Baş səhifə  arrow Yeniliklər arrow Mobil telefonlar vasitəsilə cəmiyyətin analizi sisteminin perspektivləri araşdırılır
Mobil telefonlar vasitəsilə cəmiyyətin analizi sisteminin perspektivləri araşdırılır Print
   26 Aprel 2018, saat 05:59
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. Öncə çıxış edən AMEA-nın akademik-katibi, institutun direktoru, şöbənin rəhbəri, akademik Rasim Əliquliyev tədbirin “Mobil telefonlar vasitəsilə cəmiyyətin analizi sisteminin perspektivləri” mövzusuna həsr olunduğunu bildirdi. Alim bu kimi seminarların mütəmadi olaraq keçirilməsinin elmi-tədqiqat işlərinin səmərəliyinin artırılması və davamlı olaraq inkişafı baxımından zəruri olduğunu vurğuladı.

Məruzəni təqdim edən şöbənin əməkdaşı Fidan Sadıqova cəmiyyətdə informasiya texnologiyaları inkişaf etdikcə mobil telefonlar vasitəsilə əlaqələrin yeni tədqiqat sahələrinin yaranmasına yol açdığını söylədi, problemin aktuallığı, qoyulan məsələlər haqqında ətraflı məlumat verdi. Bildirdi ki, müxtəlif vaxt kəsimində insanlar arasındakı ünsiyyəti xarakterizə edə bilmək, onların ictimai qarşılıqlı əlaqələrini anlamaq üçün mobil telefonlarla əlaqələrin analizi böyük əhəmiyyət kəsb edir: “Bu üsulla cəmiyyətdə sosial əhəmiyyətli hadisələri aşkar etmək, proqnoz vermək və qərarlar qəbul etmək mümkündür.

Məruzəçi məsələnin həlli üçün dünya təcrübəsindən nümunələr təqdim etdi, bu sahə üzrə ən geniş yayılmış metod və alqoritmlərdən danışdı. F.Sadıqovanın sözlərinə görə, mobil telefonlar vasitəsilə mürəkkəb məlumatların analizini aparmaq üçün əldə olunan verilənləri bir şəbəkə kimi modelləşdirmək əsas şərtdir. Mobil şəbəkələrdən əldə edilən məlumatların insanları və ya coğrafi məkanları əks etdirdiyini qeyd edən məruzəçi şəbəkələrin cəmiyyətin intellektual səviyyəsinin ortaya çıxmasında boyük rol oynadığını bildirdi.

O, həmçinin mobil telefonlarla əlaqələrin analizində istifadə olunan “PageRank” alqoritminin imkanları haqqında məlumat verdi. Bildirdi ki, “PageRank” “Google” şirkətinin 2014-cü ilədək sayt sıralamasında istifadə etdiyi, veb-sayta təyin edilmiş dəyəri göstərən sadələşdirilmiş alqoritmdir. Bu dəyər xüsusi məzmun, səhifəyə verilən bağlantılar və ona istinad edən səhifələrin keyfiyyətindən asılı olaraq dəyişir.

Sonra çıxış edən akademik Rasim Əliquliyev aparılan elmi tədqiqatların səmərəliyinin artırılması üçün işlərin əməkdaşlar arasında bölünməsinin və həll yollarının dəqiqləşdirilməsinin vacib olduğunu bildirdi. Alim qeyd etdi ki, hər bir əməkdaşın tədqiqat sahəsi aydın müəyyən olunmalı və onun iş təcrübəsi, təhsili nəzərə alınmalıdır. Tədqiqata cəlb olunan əməkdaşlar bu sahəni ciddi araşdırmalı, dünya təcrübəsini öyrənməli, elmi-nəzəri əsasları dərindən mənimsəməlidirlər.

Akademik R.Əliquliyev məruzəçiyə mobil telefonların sosial şəbəkəsinin analizi ilə əlaqədar elmi əsərlərin dərindən araşdırılması və icmal xarakterli məqalənin hazırlanmasını tövsiyə etdi.

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.