Baş səhifə  arrow Yeniliklər arrow Bibliometrik analizə həsr olunan məqalə beynəlxalq jurnalda dərc olunub
Bibliometrik analizə həsr olunan məqalə beynəlxalq jurnalda dərc olunub Print
   30 May 2018, saat 01:27
Image
AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyevin malaziyalı alimlər ilə birgə həmmüəllifi olduqları “Bibliometric Analysis of IP&M Journal (1980-2015)” adlı məqalə “Journal of Scientometric Research”də nəşr olunmuşdur.

Təqdim olunmuş məqalədə “Information Processing & Management (IP & M)” adlı jurnalın 1980-2015-ci illər üzrə bibliometrik təhlili təqdim edilmişdir. Aparılan tədqiqatlarda məqalələrin illər üzrə paylanması, onların kateqoriyalar üzrə təsnifatı, məqalələrdə müəlliflik məsələləri, əməkdaşlıq dərəcəsi, onların verdiyi töhfələr və bu töhfələrin institutlar üzrə paylanması, məqalələrin coğrafi bölgüsü və IP&M jurnalına olan istinadların sayı kimi mühüm göstəricilərin təhlili aparılmışdır. Təhlillər zamanı aydın olur ki, 1980-2015-ci illər ərzində jurnalda 2913 məqalə çap olunmuş və bunlar arasında araşdırma məqalələri (research articles) yüksək faiz (67.15%) göstəricisinə malikdir. Bununla yanaşı, müəlliflər tərəfindən məqalələrin sayına görə 24 ən məhsuldar ölkə, 10 ən məhsuldar institut və 10 ən məhsuldar müəllif müəyyənləşdirilmişdir.

Qeyd edək ki, IP&M jurnalının təhlilini apararkən əldə olunmuş bir sıra nəticələr, həmçinin, gələcəkdə aparılacaq tədqiqatlar haqqında məlumatlar məqalədə aydın şəkildə öz əksini tapmışdır.

Məqalənin nəşr olunduğu “Journal of Scientometric Research” jurnalı “Web of Science”, “CNKI”, “EBSCO Publishing’s Electronic Database”, “Exlibris”, “Google Scholar”, “Hinari”, “Infotrieve”, “Journal Guide”, “National Science Library”, “OpenJGate” və s. elmi bazalarda indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.