Baş səhifə  arrow Yeniliklər arrow 
“Qeyri-hamar relyefli ərazilərdə maye təchizatı sistemlərinin optimal idarəetmə model və alqoritmlərinin işlənməsi” mövzusunda dissertasiya işi müdafiə olundu Print
   16 Mart 2018, saat 07:37
Image
Martın 16-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya Şurasının növbəti iclası keçirildi. Tədbiri giriş sözü ilə açan şuranın sədri, AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev iclasın iddiaçı Gülnarə Abbasovanın 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Qeyri-hamar relyefli ərazilərdə maye təchizatı sistemlərinin optimal idarəetmə model və alqoritmlərinin işlənməsi” mövzusunda dissertasiya işinin müdafiəsinə həsr olunduğunu bildirdi.

Dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev iddiaçı G.Abbasovanın şəxsi işində olan sənədlərlə şura üzvlərini tanış etdi.

Dissertasiya işini təqdim edən G.Abbasova işin aktuallığı, məqsədi, elmi yeniliyi, tədqiq olunan məsələlər, tədqiqat üsulları və praktiki əhəmiyyəti barədə danışdı. Bildirdi ki, əsas məqsəd Azərbaycanın qeyri-hamar relyefli ərazilərində çay əkin sahələrinin yaradılması üçün optimal su təchizatı, suvarılması və aqrotexniki işləri təmin edən kompleks avtomatlaşdırılmış intellektual informasiya idarəetmə sisteminin sintezi üçün model və alqoritmlərin işlənməsidir.

G.Abbasova işdə Azərbaycanın qeyri-hamar relyefli ərazilərində əkin sahələrinin suvarılması üçün mövcud su mənbələrinin, suvarılma üsullarının müqayisəli təhlili əsasında aktual problemlərin araşdırıldığını, qeyri-hamar relyefli ərazilərdə avtomatlaşdırılmış su təchizatı sisteminin boru kəmərlərinin optimal marşrutunun seçilməsi və optimal iş rejimlərinin müəyyən edilməsi modellərinin işlənildiyini, qeyri-hamar relyefli ərazilərdə fəaliyyət göstərən avtomatlaşdırılmış su təchizatı sisteminin ümumi strukturu və idarəetmə alqoritminin, qeyri-hamar relyefli ərazilərdə çay plantasiyasının səmərəli suvarılmasını təmin edən qeyri-səlis idarəetmə alqoritminin işlənildiyini, eləcə də Azərbaycanın qeyri-hamar relyefli ərazilərində çay plantasiyalarının avtomatlaşdırılmış su təchizatı sisteminin işlənildiyini diqqətə çatdırdı. Həmçinin qeyd etdi ki, dissertasiya işində Azərbaycanın qeyri-hamar relyefli ərazilərində yeni çay plantasiyalarının salınması və çay kollarının yetişdirilməsi prosesinin təşkilinin intellektual informasiya idarəetmə sisteminin strukturu və proqram təminatı işlənmişdir.

Təqdimatdan sonra iddiaçı çoxsaylı sualları cavablandırdı.

Elmi rəhbər, texnika elmləri doktoru, professor Ələsgər İsgəndərov çıxış edərək dissertasiya işi ilə bağlı rəyini səsləndirdi. İşin qeyri-hamar ərazilərdə fəaliyyət göstərən sistemlərdə suyun götü­rülməsi və paylanmasını daha səmərəli təşkil edən üsullar və idarəetmə alqoritmələrinin işlənilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirdi. Dosent Ramiz Şıxəliyev dissertasiya işi və avtoreferata dair daxil olmuş rəylər haqqında məlumat verdi.

Dissertasiya işi üzrə rəsmi opponentlər – AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova və texnika üzrə fəlsəfə doktoru, dosent Nizami Cəfərov çıxış edərək dissertasiya işində əldə olunmuş nəticələrin elmi yenilik olduğunu bildirdilər, təklif və iradlarını səsləndirdilər.

Müzakirələrdə iştirak edən akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika elmləri doktoru, professor Cavanşir Məmmədov, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, texnika elmləri doktoru, professor Məhəmməd Əhmədov dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün əsaslı tədqiqatlar aparıldığını və gələcəkdə bu istiqamətdə araşdırmaların daha da dərinləşdirilməsini tövsiyə etdilər.

İddiaçının yekun sözləri dinlənildikdən sonra gizli səsvermə keçirildi və G.Abbasovaya texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması təklif edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.