imkanlarından geniş istifadə, milli elmi informasiya fəzasının yaradılmasının başlıca məsələlərdən olduğunu qeyd etmişdir. R.Əliquliyev hesabat ili ərzində elmi fəaliyyətdə İKT-nin tətbiqinin monitorinqinin aparıldığını, informasiya cəmiyyətinin inkişafının indikator sistemlərinin tədqiq edildiyini, monitorinq üçün ilkin verilənlərin formalaşdırıldığını, sorğu anketinin işləndiyini və respublikanın 150-yə yaxın elmi qurumlarına göndərildiyini, monitorinq informasiya sisteminin işləndiyini bildirmişdir. O, 135 təşkilatdan məlumatların daxil olduğunu, bu məlumatların emal olunaraq, lazımi təhlillərin aparıldığını söyləmişdir.

Alim proqramın həyata keçirilməsi üzrə fəaliyyət planı (2009-2012-ci illər) və konseptual əsaslarının işləndiyini bildirmişdir. O, proqram çərçivəsində e-elmin kommunikasiya-şəbəkə infrastrukturunun formalaşdırılacağını, bunun da sayəsində maddi-texniki bazanın, elmi təşkilatların daxili kompyuter şəbəkələrinin (lokal, korporativ, intranet) yaradılması və sürətli İnternet çıxışının təmini, elmi qurumların ElmNet şəbəkəsinin yaradılması, təhlükəsizlik strategiyasının işlənməsi və beynəlxalq elmi şəbəkələrlə inteqrasiyası məsələlərinin həyata keçiriləcəyini söyləmişdir. Elmi və logistik informasiya resurslarının yaradılması, proqram vasitələrinin işlənməsi məsələləri istiqamətlərində kompleks işlərin görülməsinin qarşıda duran məsələlərdən olduğunu söyləmişdir. Eyni zamanda elmin müxtəlif sahələri üzrə onlayn mühit əsasında yeni elmi münasibətlərin (virtual elmi laboratoriyalar, kollektivlər və s.) qurulması, aparıcı elmi qurumlarla qarşılıqlı əlaqələrin təşkili, böyük hesablama və informasiya resursları tələb edən məsələlərin həlli üçün superkompyuter və Grid-texnologiyaları əsasında hesablama mühitlərinin sintezi, elmin innovasiyası və kommersiyalaşdırılması məsələlərinin həllini tapacağı bildirilmişdir.

Sonra hesabatla əlaqədar geniş müzakirələr aparılmışdır. Bölmənin büro üzvləri tərəfindən təklif və tövsiyələr irəli sürülmüşdür. Bölmə tərəfindən “E-elm” layihəsinin və onun çərçivəsində alınmış nəticələrin AMEA Rəyasət Heyətində müzakirəyə çıxarılmasına dair vəsatət qaldırılmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.