Baş səhifə  arrow Yeniliklər arrow 
E-dövlət mühitində terrorizmlə bağlı mətnlərin filtrasiyası üçün yeni yanaşma təklif olunub Print
   24 Oktyabr 2018, saat 04:05
Image
AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev və institutun doktorantı, elmi işçisi Günay Niftəliyevanın həmmüəllifi olduqları məqalə “Web of Science” elmi bazasında indeksləşən “International Journal of Cyber Warfare and Terrorism” adlı beynəlxalq jurnalda çap olunub. “Filtration of Terrorism-Related Texts in the E-Government Environment” adlı məqalə dövlətin təhlükəsizliyinin təmin olunması, e-dövlətə qarşı kiber hücumların qarşısının alınması məsələlərinə həsr olunub. Məqalədə terrorizm və İnternet, e-dövlət və Big Data analitikanın qarşılıqlı təsiri haqqında ətraflı məlumat verilib, terrorla bağlı mətnlərin e-dövlət mühitinə keçməsinin qarşısının alınması məqsədilə yeni yanaşma təklif olunub.

Təklif olunmuş yanaşmada e-dövlət mühitində istifadəçi rəyləri əsasında terrorizmlə əlaqəli fəaliyyətin müəyyən olunması nəzərdə tutulur. Bu məqsədlə “sentiment analiz”və “text mining” metodlarından istifadə olunub. Yanaşmada əvvəlcə terrorla əlaqəli sözlərdən ibarət lüğət bazası yaradılıb, daha sonra rəyləri analiz edərək onların polyarlığı yəni, müsbət, mənfi və neytral fikri ifadə etdiyi müəyyən olunub. Vaxta və yerə qənaət etmək məqsədilə yalnız mənfi fikri ifadə edən rəylərə baxılıb. Daha sonra rəy ilə terrorla əlaqəli yaradılmış lüğət bazası arasında yaxınlıq hesablanıb. Bu yaxınlıq əsasında şübhəli rəylər çoxluğu müəyyən edilib və onu yazan istifadəçilərin nəzarətə götürülməsi hədəflənib.

Məqalə Azərbaycan Respublikasının Prezident yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant layihəsi (Qrant № EİF-BGM-4-RFTF-1/2017-21/08/1) çərçivəsində hazırlanıb.

Qeyd edək ki, “International Journal of Cyber Warfare and Terrorism” jurnalı “Web of Science”, “Emerging Sources Citation Index (ESCI)”, “DBLP” “INSPEC”, “Google Scholar” və digər nüfuzlu elmi bazalarda indeksləşir. Bu jurnal kiber terrorizm, milli təhlükəsizlik, fərdlərin hüquqları, terrorizm, idarəetmə və təhlükəsizlik, təhlükəsizliyə aid etik, siyasi, hüquqi və sosial məsələlər və s. istiqamətlərdə aparılan tədqiqatları əhatə edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.