Baş səhifə  arrow Yeniliklər arrow Elektron tibb istiqamətində elmi-nəzəri problemlərin tədqiqat dairəsi genişləndirilir
Elektron tibb istiqamətində elmi-nəzəri problemlərin tədqiqat dairəsi genişləndirilir Print
   02 Aprel 2018, saat 05:08
Image
2018-ci ildə AMEA İnformasiya Texnologiyaları İnstitutunun 15 saylı şöbəsində informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənilməsi istiqamətində müxtəlif problemlər üzrə araşdırmaların aparılması nəzərdə tutulur.

Bu barədə məlumatı şöbə rəhbəri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova verib. Cari ildə şöbədə aparılacaq elmi-tədqiqat işlərini diqqətə çatdıran məruzəçi süni intellekt, sosioinformasiya texnologiyaları və e-tibb problemləri çərçivəsində tibbi sosial şəbəkələrin subyektləri arasında qarşılıqlı münasibətlərin modelləşdirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Şöbə rəhbəri bildirib ki, bu mövzu çərçivəsində tibbi sosial şəbəkələrin subyektlərinin maraq dairələrinə və müvafiq münasibətlərə görə seqmentləşdirilməsi, münasibət seqmentləri üzrə məsələlərin mahiyyətinə görə təsnifləndirilməsi və intellektual dəstək tələb edən üçün müvafiq riyazi aparatın təyin edilməsi, milli sosial media mühitində tibbi kontentlərin analizi problemlərinin həlli nəzərdə tutulur.

M.Məmmədova bildirib ki, IoT-dan istifadə etməklə yüksək riskli obyektlərdə işçilərin fiziki vəziyyətinin parametrlərinin daimi izlənilməsi intellektual monitorinq sisteminin konseptual əsaslarının işlənməsi, ölkə səviyyəsində fərdi tibbi məlumatlar infrastrukturunun formalaşdırılması və intellektual analizi üçün metodların işlənməsi, informasiya cəmiyyətinin tibbi kadrların formalaşmasına təsir modellərinin işlənməsi, habelə elektron universitetin fəaliyyət konsepsiyası, model və metodlarının hazırlanması və s. 2018-ci ildə şöbədə həyata keçiriləcək elmi-tədqiqat işləri sırasındadır.

Sonra şöbə rəhbəri elmi-innovasiya fəaliyyəti ilə bağlı görüləcək işlərdən söz açıb. Bildirib ki, hər il olduğu kimi bu il də jurnallardan göndərilmiş məqalələrə rəyin hazırlanması, “İnformasiya texnologiyaları problemləri” jurnalına qəbul olunmuş məqalələrin redaktə edilməsi, şöbə əməkdaşlarının elmi fəaliyyəti haqqında məlumatların “Vikipediya” və “Google Scholar”da yerləşdirilməsi nəzərdə tutulur.

M.Məmmədovanın sözlərinə görə, cari ildə şöbə əməkdaşlarının beynəlxalq və respublika səviyyəli elmi konfranslarda iştirakı, nüfuzlu elmi bazalarda indeksləşən jurnallarda elmi məqalələrin nəşri qarşıya qoyulan əsas hədəflərdəndir.

O, həmçinin cari il ərzində şöbədə elmi-pedaqoji və elmi təşkilati fəaliyyət, beynəlxalq elmi əməkdaşlıq, elmi-praktiki nəticələrin KİV-də təbliği çərçivəsində həyata keçiriləcək tədbirlər haqqında məlumat verib.

Sonda şöbənin fəaliyyət planına dair müzakirələr aparılıb. AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək e-tibbin müxtəlif problemlərinin, ölkə səviyyəsində fərdi tibbi məlumatlar infrastrukturunun formalaşdırılmasının həlli ilə bağlı elmi araşdırmaların davam etdirilməsinin zəruriliyini vurğuladı. Alim qeyd etdi ki, e-tibbi-demoqrafik proseslərin analizinə əhəmiyyətli təsir göstərən faktorların və əhalinin sağlamlığı haqqında informasiya mənbələrinin müəyyənləşdirilməsi və sistemləşdirilməsi, əhalinin sağlamlığının tibbi-demoqrafik aspektlərinin monitorinqinin coğrafi paylanmış sisteminin arxitektur-texnoloji prinsiplərinin işlənilməsinə xüsusi diqqət ayrılmalıdır. Alim plan üzrə təkliflərin nəzərə alınmasını və şöbədə aparılan tədqiqat işlərinin həyata keçirilməsi məqsədilə şöbənin elmi potensialının gücləndirilməsini tövsiyə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.