Baş səhifə  arrow Yeniliklər arrow İnstitutun 13 saylı şöbəsində cari ildə mühüm elmi nəticələr əldə olunub
İnstitutun 13 saylı şöbəsində cari ildə mühüm elmi nəticələr əldə olunub Print
   05 İyul 2018, saat 05:32
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 13 saylı şöbəsinin 2018-ci il üçün 6 aylıq hesabatı dinlənildi. Hesabatı təqdim edən şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev cari ildə yerinə-yetirilən elmi-tədqiqat işləri haqqında məlumat verdi. Alim “Böyük verilənlər mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri”, “Mətnlərin avtomatik referatlaşdırılması üçün metodun işlənilməsi”, “Əşyaların İnterneti texnologiyalarının neft-qaz sənayesində tətbiqi problemlərinin araşdırılması”, “Sosial şəbəkə və mətnlərin intellektual analizi texnologiyalarının köməyilə elektron dövlətin tədqiqi” və “Elektron dövlətin formalaşdırılması və idarə edilməsi mexanizmlərinin işlənilməsi” mövzuları üzrə araşdırmaların aparıldığını, məqalələrin nəşr olunduğunu qeyd etdi.

Şöbə müdiri, həmçinin Big data analitikası texnologiyalarının tətbiqi ilə elektron idarəetmənin səmərəliliyinin artırılması, elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün indekslərin işlənilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə elmmetrik metod və alqoritmlərin işlənilməsi, elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi, virtual mühitdə biliklərin intellektual təqdiminin metod və alqoritmlərinin yaradılması və digər istiqamətlərdə tədqiqatların aparıldığını diqqətə çatdırdı.

Bildirdi ki, 6 ay ərzində şöbə əməkdaşları tərəfindən “Web of Science” (Clarivate Analytics) və “Scopus” (Elsevier) bazasında indeksləşən jurnallara 23 məqalə təqdim olunmuş, onlardan 14-ü artıq çap olunmuşdur. Beynəlxalq konfranslarda isə 9 konfrans materialı çap olunmuşdur.

O, şöbənin elmi-praktiki və innovativ fəaliyyəti çərçivəsində görülən işlərdən də söz açdı. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Böyük verilənlər mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri” və “Elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi”, ARDNŞ-in Elm Fondunun “Əşyaların İnterneti texnologiyalarının neft-qaz sənayesində tətbiqi problemlərinin araşdırılması” adlı qrant layihələri, eləcə də Azərbaycan-Rusiya birgə qrantı olan “Big data analitikası texnologiyalarının tətbiqi ilə elektron idarəetmənin səmərəliliyinin artırılması metodları və alqoritmlərinin işlənilməsi” layihəsi çərçivəsində elmi tədqiqatların aparıldığını diqqətə çatdırdı.

Beynəlxalq elmi əməkdaşlıqla əlaqədar həyata keçirilən tədbirlər barədə məlumat verən R.Alıquliyev Avstraliya Federasiya Universiteti, Malayziya Texnologiya Universiteti və Qazaxıstan İnformasiya və Telekommunikasiya Texnologiyaları İnstitutu ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd etdi. Bildirdi ki, bu elmi qurumların alimləri ilə birgə elmi araşdırmalar aparılmış, əməkdaşlığın nəticəsi olaraq 5 məqalə hazırlanmışdır.

Alim rəhbərlik etdiyi şöbənin elmmetrik göstəriciləri haqqında da məlumat verdi. Onun sözlərinə görə, şöbə əməkdaşlarının əsərlərinə cari ildə 165, son 5 ildə 1711, ümumilikdə isə 2701 istinad olunmuşdur.

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev şöbənin elmi fəaliyyətini yüksək qiymətləndirdi. Aparılan elmi araşdırmaların vacib problemləri əhatə etdiyini qeyd edərək tədqiqatların davam etdirilməsinin zərurliyini vurğuladı.

Hesabatla bağlı fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.