Baş səhifə  arrow Yeniliklər arrow AMEA İTİ-də elmi seminar keçirildi
AMEA İTİ-də elmi seminar keçirildi Print
   25 Dekabr 2009, saat 06:36
Image
Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirildi. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verərək, elmi seminarın İTİ-nin dissertantı Şəfəqət Mahmudovanın “Fotoportret əsasında insan sifətinin identifikasiya alqoritminin və sisteminin işlənməsi” mövzusunda namizədlik dissertasiyasının və texnika elmləri namizədi Rəşid Ələkbərovun “Hesablama buludlarının müasir vəziyyəti və perspektivləri” mövzusunda məruzəsinin müzakirəsinə həsr olunduğunu bildirdi.

Ş.Mahmudova dissertasiya işini təqdim edərək, bildirdi ki, işin əsas məqsədi insanın fotoportreti əsasında insan sifətinin identifikasiyası alqoritminin və “Tanınma” avtomatlaşdırılmış identifikasiya sisteminin yaradılmasıdır. O, praktiki əhəmiyyət kəsb edən alqoritm vasitəsilə təsvirlərin işlənməsinin avtomatlaşdırılması, insanın üz cizgilərinə uyğun gələn təsvirin verilənlər bazasından operativ şəkildə axtarılması və identifikasiyası, həmin insan haqqında ona məxsus olan digər məlumatların əldə edilməsi və s. bu kimi məsələləri həll etmək üçün elmi tədqiqatların aparılmasına böyük ehtiyac olduğunu söylədi. Ş.Mahmudova elmi işində obyektlərin (əsasən insan sifətinin) ümumi tanınma metodlarının tədqiqinin, insan sifətinin identifikasiyası üçün müxtəlif dövlətlərdə yaradılmış təsvirlər bazası idarəetmə sistemlərinin müqayisəli təhlilinin aparıldığını və tətbiq imkanlarının araşdırıldığını, insan sifətinin antropometrik nöqtələrinin təyin edilməsi alqoritminin, bu nöqtələrə əsasən həndəsi xarakteristikalarının hesablanması alqoritminin, fotoportret əsasında insan sifətinin təsvirinin verilənlər bazasından axtarılması və identifikasiyası üçün alqoritmin işləndiyini, biometrik sistem olan “Tanınma” avtomatlaşdırılmış identifikasiya sisteminin yaradıldığını bildirdi.

Ş.Mahmudova, həmçinin tanınmanın antropometrik üsulu, təsvirlərin statistik tanınması, neyron şəbəkələr vasitəsilə tanınma, sifətin müəyyən olunmasında Qabor filtrlərin tətbiqi və gizli Markov modelləri, Veyvlet analizə əsaslanan metod, sifətin tanınması üçün 3D texnologiyaları haqqında məlumat verdi.

Ş.Mahmudova son dövrlərdə avtomatik tanınma sistemlərinin müxtəlif sahələrdə geniş tətbiq olunduğunu vurğulayaraq, tanınma sistemlərinin iqtisadiyyatın və elmi-texniki sahənin inkişafında mühüm rol oynadığını bildirdi. Bu sistemlərin şəxsiyyət vəsiqəsinə (pasport, sürücülük vəsiqəsi və s.) nəzarət, informasiya təhlükəsizliyi (kompyuterə, verilənlər bazasına və s. müraciət), kriminal hadisələrlə bağlı təhqiqatların aparılmasında, tibb, kənd təsərrüfatı və s. sahələrdə tətbiqinin üstünlüklərindən söhbət açdı.

Sonra R.Ələkbərov “Hesablama buludlarının müasir vəziyyəti və perspektivləri” mövzusunda məruzə ilə çıxış etdi. O, müasir dövrdə elmin müxtəlif sahələrində fiziki-kimyəvi və nüvə reaksiyaları, qlobal atmosfer proseslərinin modelləşdirilməsində, kriptoqrafiya, geologiyada və s. sahələrdə meydana çıxan böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin həllində fərdi komyuterlərin hesablama gücünün kifayət etmədiyini bildirərək, hazırda dünyada superkompyuterlərin yerinə yetirdiyi işləri həyata keçirən, eyni zamanda daha ucuz başa gələn Cloud Computing (hesablama buludları) sistemlərinin yaradılması üzrə intensiv tədqiqat işlərinin aparıldığını qeyd etdi. “Hesablama buludları” ideologiyasının əsasının 60-cı illərdə Massaçusets Texnologiya İnstitutunun professoru Con Makkartni tərəfindən qoyulduğunu bildirdi. Yaxın 5 il ərzində Cloud Computing hesablama sisteminin (kommunikasiya texnologiyasının köməyi ilə çoxsaylı kompyuterlərin resurslarının klasterləşməsi və virtuallaşdırılmasını həyata keçirməklə, istifadəçilərin verilənlərinin emalı və yadda saxlanmasına xidmət edən hesablama sistemidir) informasiya texnilogiyaları bazarının tələblərini də dəyişəcəyini bildirdi.

Məruzəçi hesablama buludları sisteminin üstünlüklərindən söhbət açaraq, bu sistemin İnternetə qoşulan fərdi kompüterlərin hesablama və yaddaş resurslarına olan təlabatı azaltması, istifadəçilərin məhdudiyyətsiz hesablama və yaddaş resursları ilə təmin olunması, verilənlərin yüksək sürətlə emalı, aparat və proqram təminatına, xidmətə və elektrik enerjisinə olan xərclərin azaldılması, məlumatların saxlanmasının fiziki təhlükəsizliyinin təmini, disk yaddaş qurğularından sərfəli istifadə (verilənlər və proqramlar “hesablama buludlarında” saxlanır), istismar olunan proqramların daimi yenilənməsi, fayl və cədvəl sənədlərinin istifadəçilər tərəfindən birgə redaktə edilməsi və s. baxımından əlverişli olduğunu bildirdi. R.Ələkbərov hesablama buludları sisteminin yaradılmasında meydana çıxan problemləri də qeyd edərək, Cloud Computing xidməti göstərən şirkətlərdən istifadəçinin verilənlərinin saxlanması məsələlərində asılılığı, yeni monopolistlərin yaranması, əlaqə kanallarının etibarlılığı, təhlükəsizliyi məsələləri, bu sahədə keyfiyyətli xidmətə zəmanət verən metodlar və standartların işlənməməsi, istifadəçilərin məlumatlarının hesablama buludlarında itdiyi halda onun bərpasının mümkünsüzlüyü və s. problemlərin həllinin zəruriliyini vurğuladı. O, həmçinin istifadəçinin kompyuterinin daim İnternet şəbəkəyə qoşulmuş vəziyyətdə və əlaqə kanalının sürətinin yüksək olmasının da mühüm şərtlərdən olduğunu vurğuladı.

R.Ələkbərov bu sahədə dünyanın müxtəlif ölkələrində əldə olunan nailiyyətlərdən də söhbət açaraq, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin zəruriliyini qeyd etdi. “Hesablama buludları” xidmətindən istifadə edən FlyMinok (ABŞ), Amazon, Google və s. kimi şirkətlər tərəfindən aparılan işlər haqqında məlumat verdi.

Elmi seminarda çıxış edən prof. Rasim Əliquliyev insan sifətinin tanınması sahəsində mövcud problemlərin həllinin müasir dövrdə hər bir ölkənin milli maraqlarının təmini baxımından mühüm əhəmiyyət kəsb edən məsələlərdən olduğunu bildirdi. Alim son onillikdə bu sahə üzrə aparılan elmi tədqiqatların sayının artdığını qeyd edərək, bunun mövcud problemin aktuallığı ilə izah olunduğunu söylədi. O, həmçinin dünyanın müxtəlif ölkələrində, xüsusən də inkişaf etmiş ölkələrdə biometrik identifikasiya sistemlərinin tətbiqi ilə əlaqədar aparılan işlər haqqında da məlumat verdi. Müxtəlif xarici şirkətlər tətəfindən öz sahiblərini əl izlərinə, səsinə və gözünün qüzehli qişasına görə tanıya bilən kompyuterlərin hazırlandığını, müxtəlif təyinatlı biometrik sistemlərin yaradıldığını bildirdi.

R.Əliquliyev böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin həllində mühüm əhəmiyyət kəsb edən Cloud Computing sistemlərinin yaradılması, tətbiqi, bu sistemlərin yaratdığı imkanlara da toxundu. O, son illərdə hesablama buludlarının ciddi texnoloji tendensiyaya çevrilməkdə olduğunu söyləyərək, mürəkkəb məsələlərin həllində istifadəsi zəruri olan bu sistemlərin dərindən araşdırılmasının vacibliyini vurğuladı.

Müzakirələrdə iştirak edən f.-r.e.n. Ramiz AlıquliyevTofiq Kazımov, t.e.n. Qəzənfər Orucov, Yadigar İmamverdiyev, Təhmasib Fətəliyev, Bikəs Ağayev və digərləri fotoşəkil əsasında insan sifətinin identifikasiyası, təsvirlərin verilənlər bazasından axtarılması, “Tanınma” avtomatlaşdırılmış identifikasiya sisteminin, o cümlədən Cloud Computing sistemlərinin yaradılmasının zəruriliyini vurğuladılar və dəyərli tövsiyyələr verdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.