Baş səhifə  arrow Yeniliklər arrow İTİ-nin İnternet Şurasının iclası keçirildi
İTİ-nin İnternet Şurasının iclası keçirildi Print
   21 Yanvar 2010, saat 02:10
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun İnternet Şurasının növbəti iclası keçirilmişdir. İclas Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasının lokal şəbəkəsinin yeni infrastrukturunun yaradılması, həmin binada yerləşən institutların İnternetlə təmini istiqamətində görülən işlər, İTİ-nin yeni İnternet Mərkəzinin yaradılması və istifadəyə verilməsi, İnternet xidmətlərinin keyfiyyətinin artırılması, kadr təminatı və s. məsələlərin müzakirəsinə həsr olunmuşdur.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev informasiya cəmiyyəti quruculuğu proseslərinin dinamik inkişafında İnternetin yaratdığı imkanların böyük önəm kəsb etdiyini söyləyərək, elmi təşkilatların daxili kompyuter şəbəkələrinin yaradılması və sürətli İnternet çıxışının təmini, o cümlədən bu elmi qurumları əhatə edən ElmNet şəbəkəsinin yaradılması və beynəlxalq elmi şəbəkələrə inteqrasiyasının həyata keçirilməsi məsələlərinin önəmliyini qeyd etmişdir.

Sonra texnika elmləri namizədi Əmiraslan Əliyev AMEA-nın Əsas binasındakı institutlarının İnternetlə təmini, AMEA şəbəkəsinin dayanıqlı fəaliyyətinin təşkili, İnternetə çıxış sürətinin, İnternet xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində görülmüş işlər haqqında məlumat vermişdir.

İTİ-nin yeni İnternet Mərkəzinin istifadəyə hazır olduğunu bildirən texnika elmləri namizədi Rəşid Ələkbərov mərkəzin müasir tələblərə cavab verən texniki avadanlıqlarla təchiz olunduğunu qeyd etmişdir. Mərkəz tərəfindən bir sıra qurumlara, o cümlədən də AMEA Kibernetika İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu, Şamaxı Astrofizika Rəsədxanasına yüksək keyfiyyətli İnternet xidmətlərinin göstərilməsinə lazımi şərait yaradılacaqdır.

Tədbirdə həmçinin kadr təminatı məsələlərinə də toxunulmuşdur. İnternet xidmətlərinin göstərilməsi işlərinin icrası, şəbəkə, sistem administratorlarının vəzifələri, görüləcək işlərlə əlaqədar lazımi tövsiyə və tapşırıqlar verilmiş, AMEA institutlarında İnternet istifadəçilərinin statistikası və monitorinqinin aparılmasına dair qərar qəbul olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.