Baş səhifə  arrow Yeniliklər arrow Transliterasiya sisteminin ilkin versiyası təqdim olundu
Transliterasiya sisteminin ilkin versiyası təqdim olundu Print
   27 Sentyabr 2018, saat 04:40
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 16 saylı şöbəsinin növbəti seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev seminarın “Transliterasiya sisteminin yaradılması”na dair Fəaliyyət planı və transliterasiya sisteminin ilkin versiyasının təqdimatına həsr olunduğunu bildirdi.

Öncə institutun böyük elmi işçisi Səbinə Məmmədzadə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 23 may 2012-ci il tarixli Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində “Transliterasiya sisteminin yaradılması”na dair Fəaliyyət planını təqdim etdi.

Layihənin icrası üçün İşçi qrupun təşkil olunduğunu bildirən məruzəçi beynəlxalq standartlar əsasında transliterasiya sisteminin yaradılması məqsədilə xarici təcrübənin araşdırılması, Azərbaycanda transliterasiya sahəsində mövcud vəziyyətin öyrənilməsinin nəzərdə tutulduğunu qeyd etdi.

S.Məmmədzadənin sözlərinə görə, Azərbaycan transliterasiya sisteminin yaradılmasının konseptual və arxitektur əsaslarının, sistemin konseptual modelinin işlənilməsi, “Transliterasiya” veb-portalının hazırlanması, eləcə də ingilis, rus, alman və fransız dillərinin qrafikalarının xüsusiyyətlərinin tədqiqi də Fəaliyyət planı çərçivəsində görüləcək işlər sırasındadır.

Sonra institutun proqramçısı və dissertantı Yusif Sadıyev onlayn mühitdə işləyəcək açıq sistem olan transliterasiya sistemini təqdim edərək onun Azərbaycan, ingilis, rus, fransız, alman, fars dillərində fəaliyyət göstərəciyini söylədi, “Ana səhifə”, “Transliterasiya haqqında”, “Transliterasiya standartları”, “Transliterasiya cədvəlləri”, “Təkliflər” və “Əməkdaşlıq” bölmələrindən ibarət olacağını nəzərə çatdırdı.

Y.Sadıyev bildirdi ki, sayt vasitəsilə müvafiq sahələrin mütəxəssisləri ilə birlikdə tərtib edilmiş, Azərbaycan dilindən ingilis, rus, fransız, alman, fars dillərinə və bu dillərdən Azərbaycan dilinə transliterasiya cədvəllərini yükləmək mümkün olacaq.

Məruzəçi veb-saytda mətnlərin Azərbaycan, ingilis, rus, fransız, alman, fars dillərinə və əksinə transliterasiya olunması ilə yanaşı, qeyd olunan dillərdə fəaliyyət göstərən istənilən veb-saytın transliterasiyasının da mümkün olacağını vurğuladı: “Bunun üçün istifadəçilər saytın transliterasiyası bölməsinə daxil olaraq transliterasiya etmək istədiyi veb-saytın fəaliyyət göstərdiyi dili, onun ünvanını və transliterasiya olunacaq dili seçməlidir”.

O, həmçinin qeyd etdi ki, istifadəçilər veb-saytın forum bölməsinə daxil olmaqla transliterasiya ilə bağlı rəy və təkliflərini təqdim edə biləсəklər.

Çıxışlar ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.