Baş səhifə  arrow Yeniliklər arrow 
Əşyaların İnterneti sahəsində aparılan araşdırmaların elmi-nəzəri nəticələri müzakirə olundu Print
   30 Aprel 2018, saat 05:26
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər barədə məlumat verdi. Tədbirin Əşyaların İnterneti (Əİ) sahəsində aparılan araşdırmaların elmi-nəzəri nəticələrinin müzakirəsinə həsr olunduğunu bildirdi.

Sonra institutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov məruzəni təqdim edərək bildirdi ki, məişət avadanlıqları, elektrik cihazları, nəqliyyat vasitələri, istehsal qurğuları, tibbi ləvazimatlar, mühafizə və nəzarət sistemlərinin İnternet şəbəkəsinə qoşulması “Əşyaların İnterneti” termininin (Internet of Things – IoT) yaranmasına gətirib çıxartmışdır.

Bu terminin 2005-ci ildə Beynəlxalq Telekommunikasiya İttifaqının analitiklər qrupunun İnternetin vəziyyətinə həsr olunmuş hesabatından sonra geniş istifadə olunmağa başlandığını söyləyən məruzəçi Əİ-yə dair ilk beynəlxalq elmi konfransın 2008-ci ildə keçirildiyini vurğuladı. Onun sözlərinə görə, 2010-cu ildə şəbəkəyə qoşulmuş əşyaların sayı tarixdə ilk dəfə dünya əhalisinin sayını ötərək hər adambaşı 1,84 ədəd təşkil etmişdir. Qeyd etdi ki, “Cisco” şirkətinin əşyaların artımına dair proqnozuna əsasən, 2020-ci ilədək qoşulmuş əşyaların sayı 50 milyarda çatacaq.

“Son dövrlər ağıllı qurğuların meydana çıxması, telekomunikasiya imkanlarının artması, bulud, Big Data texnologiyalarının meydana gəlməsi Əİ-nin sürətli inkişafına səbəb olmuşdur”, – deyə bildirən məruzəçi Əİ-nin tətbiq sahələri barədə danışdı. O, Əİ-nin kənd təsərrüfatı, neft və qaz sektoru, şəhərlər və “ağıllı” evlər, ticarət mərkəzləri, eləcə də insanlar üzərində tətbiq olunduğunu bildirdi.

M.Həşimov qeyd etdi ki, Əİ milyardlarla obyektləri İnternet üzərindən əlaqələndirmək qabiliyyətinə malik olmalıdır. “Bunun üçün isə çevik arxitektur səviyyələrinə ehtiyac duyulur”, – deyən məruzəçi Əİ-də hər bir səviyyənin öz funksiyaları və bu səviyyədə istifadə olunan cihazlar vasitəsilə müəyyən edildiyini diqqətə çatdırdı. O, sensorların illər üzrə qiyməti, temperatur və nəmişlik sensoru, tibbi sensor, sensor səviyyəsində istifadə olunan şəbəkə standartları və sensor səviyyəsinin problemlərindən söz açdı. Bildirdi ki, sensorların enerji problemlərinin olması, fiziki cəhətdən təhlükəyə məruz qalması, elektron tullantıların artması və s. sensor səviyyəndə rast gəlinən əsas problemlərdəndir. Həmçinin qeyd etdi ki, şəbəkə səviyyəsinin problemlərinə Əİ-də şəbəkə standartları ilə bağlı ümumi bir mexanizmin olmaması, şəbəkəyə kənardan müdaxilə etməklə qovşaqların sıradan çıxarılmasının mümkünlüyü, çoxsaylı sensorlardan alınan məlumatların şəbəkənin yüklənməsinə səbəb olmasını da aid etmək olar.

Sonra M.Həşimov Əİ-də mövcud olan çatışmazlıqlardan bəhs etdi. Bildirdi ki, buraya hazırda avadanlıqların nişanlanması və monitorinqi üçün heç bir beynəlxalq standartın mövcud olmaması, texnologiyanın inkişafı ilə gündəlik fəaliyyətlərdə insan müdaxiləsinin azalaraq Əİ-nin istifadəsi ilə avtomatlaşdırılması, həyatımızın getdikcə texnologiyanın nəzarəti altına alınması və digər amillər aiddir.

Daha sonra Əİ-nin təhlükəsizliyi məsələlərindən danışan məruzəçi Əİ cihazlarının 70 faizinə hücum etməyin çox asan olduğunu, buna görə də, İnternetə qoşulmuş cihazları hücumlara qarşı davamlı etmək üçün səmərəli bir mexanizmə ehtiyac yarandığını diqqətə çatdırdı.

Sonda məruzəçi Əİ sahəsində keçirilən konfranslar və dərc olunan jurnallar haqqında məlumat verdi. Həmçinin, Əİ-nin duman, şeh, Big Data və bulud texnologiyaları ilə qarşılıqlı təsirinin üstünlüklərindən danışdı.

Sonra çıxış edən akademik Rasim Əliquliyev artıq uzun müddətdir ki, rəhbərlik etdiyi elmi müəssisədə yeni elmi istiqamətlərdən olan Əşyaların İnterneti sahəsində araşdırmaların aparıldığını, müxtəlif kitab, monoqrafiya və elmi məqalələrin çap olunduğunu diqqətə çatdırdı.

Alimin sözlərinə görə, Əşyaların İnterneti təkcə sənaye sektorunda deyil, cəmiyyətin bütün fəaliyyət sferalarında, o cümlədən sosial-iqtisadi sahələrdə inqilabi dəyişikliklərə səbəb olur, yeni münasibətlər formalaşdırır.

R.Əliquliyev Əşyaların İnternetinin texnoloji, hüquqi, sosial-iqtisadi, ekoloji, etik, riyazi və s. kimi müxtəlif aspektlərinin müzakirəsi, eləcə də bu məsələlərə diqqətin cəlb edilməsi baxımından bu kimi elmi seminarların keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğuladı.

Akademik, həmçinin XXI əsrin ən mühüm çağırışlarından olan Əşyaların İnterneti sahəsi üzrə zəruri biliklərin sistemləşdirilməsi və ictimaiyyətin bu barədə məlumatlandırılmasının vacibliyini qeyd etdi.

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. Müzakirələrdə institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova və institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev, institutun şöbə müdirləri, texnika üzrə fəlsəfə doktoru, dosentlər Firudin AğayevFərhad Yusifov, institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev, institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova, institutun sektor müdirləri Sabirə OcaqverdiyevaBabək Nəbiyev iştirak etdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.