Baş səhifə  arrow Yeniliklər arrow Elmi əsərlərdə minnətdarlıq necə ifadə edilməlidir?
Elmi əsərlərdə minnətdarlıq necə ifadə edilməlidir? Print
   12 İyul 2018, saat 04:44
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Elmi əsərlərdə minnətdarlığın ifadə edilməsi” mövzusunda seminar keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev elmi əsərlərdə minnətdarlığın ifadə edilməsinin, bu məsələ ilə bağlı beynəlxalq təcrübənin araşdırılmasının vacibliyini vurğuladı. Alim dissertasiya işləri, elmi məqalələr, eləcə də avtoreferatlarda işə töhfəsi olan şəxslərə təşəkkürün bildirilməsinin elmi etikanın tərkib hissəsi olduğunu qeyd etdi.

Sonra mövzuya dair çıxış edən institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev dünya təcrübəsindən söz açaraq tanınmış beynəlxalq jurnallarda müəllif olmayan, lakin məqalənin ərsəyə gəlməsində dəstəyi olan şəxslərə minnətdarlığın ifadə olunduğunu, bunun üçün xüsusi bölmənin nəzərdə tutulduğunu dedi. Bildirdi ki, elmi məqalələr, dissertasiya işləri, eləcə də kitabların strukturlarında “Minnətdarlıq” (“Acknowledgement”) bölməsi vacib komponentlərdən biri hesab edilir. Elmi tədqiqata dəstəyin mənəvi, maliyyə, redaktorluq, texniki, təqdimat, interaktiv müzakirə və s. kimi formaları mövcuddur.

Şöbə müdirinin sözlərinə görə, rəsmi çap edilmiş bəyanat olan “Minnətdarlıq” təqdim olunan işə töhfəsi, dəstəyi olan fərd və ya təşkilatları elmi ictimaiyyətə tanıtmaq məqsədini daşıyır. “Tədqiqata töhfələr etiraf edilməlidir”, – deyə bildirən məruzəçi elmi məqalələrdə qeyri-tədqiqat töhfələrinə minnətdarlığın ifadə edilməsinin məqsədəuyğun olmadığını vurğuladı. Bildirdi ki, müəlliflərdən başqa elmi işə istiqamət verən, müzakirələrdə iştirak edən və ya çap olunmamış nəticələrini bölüşən şəxslər, yardımçılar (assistentlər) və ya tələbələr, eləcə də laboratoriyaların texniki heyəti və digər şəxslərin töhfəsi etiraf edilməlidir.

Alim, həmçinin dünya jurnallarında çap olunmuş məqalələrdə rast gəlinən maraqlı təşəkkür nümunələri və minnətdarlıq şablonları, elmi etika, elmi etika normaları və nəticələrin çapını tənzimləyən normalara dair bir sıra məlumatları diqqətə çatdırdı. 2008-ci ildən başlayaraq, Web of Science (WoS) tərəfindən elmi məqalələrin minnətdarlıq hissəsində olan məlumatların, xüsusilə də tədqiqatı maliyyələşdirən təşkilatlar və qrant nömrələri haqqında məlumatların indeksləşdirildiyini qeyd edərək, bunun minnətdarlıq məlumatlarının elmmetrik analizinə təkan verdiyini bildirdi.

Sonda geniş fikir mübadiləsi aparıldı, məruzə seminar iştirakçılarının böyük marağına səbəb oldu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.