Baş səhifə  arrow Yeniliklər arrow 
İnstitut ilə İsveçrə və Litvanın ali məktəbləri arasında əməkdaşlıq perspektivləri müzakirə olundu Print
   18 May 2018, saat 06:17
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunda Litvanın Vilnüs Universitetinin Riyaziyyat və informatika fakültəsinin nəzdində fəaliyyət göstərən Data Science və Rəqəmsal Texnologiyalar İnstitutunun departament rəhbəri, professor Valentina Dagiene və İsveçrənin Federal Texnologiya İnstitutunun nümayəndəsi Blanka Ottilia ilə görüş keçirildi. Görüşdə Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə, institutun böyük elmi işçisi İsmayıl Sadıqov, eləcə də institutun şöbələrinin rəhbərləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və möhkəmləndirilməsinin institutun prioritet məsələlərindən olduğunu bildirdi. Rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında qonaqlara məlumat verən alim informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə aparılan elmi-tədqiqatlar, əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı görülən işlərdən söz açdı. İnstitutun AzScienceNet elm-kompüter şəbəkəsi vasitəsilə Avropa üzrə bütün elm və təhsil qurumlarına xidmət göstərən nəhəng elektron infrastruktura – GEANT layihəsinə qoşulduğunu söyləyən R.Əliquliyev GEANT Assosiasiyası vasitəsilə ölkəmizin 40-dan çox ölkə ilə əməkdaşlıq əlaqələri qurduğunu diqqətə çatdırdı.

Sonra çıxış edən V.Dagiene fəaliyyət göstərdiyi Vilnüs Universiteti haqqında məlumat verdi. Bildirdi ki, əsası 1579-cu ildə qoyulmuş universitet Şərqi Avropada ilk ali təhsil məktəbi olmuşdur. O, hazırda 23 min tələbənin təhsil aldığı universitetin Data Science və Rəqəmsal Texnologiyalar İnstitutunun informasiya və yüksək texnologiyalar sahəsi üzrə müxtəlif istiqamətlərdə fəaliyyət göstərdiyini qeyd edərək qurumda statistika və ehtimal, əməliyyatların tədqiqi, koqnitiv hesablama, kiber-sosial sistem mühəndisliyi, qlobal optimizasiya, təhsil sistemləri, blokçeyn texnologiyaları, eləcə də təsvir və siqnal analizi üzrə qruplarının mövcud olduğunu söylədi.

Qonaq kompüter elmləri və proqram mühəndisliyi sahəsində tədqiqatlar apardığını, həmçinin Vilnüsdə orta məktəb şagirdlərini beynəlxalq olimpiada və yarışlara hazırladığını söylədi.

Sonra çıxış edən İsveçrənin Federal Texnologiya İnstitutunun nümayəndəsi Blanka Ottilia uzun müddətdir ki, Vilnüs Universiteti ilə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu və bu əlaqələrin Azərbaycan elmi müəssisələri ilə yaradılmasında maraqlı olduqlarını söylədi.

Akademik Rasim Əliquliyev çıxış edərək kadr hazırlığı sahəsində Vilnüs Universiteti və İsveçrənin Federal Texnologiya İnstitutu ilə əməkdaşlıq əlaqələrinin qurulması, gənc kadrların Vilnüs Universitetinə magistratura və doktorantura təhsili alması, Vilnus Universitetinin “Web of Science” siyahısına daxil olan “İnformation in Education” jurnalında məqalələrin nəşri baxımından geniş imkanların açıldığını qeyd etdi.

Sonra Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə çıxış edərək Data Science və Rəqəmsal Texnologiyalar İnstitutu ilə elmi əməkdaşlıq əlaqələrinin qurulmasını yüksək qiymətləndirdi, bu qurumla kadr və təcrübə mübadiləsinin aparılmasının məqsədəuyğun olduğunu qeyd etdi.

İnformatika üzrə beynəlxalq “Bebras” müsabiqəsi haqqında məlumat verən R.Mahmudzadə bu müsabiqənin proqramlaşdırma tələb etmədən hələ aşağı siniflərdən şagirdlərin alqoritmik düşüncəsini qiymətləndirməyə imkan verdiyini vurğuladı. İnformatika fənninin tədrisi zamanı proqramlaşdırma ilə yanaşı, nəzəri biliklərin aşılanmasının da olduqca vacib olduğunu qeyd edərək “Bebras” müsabiqəsinin Azərbaycan məktəblərində də keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırdı.

Sonda müzakirələr aparıldı, suallar cavablandırıldı. Müzakirələrdə dünya səviyyəsində səmərəli elmi araşdırmaların aparılması və innovativ elmi nəticələrin əldə olunması baxımından bu kimi nüfuzlu elmi qurumlarla əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyi qeyd olundu.

Daha sonra qonaqlar AzScienceNet-in Verilənlərin Emalı Mərkəzinin fəaliyyəti ilə yaxından tanış oldular, burada yaradılmış innovativ şəraiti yüksək qiymətləndirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.