Baş səhifə  arrow Yeniliklər arrow Böyük həcmli məlumatlar toplusundan biliklərin aşkarlanması problemləri araşdırılır
Böyük həcmli məlumatlar toplusundan biliklərin aşkarlanması problemləri araşdırılır Print
   02 Aprel 2018, saat 05:23
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 13 saylı şöbəsinin 2018-ci il üçün fəaliyyət planı müzakirə olundu. Planı təqdim edən AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev rəhbərlik etdiyi şöbədə informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemləri üzrə müxtəlif aktual mövzularda aparılacaq elmi-tədqiqat işlərindən söz açdı.

R.Alıquliyev cari ildə böyük həcmli məlumatlar toplusundan biliklərin aşkarlanması problemləri üzrə institutun 1, 2 və 17 saylı şöbələri ilə birgə AR Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi “Böyük verilənlər (“big data”) mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri”, 4, 15 və 17 saylı şöbələrlə birgə isə ARDNŞ-nin Elm Fondunun maliyyələşdirdiyi “Əşyaların interneti texnologiyalarının neft-qaz sənayesində tətbiqi problemlərinin araşdırılması” qrant layihələri üzrə işlərin aparılacağını, mətnlərin avtomatik referatlaşdırılması üçün metodun işləniləcəyini diqqətə çatdırdı.

Şöbə müdiri elektron dövlətin formalaşması, idarəolunması və analizi problemləri üzrə aparılacaq tədqiqatlardan bəhs etdi. Qeyd etdi ki, bu problem üzrə “Sosial şəbəkə və mətnlərin intellektual analizi texnologiyalarının köməyilə elektron dövlətin tədqiqi” və “Elektron dövlətin formalaşdırılması və idarə edilməsi mexanizmlərinin işlənilməsi” mövzularında, eləcə də “Big data analitikası texnologiyalarının tətbiqi ilə elektron idarəetmənin səmərəliliyinin artırılması metodları və alqoritmlərinin işlənilməsi” Azərbaycan-Rusiya birgə qrantı layihəsi üzrə tədqiqatların aparılması nəzərdə tutulur.

Alim, həmçinin e-elmin formalaşması problemləri üzrə elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün indekslərin işlənilməsi və müasir informasiya texnologiyalarının tətbiqi ilə elmmetrik metod və alqoritmlərin işlənilməsi istiqamətlərində, eləcə də institutun 1, 4 və 17 saylı şöbələri ilə birgə AR Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi “Elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi” qrant layihəsi üzrə araşdırmaların aparılacağını vurğuladı.

Elektron təhsilin formalaşması, bulud texnologiyaları və dinamiki sistemlərdə identifikasiya problemləri üzrə aparılacaq tədqiqatlar barədə məlumat verən məruzəçi bu məqsədlə virtual mühitdə biliklərin intellektual təqdiminin metod və alqoritmlərinin yaradılmasının, kompüter şəbəkələrində bulud xidmətlərinin səmərəli təşkili üsullarının tədqiqinin və dinamik sistemlərdə bəzi identifikasiya və stabilizasiya məsələlərinin həll alqoritmlərinin işlənilməsinin planlaşdırıldığını söylədi.

Şöbə müdiri həmçinin qeyd etdi ki, cari ildə şöbə əməkdaşları tərəfindən 26 məqalənin və 13 konfrans materialının dərc olunması planlaşdırılır.

Şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən danışan alim 2018-ci ildə də Avstraliya Federasiya Universiteti, Malayziya Texnologiya Universiteti, Qazaxıstan Milli Texniki Universiteti ilə əməkdaşlıq münasibətlərinin davam etdiriləcəyini bildirdi.

R.Alıquliyev həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-praktiki nəticələrin КİV-də təbliği və s. ilə bağlı görüləcək işlərdən bəhs etdi.

Sonra AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin fəaliyyət planına dair təklif və tövsiyələrini səsləndirdi.

Sonda fəaliyyət planına dair fikir mübadiləsi aparıldı, suallar cavablandırıdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.