Baş səhifə  arrow Yeniliklər arrow 
Akademik Rasim Əliquliyev: “mollanasreddin.az” portalı milli-mənəvi dəyər daşıyıcılarından biri kimi rəqəmsal abidə olacaqdır” Print
   12 İyul 2018, saat 03:33
Image
Bu gün AMEA-nın Mərkəzi Elmi Kitabxanasında AMEA Folklor İnstitutu və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə “Molla Nəsrəddin lətifələri” kitabının və “www.mollanasreddin.az” portalının təqdimat mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə türk folklorunun, eləcə də Azərbaycan xalq mədəniyyətinin dünyaya bəxş etdiyi unikal müdriklik abidələrindən olan Molla Nəsrəddinin yalnız türk və müsəlman ölkələrində deyil, Avropa və Uzaq Şərq ölkələrində də populyarlıq qazandığını bildirdi.

Akademik A.Əlizadə son illər dünyada ictimai və humanitar elmlər sahəsində folklora marağın xeyli artdığını bildirərək bu istiqamətdə multidistiplinar tədqiqatlara xüsusi önəm verildiyini diqqətə çatdırdı. “Folklor xalqın etnik yaddaşında universallaşan biliklər sistemidir”, – deyən akademik qeyd etdi ki, folklor xalq düşüncəsinin dini, mifoloji, etik, estetik və fəlsəfi istiqamətlərini əks etdirir.

Müasir qloballaşma və virtuallaşma şəraitində ənənəvi folklorun transformasiyası nəticəsində “İnternet-folklor” anlayışının meydana çıxdığını, bunun folklorun texnogen biliklər mərhələsində də gələcəyə doğru addımladığının göstəricisi olduğunu söylədi.

Cəmiyyətdə ictimai nikbinlik əhval-ruhiyyəsinin yüksəldilməsi, sosial stressin aradan qaldırılması, sivil və liberal dəyərlər əsasında kommunikativliyin gücləndirilməsi və sosial inteqrasiyanın təmin edilməsində folklorun, o cümlədən Molla Nəsrəddin lətifələrininin geniş perspektivə malik olduğunu vurğulayan A.Əlizadə Molla Nəsrəddin lətifələrinin toplanılması, sistemləşdirilməsi və araşdırılmasının əhəmiyyətini qeyd etdi. AMEA prezidenti “Molla Nəsrəddin lətifələri” kitabının, eləcə də Folklor və İnformasiya Texnologiyaları İnstitutlarının birgə əməkdaşlığı nəticəsində “www.mollanasreddin.az” portalının yaradılmasını elmi, mədəni və didaktik-tərbiyəvi baxımdan yüksək qiymətləndirdi.

Kitabı təqdim edən AMEA Rəyasət Heyətinin elmi-katibi, filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev bildirdi ki, nəşrdə ümumtürk mədəniyyətinin ortaq gülüş qəhrəmanı olan Molla Nəsrəddinlə bağlı XIX əsrin ikinci yarısından bu günə qədər Azərbaycanda nəşr olunmuş 30-a yaxın mənbədən 600-dən çox lətifə toplanılıb. Qeyd etdi ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulan topluda lətifələr mənəvi-əxlaqi və didaktik prinsiplər əsas götürülməklə xüsusi olaraq seçilib. Həmçinin dil-üslub baxımından müasir ədəbi dilin tələblərinə uyğunlaşdırılan lətifələrdə işlənən bir sıra arxaik sözlərin izahı verilib. Kitabda 48 rəngli illüstrasiya əks olunub.

Müasir dizayn və texnoloji tələblər səviyyəsində hazırlanmış “mollanasreddin.az” portalını da tədbir iştirakçılarına təqdim edən H.Quliyev burada Molla Nəsrəddin haqqında ən mühüm məlumatlar və qeyri-türk xalqları içərisində yayılmış çoxsaylı lətifələrin, bu lətifələrlə bağlı dünyanın müxtəlif dillərində olan araşdırmaların, bir sıra incəsənət sahələrində Molla Nəsrəddinlə bağlı motivlərin, eləcə də Azərbaycan milli satirik mətbuatının əsasını təşkil edən “Molla Nəsrəddin” jurnalı barədə müxtəlif formatlı elektron resursların yer aldığını diqqətə çatdırdı. H.Quliyev portalda Molla Nəsrəddin lətifələrinin, bu barədə tədqiqat əsərlərinin tapılması üçün genişləndirilmiş axtarış sistemi və interaktiv əlaqə üçün forum imkanının da yaradıldığını qeyd etdi.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə çıxış edərək bildirdi ki, bu gün sürətli sosial-iqtisadi yüksəliş yolunda olan Azərbaycan beynəlxalq miqyasda təkcə iqtisadi qüdrəti ilə deyil, həm də öz mənəvi dəyərləri, mədəni irsi ilə tanınır.

“Son iki yüz ildə Azərbaycanın dünya miqyasında neftlə müəyyənləşən geosiyasi və iqtisadi mövqeyi hazırda muğam, musiqi, idman, folklor, intellektual fəaliyyətlə müşahidə olunan mədəni liderliyə də çevrilməkdədir”, – deyə bildirən akademik Molla Nəsrəddin lətifələrinin müxtəlif məziyyətlərindən danışdı, bu lətifələrin tərbiyəvi məzmunla yanaşı, xalqımızın min illər ərzində qazandığı təcrübə və ətraf aləm haqqında bilikləri, deyim-duyumlar və ictimai münasibətləri barədə zəngin informasiya mənbəyi olduğunu qeyd etdi: “Dünyanın qlobal problemlərlə üz-üzə qaldığı bir vaxtda Molla Nəsrəddin lətifələri mövcud problemlər qarşısında çıxış yolları axtaran insanlara mənəvi və sosial münasibətlər arasında harmoniya yarada bilən müdrik modellər təqdim etmək gücündədir”.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, AMEA Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli müasir azərbaycançılıq ideologiyasının formalaşdırılması, tədqiqi və təbliğində folklorun rolundan söz açdı. O, Molla Nəsrəddinin bütün türk dünyasının ortaq mənəvi dəyəri, mədəniyyət abidəsi olduğunu qeyd edərək müasir şəraitdə bu dəyərin təbliğinin ümumictimai hadisə olduğunu qeyd etdi. Akademik bu baxımdan təqdim olunan kitabın və portalın olduqca mühüm əhəmiyyət kəsb etdiyini söylədi.

AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxış edərək Molla Nəsrəddin obrazı və onun mədəniyyətdə sahəsindəki yeri barədə danışdı. Bildirdi ki, Molla Nəsrəddinin xalq gülüş mədəniyyətinin unikal obrazlarından olması onun təbiətində bir sıra sosial, mədəni, mifoloji, dini təsisatların izlərini tapmağa imkan verir: “Bu baxımdan Molla Nəsrəddin multidistiplinar kontekstdə geniş tədqiq olunmalıdır”.

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “www.mollanasreddin.az” portalının ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın Azərbaycanın milli-mənəvi dəyərlərinin virtual məkanda əks olunması hədəflərinə uyğun olaraq hazırlandığını bildirdi.

İndiyədək Molla Nəsrəddinlə bağlı məlumatların sistemsiz şəkildə mövcud olduğunu qeyd edən akademik AMEA və SOCAR-ın milli ideologiya və milli-mənəvi dəyərlərə sahib çıxaraq kitabın və veb-portalın ərsəyə gəlməsinə böyük dəstək verdiklərini söylədi.

R.Əliquliyev minilliklər ərzində formalaşaraq meydana gəlmiş bu xalq müdrikliyi nümunələrinin toplanaraq intellektual daşıyıcılar vasitəsilə semantika və məzmun nəzərə alınmaqla modelləşdirildiyini diqqətə çatdırdı. Alim “mollanasreddin.az” portalının milli-mənəvi dəyər daşıyıcılarından biri kimi rəqəmsal abidə və bütün dünya azərbaycanlıları üçün bir töhfə olacağını vurğuladı.

Təqdimatda AMEA Rəyasət Heyətinin elmi-katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri və filologiya üzrə fəlsəfə doktoru Sönməz Abbaslı çıxış edərək Molla Nəsrəddin fenomeninə kütləvi səviyyə ilə yanaşı, intellektual səviyyədə sahiblik etməyin zəruri olduğunu bildirdilər. Qeyd olundu ki, hazırda dünyada mətn mərkəzli folklorşünaslıq paradiqmasından icra mərkəzli folklorşünaslıq paradiqmasına keçidin baş verdiyi bir şəraitdə Molla Nəsrəddin həm də sosial-antropoloji aspektlərdən təhlilə cəlb edilməlidir. Xüsusi elmi prinsiplər əsasında hazırlanmış kitab və portal bu istiqamətdə araşdırmaların aparılması üçün əlverişli şərait yaradacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.