Baş səhifə  arrow Yeniliklər arrow Dünya şöhrətli alim Donald Knutun elmi irsinə həsr olunmuş məruzə dinlənildi
Dünya şöhrətli alim Donald Knutun elmi irsinə həsr olunmuş məruzə dinlənildi Print
   06 İyul 2018, saat 04:23
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunda dünya şöhrətli alim Donald Knutun elmi irsinə həsr olunmuş tədbir keçirildi. Seminarı giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev elm sahəsində inqilab edən, fundamental nəzəriyyələrin əsasını qoyan görkəmli alimlərin həyat və fəaliyyətinin dərindən öyrənilməsinin hər bir elm sahəsi üzrə araşdırma aparan tədqiqatçının qarşısında duran əsas vəzifələrdən olduğunu bildirdi: “Xüsusilə gənc tədqiqatçılar tanınmış alimlərin elmi yaradıcılığı ilə yaxından tanış olmalı, bu istiqamətdə ictimaiyyətin məlumatlandırılmasında fəal iştirak etməlidirlər”.

Akademik R.Əliquliyev institutun elmi seminarlarında mütəmadi olaraq dünya üzrə informasiya-kommunikasiya texnologiyasının inkişafında xüsusi xidmətləri olan alimlərin elmi fəaliyyətlərinə dair məruzələrin dinlənilməsinin zəruriliyini qeyd etdi.

Sonra institutun baş mütəxəssisi Tamilla Bayramova Donald Knutun elmi irsinə dair hazırladığı məruzəni təqdim etdi. Bildirdi ki, Stenford Universitetinin fəxri professoru, proqramlaşdırmanın ideoloqu və müəllim, 19 monoqrafiya və 160-dan çox məqalənin müəllifi olan amerikalı alim bir neçə məşhur proqramlaşdırma texnologiyasının müəllifidir.

Qeyd etdi ki, D.Knut 1938-ci il yanvarın 10-da ABŞ-ın Viskonsiya ştatının Miluoki şəhərində anadan olmuşdur. 1956-cı ildə Lüteran Litseyini bitirdikdən sonra Klivlenddə Qərbi Keyz Texnologiya İnstitutuna daxil olmuşdur.

1963-cü ildə doktorluq elmi dərəcəsini alan alim Kaliforniya Texnologiya Universitetində riyaziyyat müəllimi kimi fəaliyyətə başlamış, eyni zamanda “Burroughs Corporation” şirkətində proqram təminatının işlənilməsi zamanı yaranan problemlər üzrə məsləhətçi kimi fəaliyyət göstərmişdir.

Məruzəçinin sözlərinə görə, “Addison-Wesley” nəşriyyatı 1962-ci ildə alimə kompilyatorlar üzrə kitab yazmağı təklif etmişdir. Knutun əsas məqsədi hələ başlanğıc vəziyyətdə olan kompüter elmləri sahəsindəki metodları ümumiləşdirmək və sistemləşdirmək idi. 1965-ci ildə D.Knut “Proqramlaşdırma sənəti” adlı 12 bölmədən ibarət ilk layihəsini başa çatdırmış, “Proqramçıların bibliyası” adlı bu nəşrlər “Addison-Wesley” nəşriyyatında 1970-1980-ci illərdə ən çox satılan əsərlər olmuşdur.

T.Bayramova D.Knutun musiqi sahəsinə də böyük maraq göstərdiyini qeyd edərək bildirdi ki, alim Kaliforniyada yerləşən Menlo parkında Lüteran kilsəsi üçün 1000 trubadan ibarət barokko stilində orqanın dizayneri olmuşdur. Alim, eyni zamanda elmi fantastika nümunəsi olan “Sürrealistik ədədlər” adlı novellanın müəllifidir.

Məruzəçi Knutun Amerika İncəsənət və Elmi Akademiyası və Milli Mühəndis Elmləri Akademiyasının həqiqi üzvü, eləcə də bir sıra elmi jurnalların redaksiya heyətinin üzvü olduğunu qeyd etdi. Bildirdi ki, dünya şöhrətli alim “Qreys Myürrey Hopper”, “Türinq”, “Franklin”, “Harvi”, “Con Fon Neyman”, eləcə də elmi-populyar məqalələr seriyasına görə “Stil” mükafatına layiq görülmüşdür. Həmçinin kompüter elmlərinin əsasına töhfələrinə görə “Donald Knut adına mükafat” təsis edilmişdir.

T.Bayramova dahi alimin tanınmış əsərləri, kitabları, müəllifi olduğu konsepsiyalar haqqında da ətraflı məlumat verdi, eləcə də onun həyat və fəaliyyətinə dair maraqlı faktları diqqətə çatdırdı.

Məruzə seminar iştirakçılarının böyük marağına səbəb oldu, çoxsaylı suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.