Baş səhifə  arrow Yeniliklər arrow Böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması problemləri araşdırılır
Böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması problemləri araşdırılır Print
   12 Mart 2018, saat 03:24
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunda şöbələrin 2018-ci il üzrə fəaliyyət planlarının müzakirəsinə başlandı.

Öncə institutun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova 1 saylı şöbənin 2018-ci il üçün fəaliyyət planını təqdim edərək yerinə yetiriləcək elmi-tədqiqat işləri haqqında məlumat verdi.

Məruzəçi bildirdi ki, cari ildə böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması problemlərinin araşdırılması istiqamətində tədqiqatlar davam etdiriləcək. Onun sözlərinə görə, bu məqsədlə “Böyük verilənlər mühitində informasiya təhlükəsizliyinin təmin olunması metod və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri”, “DeepOil-ML: İntellektual neft mədənləri üçün Deep Learning əsasında yeni texnologiyaların işlənməsi”, “Big Data və rəqəmsal irs problemləri və onların həlli yolları”, “Big Data və proqnozlaşdırma problemləri və həlli yolları” və digər mövzular üzrə araşdırmalar aparılacaq.

M.Hacırəhimova şöbənin elmi-innovasiya fəaliyyətindən söz açaraq bildirdi ki, cari ildə şöbə əməkdaşları tərəfindən bir sıra qrant layihələr yerinə yetiriləcək, elmi-texniki ekspertiza işləri həyata keçiriləcək.

O, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, müxtəlif təyinatlı nəşrlərin hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görüləcək işlər haqqında ətraflı məlumat verdi.

Sonra fəaliyyət planına dair müzakirələr aparıldı, sual və təkliflər səsləndirildi.

AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev şöbənin fəaliyyət planına dair təkliflərini bildirdi, tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə etdi.

Sonda Elmi şuranın qərarı ilə şöbənin fəaliyyət planı təsdiq olundu.