Baş səhifə  arrow Yeniliklər arrow Jest informatikası ilə bağlı araşdırmalar aparılacaq
Jest informatikası ilə bağlı araşdırmalar aparılacaq Print
   10 Aprel 2018, saat 05:59
Image
Cari ildə institutun Tədris-İnnovasiya Mərkəzində (TİM) informasiyatexnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində müxtəlif mövzular üzrə tədqiqatların aparılması nəzərdə tutulur.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclasında TİM-in 2018-ci il üçün fəaliyyət planı müzakirə olundu. Planı təqdim edən Mərkəzin rəhbəri Rəsmiyyə Mahmudova öncə cari ildə yerinə yetiriləcək elmi-tədqiqat işləri haqqında məlumat verdi. Bildirdi ki, bu il jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları, intellektual oyun texnologiyalarının İnformatika fənninin tədrisinə inteqrasiyasının analizi ilə bağlı tədqiqatların aparılması nəzərdə tutulur.

R.Mahmudova 2018-ci ildə jest dilinin tarixi, inkişaf istiqamətləri və problemlərinin, eləcə də daktil jestlərin tanınması metodlarının analizi, insanın müxtəlif emosional vəziyyətlərində onun üzündəki mimikanın təhlili və sintezi məsələləri ilə bağlı araşdırmaların aparılacağını bildirdi.

Məruzəçinin sözlərinə görə, tədrisyönümlü oyunlardan, intellektual testlərdən istifadə etməklə İnformatika fənninin tədrisində olan bəzi problemlərin həlli üçün təkliflərin işlənməsi, intellektual oyunların İnformatika fənninin tədrisinə inteqrasiyasının pedaqoji və psixoloji aspektlərinin analizi də bu il görüləcək işlər sırasındadır.

TİM-in rəhbəri Mərkəzdə elmi-innovasiya fəaliyyəti çərçivəsində görüləcək işləri də diqqətə çatdırdı. Doktorant və dissertantlara “İnformatika” fənninin tədrisi və imtahanların qəbulu, distant tədris və imtahanların keçirilməsi, AMEA-nın magistratura pilləsində təhsil alan magistrlər üçün dərs və imtahanların təşkili ilə bağlı görüləcək işlər haqqında məlumat verdi.

O, hər il olduğu kimi, 2018-ci ildə də ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika Olimpiadasının keçirilməsi ilə əlaqədar tədbirlərin görüləcəyini, müəssisə və təşkilatların əməkdaşları və sıravi vətəndaşlar üçün İT-kursların təşkili və sertifikatlaşdırma ilə bağlı işlərin davam etdiriləcəyini söylədi.

R.Mahmudva cari il ərzində “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində bir sıra tədbirlərin həyata keçiriləcəyini qeyd etdi.

Həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunmuş beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri, müxtəlif təyinatlı elektron nəşrlərin hazırlanması, əldə olunmuş nəticələrin KİV-də təbliği və s. ilə bağlı görüləcək tədbirlər haqqında məlumat verdi.

Sonda fəaliyyət planı ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı. AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirdi, Mərkəzin elmi və elmi-innovasiya fəaliyyətinin daha da gücləndirilməsinə dair tapşırıqlar verdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.