Baş səhifə  arrow Yeniliklər arrow 
“Ali məktəb tələbələri arasında informatika üzrə XII Ümumrespublika Olimpiadası”nın final mərhələsi keçirildi Print
   05 May 2018, saat 06:09
Image
5 may 2018-ci il tarixində AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın final mərhələsi keçirildi. 2007-ci ildən müntəzəm olaraq keçirilən tədbirin təşkilatçıları AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, AR Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutudur.

17 May – Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş olimpiadanın əsas məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq yarışlara cəlb edilməsidir.

Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev olimpiada iştirakçılarını AMEA prezidenti, akademik Akif Əlizadə və rəhbərlik etdiyi qurumun kollektivi adından salamladı. Artıq 12-ci ildir keçirilən yarışın cari ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə təsadüf etdiyini bildirdi.

Azərbaycanda elm və təhsilin inkişafına ölkə rəhbərliyi, eləcə də AMEA tərəfindən daim diqqət göstərildiyini söyləyən alim İKT-nin bu sahələrdə tətbiqinin geniş imkanlar təqdim etdiyini vurğuladı. Akademik müasir dövrdə dünyada informatika və proqramlaşdırma sahələrinin inkişaf etdirilməsinə böyük önəm verildiyini deyərək bu sahə üzrə yüksəkixtisaslı, böyük elmi-praktiki təcrübəyə malik, innovativ təfəkkürlü kadrların hazırlanmasına tələbatın olduğunu bildirdi.

R.Əliquliyev, həmçinin Azərbaycanın elm və təhsil ictimaiyyətinin müraciəti əsasında ölkə rəhbərliyi tərəfindən beynəlxalq olimpiadalarda qalib olmuş gənclərə ölkəmizin ali məktəblərinə növbədənkənar qəbul imkanlarının yaradıldığını diqqətə çatdırdı, bunu təqdirəlayiq addım kimi qiymətləndirdi.

Ölkəmizdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahələrinin inkişaf etdirilməsinə böyük önəm verildiyini söyləyən alim bu istiqamətdə mühüm tədbirlərin görüldüyünü söylədi. İnstitut direktoru kibertəhdidlərə qarşı çevik, operativ və effektli mübarizə üsullarının və bu istiqamətdə hədəf və prioritetlərin düzgün müəyyən olunmasına xidmət edən “Kibertəhlükəsizlik üzrə milli strategiya”nın hazırlanması istiqamətində işlərin görüldüyünü, müvafiq qurumlarda kibertəhlükəsizlik problemləri ilə məşğul olan mərkəzlərin fəaliyyətə başladığını, yüksək texnologiyaların tətbiq olunduğunu və kiberqoşunların yetişdirildiyini diqqətə çatdırdı.

Bu kimi müsabiqələrin təşkilinin elm və təhsilin inteqrasiyası istiqamətində həyata keçirilən mühüm tədbirlərdən olduğunu deyən R.Əliquliyev bildirdi ki, ötən 10 il ərzində hər il orta hesabla 10-15 ali təhsil müəssisəsindən 40-50 komanda (160-200 iştirakçı) olimpiadanın birinci mərhələsinə qoşulmuşdur. Bu il isə respublika üzrə 25 ali təhsil müəssisəsindən 62 komanda yarışda iştirak hüququ qazanmışdır. Paytaxt və regionlarda fəaliyyət göstərən 14 ali təhsil müəssisəsinin (Bakı Mühəndislik Universiteti, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan-Fransız Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Universiteti, Naxçıvan Dövlət Universiteti) ən yaxşı nəticə göstərən 14 komandası olimpiadanın ikinci (final) mərhələsinə vəsiqə qazanmışdır. Alim, həmçinin qeyd etdi ki, cari ildə bu yarışda müxtəlif komandaların tərkibində 25 xanım iştirakçı təmsil olunmuşdur.

Akademik bugünkü bilik yarışının həyata keçirilməsində institutun AzScienceNet elm-kompüter şəbəkəsinin resurslarından istifadə olunduğunu vurğuladı, bu şəbəkənin dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri quraraq akademiyanın institut və təşkilatlarının əməkdaşlarının dünyanın elm və təhsil şəbəkələrinin təqdim etdiyi imkanlardan yararlanmasına şərait yaratdığını diqqətə çatdırdı.

Sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış edərək qeyd etdi ki, İKT-nin dinamik inkişafı və vüsət alması ilə formalaşan informasiya cəmiyyətinin qurulmasında Azərbaycanın gələcəyi olan gənclər də yaxından iştirak etməli və ən müasir texnologiyalara yiyələnməlidirlər.

Ölkəmizdə prioritet sahələrdən olan yüksək texnologiyalar sahəsinin inkişafına dəstək üçün bu sahədə yüksəkixtisaslı kadrların yetişdirilməsinə ehtiyac duyulduğunu deyən E.Vəlizadə ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılmasına xidmət edən bilik yarışlarının keçirilməsinin təqdirəlayiq hal olduğunu bildirdi. E.Vəlizadə yarışın tələbələrin daha böyük uğurlara nail olmasına şərait yaradacağını qeyd edərək olimpiadanın ölkəmizi beynəlxalq yarışlarda təmsil etmək üçün hazırlıq xarakteri daşıdığını bildirdi, olimpiada iştirakçılarına uğurlar dilədi.

AR Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev çıxış edərək tədbir iştirakçılarını Təhsil Nazirliyinin rəhbərliyi adından salamladı. Ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin bu gün də uğurla davam etdirildiyini söyləyən Y.Piriyev bu məqsədlə mühüm tədbirlərin görüldüyünü, gənclərin xaricdə təhsil almasına dəstək verildiyini, onların fəaliyyətinin stimullaşdırılması məqsədilə Gənclər üçün Prezident Mükafatının təsis edildiyini vurğuladı.

O, bugünədək xarici ölkələrdə təhsil almış tələbələrin 10 faizini İT ixtisası üzrə təhsil alan gənclərin təşkil etdiyini qeyd edərək Azərbaycanda ölkə rəhbərliyi tərəfindən bu ixtisas üzrə təhsilin inkişafına xüsusi önəm verildiyini, cari ildən başlayaraq İT ixtisasları üzrə bakalavr pilləsinə qəbulun 1,5 dəfə artırıldığını diqqətə çatdırdı. Y.Piriyev informasiya təhlükəsizliyi sahəsinin önəmini nəzərə alaraq ölkəmizdə bu istiqamətdə qəbulun 20 yerdən 140 yerə qaldırılmasını təqdirəlayiq hal kimi qiymətləndirdi. Məruzəçi, həmçinin orta məktəb şagirdləri arasında informatika (proqramlaşdırma) üzrə hər il keçirilən ən nüfuzlu beynəlxalq yarışın – Beynəlxalq İnformatika Olimpiadasının (International Olympiad in Informatics - IOI) 2019-cu ildə Azərbaycanda keçiriləcəyini bildirdi, yüksək biliyə malik şagirdlərin bu yarışda ölkəmizi təmsil edəcəyini vurğuladı.

Çıxışının sonunda məruzəçi olimpiadaya ev sahibliyi edən İnformasiya Texnologiyaları İnstitutunun rəhbərliyinə final mərhələsini təşkil etdiklərinə görə minnətdarlığını bildirdi, iştirakçılara uğurlar arzuladı.

Heydər Əliyev Fondunun nümayəndəsi, hüquq üzrə fəlsəfə doktoru Zafiq Xəlilov çıxış edərək Heydər Əliyev Fondunun elm və təhsil sahəsində, o cümlədən müasir dövrün çağırışlarına cavab verən informasiya texnologiyaları sahəsində həyata keçirilən layihələrə daim dəstək verdiyini diqqətə çatdırdı. O, gənclərin İT-yə maraq göstərməsinin sevindirici hal olduğunu bildirərək bu kimi olimpiadaların keçirilməsinin gənclərin özünü təkmilləşdirməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini söylədi.

Olimpiadanın Münsiflər Heyətinin sədri, Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə çıxış edərək informatika və proqramlaşdırma sahəsində istedadlı tələbələrin aşkara çıxarılması və onlara dəstək verilməsi, ölkəmizin intellektual yarışlarda yüksək səviyyədə təmsil olunmasına şəraitin yaradılması baxımından olimpiadanın böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırdı. O, həmçinin qeyd etdi ki, beynəlxalq təcrübəyə malik, qabaqcıl biliklərə yiyələnmiş peşəkar kadrların ölkəmizdə fəaliyyət göstərməyə cəlb olunması bu sahənin inkişafı istiqamətində həlli vacib məsələlərdəndir.

Sonra olimpiadanın təşkilatçılarından olan Bakı Mühəndislik Universitetinin müəllimi Etibar Seyidzadə texniki məsələlər və prosedurlar haqqında ətraflı məlumat verdi. Bildirdi ki, olimpiada beynəlxalq “Ali məktəb tələbələrindən ibarət komandalar arasında proqramlaşdırma üzrə beynəlxalq olimpiada” qaydalarına əsasən keçirilir. Hər komanda 1 müəllim və 3 tələbədən (bakalavr) təşkil olunur. Hər bir ali təhsil müəssisəsi üzrə maksimum 4 komanda olimpiadanın birinci mərhələsinə buraxılır. Təhsil müəssisələrinin yalnız bir komandası olimpiadanın final mərhələsinə vəsiqə qazanır. Müsabiqə zamanı hər komandaya 5 saat ərzində 12 alqoritmik məsələni həll etmək tapşırığı verilir. Finalda ən yaxşı nəticə göstərən 4 komanda qalib elan edilir.

Daha sonra Təşkilat Komitəsinin üzvləri müsabiqənin keçirildiyi auditoriyalarda final mərhələsində iştirak edən komandalarla tanış oldular.

Qeyd edək ki, şəffaflığın təmin olunması üçün müsabiqənin gedişatına institutda quraşdırılmış video-müşahidə sistemi vasitəsilə müəllimlər tərəfindən nəzarət edilirdi.

Sonda final mərhələsinin nəticələri açıqlandı. Final mərhələsinin nəticələrinə əsasən, 1-ci yerə Bakı Mühəndislik Universitetinin “BEU Programmers”, 2-ci yerə ADA Universitetinin “ADA U1”, 3-cü yerə “Bakı Dövlət Universitetinin “BSU1”, 4-cü yerə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının “Sharper” komandaları layiq görüldülər.

Qaliblər (I-IV yerlər) 17 May – Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş tədbirdə “Nar” operatoru və “BestComp Group” şirkətinin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və diplomlarla mükafatlandırılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.