Baş səhifə  arrow Yeniliklər arrow 
“Şəbəkə təhlükəsizliyinin intellektual monitorinqi sisteminin sintezi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işi müdafiə olundu Print
   25 May 2018, saat 07:32
Image
Mayın 25-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya Şurasının növbəti iclası keçirildi. Şuranın sədr müavini Azərbaycan Respublikasının Əməkdar müəllimi, texnika elmləri doktoru, professor Ələkbər Əliyev iclasın iddiaçı Babək Nəbiyevin 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Şəbəkə təhlükəsizliyinin intellektual monitorinqi sisteminin sintezi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işinin müdafiəsinə həsr olunduğunu bildirdi.

Dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev iddiaçı B.Nəbiyevin şəxsi işində olan sənədlərlə şura üzvlərini tanış etdi.

İnstitutun sektor müdiri B.Nəbiyev dissertasiya işini təqdim edərək bildirdi ki, kompüter şəbəkələrinin miqyasının böyüməsi, şəbəkə xidmət və avadanlıqlarının sayının və funksional imkanlarının artması onun təhlükəsizliyinin təmin edilməsini çətinləşdirir. Şəbəkə təhlükəsizliyi situasiyaları haqqında dolğun informasiyanın olmaması və onlayn şəraitdə vaxt məhdudluğu qərarların qəbul olunması ilə bağlı problemlərin dərinləşməsinə səbəb olur. Onun sözlərinə görə, mövcud təhlükəsizlik sistemlərinin geniş funksional imkanlara malik olmasına baxmayaraq, kompüter şəbəkələrinin təhlükəsizliyinin təmin edilməsi böyük əmək, təcrübə və bilik tələb edir. Meydana çıxan müxtəlif növ informasiya təhlükəsizliyi hadisələrinin emalı üçün məhdud resursların effektiv paylanması və idarə olunması məsələsi qarşıda duran problemlərdəndir. Bu səbəbdən kompüter şəbəkələrinin fəaliyyəti və təhlükəsizliyi haqqında lazımi verilənlərin toplanması, analizi və şəbəkə təhlükəsizliyinin təmin edilməsi məqsədilə əsaslandırılmış qərarların qəbul edilməsi üçün verilənlərin intellektual analizi texnologiyalarından istifadə edilməsi aktuallıq kəsb edir.

Məruzəçi qeyd etdi ki, dissertasiya işinin əsas məqsədi şəbəkə təhlükəsizliyinin real vəziyyətinin operativ qiymətləndirilməsi, təhlükəsizlik siyasətinin pozulması hallarının erkən aşkarlanması və hadisələrə çevik reaksiya qərarları qəbul etməyə imkan verən intellektual monitorinq sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsidir.

O, dissertasiya işində qarşıya qoyulmuş məsələlər, işin praktiki əhəmiyyəti, elmi yeniliyi, aprobasiyası haqqında ətraflı məlumat verdi. Məruzəçi tədqiqat işində şəbəkə təhlükəsizliyinin intellektual monitorinqi sistemlərinin müasir vəziyyətinin analiz edildiyini, mövcud elmi-nəzəri problemlər və onların həlli yollarının müəyyənləşdirildiyini, şəbəkə təhlükəsizliyinin intellektual monitorinqi üçün konseptual modelin və informasiya təhlükəsizliyinin monitorinqi sistemi üçün hadisələrin emalı modelinin işlənildiyini diqqətə çatdırdı.

Məruzəçi veb-trafikdən istifadə və davranış profilinin qurulması üçün klasterizasiya metodu, DDoS hücumların aşkarlanması üçün şəbəkə trafikinin klasterizasiya metodu, presedentlər nəzəriyyəsi əsasında şəbəkə təhlükəsizliyinin monitorinqi üzrə qərarların qəbulu metodu və şəbəkə trafikinin siniflərə ayrılması üçün ikimərhələli klassifikator modelinin işlənməsinin dissertasiya işinin elmi yenilikləri olduğunu qeyd etdi. Onun sözlərinə görə, tədqiqat işində qarşıya qoyulmuş məsələlərin həlli üçün klasterizasiya, klassifikasiya, presedentlər və kütləvi xidmət nəzəriyyələrinin metodlarından istifadə olunmuşdur.

B.Nəbiyev alınmış elmi-nəzəri və praktiki nəticələrin AMEA-nın AzScienceNet şəbəkəsində informasiya təhlükəsizliyi və monitorinq sistemində tətbiq olunduğunu nəzərə çatdırdı. Bildirdi ki, alınmış nəticələrə əsaslanaraq, sistemin genişləndirilməsi və inkişafı üçün qeyd olunan şəbəkənin təhlükəsizlik xidməti yaradılmışdır. Bu xidmət AzScienceCERT adı altında Trusted İntroducer beynəlxalq təşkilatında akkreditasiyadan keçmişdir.

Sonra iddiaçı çoxsaylı sualları cavablandırdı.

Dissertasiya işinə dair elmi rəhbər AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək dissertasiya işinin əhəmiyyətini qeyd etdi. İddiaçının şəbəkə təhlükəsizliyinin intellektual monitorinqi sisteminin sintezi ilə əlaqədar paylanmış intellekt texnologiyaları əsasında apardığı tədqiqatların elm sahəsi üçün yenilik olduğunu, təklif olunan konseptual modelin, metod və alqoritmlərin böyük praktiki əhəmiyyət daşıdığını diqqətə çatdırdı.

Akademik dissertasiya işində təklif olunan metod və alqoritmlərin kompüter şəbəkələrində böyük informasiya axınının təhlükəsizlik monitorinqinin intellektual idarə olunması, bütün müraciətlərin vaxtında cavablandırılması, şəbəkə trafikinin düzgün təsnifatlandırılması üçün istifadə oluna biləcəyini diqqətə çatdırdı.

R.Şıxəliyev dissertasiya işi və avtoreferata dair daxil olmuş rəylər haqqında məlumat verdi.

Dissertasiya işi üzrə rəsmi opponentlər – AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev və texnika üzrə fəlsəfə dokrou, dosent Zəfər Cəfərov çıxış edərək dissertasiya işində əldə olunmuş nəticələrin elmi yenilik olduğunu bildirdilər. Alimlər tədqiqatın Ali Attestasiya Komissiyası tərəfindən texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyalara qoyulan tələblərə cavab verdiyini qeyd etdilər, təklif və iradlarını səsləndirdilər.

Müzakirələrdə çıxış edən institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova, texnika elmləri doktorları Ramiz Alıquliyev, Nadir Ağayev, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev çıxış edərək dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün əsaslı tədqiqatlar aparıldığını, iddiaçının müdafiə etdiyi mövzu üzrə geniş praktiki biliyə malik olduğunu bildirdilər.

İddiaçının yekun sözləri dinlənildikdən sonra gizli səsvermə keçirildi və B.Nəbiyevə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması təklif edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.