Baş səhifə  arrow Yeniliklər arrow 
İnstitut ilə Xarkov Milli Radio Elektronika Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olundu Print
   12 Aprel 2018, saat 04:01
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunda Ukraynanın Tətbiqi Radio Elektronika Elmlər Akademiyasının akademiki, Xarkov Milli Radio Elektronika Universitetinin beynəlxalq əməkdaşlıq üzrə prorektoru, Azərbaycanın Əməkdar Elm Xadimi, texnika üzrə elmlər doktoru, professor Murad Ömərov ilə görüş keçirildi. Əsas məqsəd institut ilə Xarkov Milli Radio Elektronika Universiteti ilə elmi əməkdaşlıq perspektivlərinin müzakirəsi idi.

Görüşdə AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev, institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova, şöbə müdiri AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, elmi katib Mədinə Səidova və Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev iştirak edirdilər.

Öncə akademik Rasim Əliquliyev çıxış edərək elm və təhsilin inteqrasiyasına xidmət edən hər bir elmi-tədqiqat müəssisəsi üçün beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və möhkəmləndirilməsinin institutun prioritet məsələlərindən olduğunu qeyd etdi. Rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında qonağa məlumat verən alim informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə aparılan elmi-tədqiqatlar, əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı görülən işlərdən söz açdı.

Akademik Azərbaycanla Ukrayna arasında müxtəlif istiqamətlərdə – siyasi, iqtisadi, elmi və digər sahələrdə əlaqələrin mövcud olduğunu söylədi. Ukraynanın V.M.Qluşkov adına Kibernetika İnstitutu, eləcə də digər elmi-tədqiqat müəssisələri ilə elmi əməkdaşlıq istiqamətində sıx münasibətlərin mövcud olduğunu, bu əlaqələrin bu gün də davam etdirilməsinin vacib məsələlərdən olduğunu diqqətə çatdırdı.

Alim bildirdi ki, iki ölkə arasında elmi əməkdaşlıq əlaqələrinin davam etdirilməsi Azərbaycanda elm sahəsində əldə olunan nailiyyətlərin Ukrayna ictimaiyyətinə təqdim edilməsinə və diaspor fəaliyyətinin daha da güclənməsinə geniş imkanlar açır.

Sonra Murad Ömərov diaspor təşkilatının üzvü kimi müxtəlif ölkələrin təhsil müəssisələri ilə elmi əlaqələrin genişləndirilməsi, elm, təhsil layihələrinin və bu sahədə təcrübə mübadiləsinin inkişaf etdirilməsi istiqamətində gördüyü işlər haqqında məlumat verdi.

Təmsil etdiyi ölkə ilə Azərbaycan arasında elm, təhsil və mədəniyyət sahəsindəki əməkdaşlıq əlaqələrindən söz açan alim İnformasiya Texnologiyaları İnstitutu ilə elmi istiqamətdə birgə tədqiqatların aparılması və əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını bildirdi. Gələcəkdə iki ölkənin elmi müəssisələri arasında əlaqələrin davam etdirilməsi, kadr və təcrübə mübadiləsinin aparılması və birgə tədqiqatlarda iştirakın vacibliyini vurğuladı.

R.Əliquliyevin sözlərinə görə, hər iki elmi-tədqiqat müəssisəsi arasında birgə konfransların keçirilməsi və qrantlarda iştirak, kibertəhlükəsizlik və elektron təhlükəsizlik sahələrində aparılan tədqiqatlara dəstək, eləcə də jurnallarda təmsilçilik üzrə təcrübə mübadiləsinin aparılması hər iki qurumun gələcək fəaliyyətinin səmərəliliyinin artırılmasında mühüm rol oynayacaq.

Sonda müzakirələr aparıldı, suallar cavablandırıldı. İki qurum arasında elmi əlaqələrin qurulması məqsədilə memorandumun imzalanmasına dair razılıq əldə olundu.

Qeyd edək ki, Murad Ömərov 1990-cı ildən Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporunun ən fəal üzvlərindən biridir. Alimin Xarkovda Bakı mədəniyyət günlərinin keçirilməsində, azərbaycançılıq prinsiplərinin təbliğində, “Ukrayna ilə Azərbaycan arasında mədəni, iqtisadi əlaqələrin inkişafı” mövzusunda keçirilən dəyirmi masanın təşkil olunmasında və bir sıra digər irihəcmli layihələrin reallaşdırılmasında böyük töhfələri olmuşdur. Onun rəhbərlik etdiyi Ukrayna-Azərbaycan Dostluq Cəmiyyəti Xarkovdakı azərbaycanlıların təşkilatlanması, milli adət-ənənələrin qorunub saxlanması, inkişaf etdirilməsi, eləcə də iki xalq arasında mədəni-iqtisadi əlaqələrin möhkəmləndirilməsi istiqamətində bir sıra layihələr həyata keçirmişdir.

M.Ömərov Azərbaycan Prezidentinin Sərəncamına əsasən diaspor sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.