Baş səhifə  arrow Yeniliklər arrow İnformasiya təhlükəsizliyi sahəsində tədqiqatlar davam etdiriləcək
İnformasiya təhlükəsizliyi sahəsində tədqiqatlar davam etdiriləcək Print
   12 Mart 2018, saat 03:52
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsinin 2018-ci il üçün elmi-tədqiqat planı müzakirə edildi. İnstitutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev şöbənin cari ildə elmi-tədqiqat fəaliyyəti, elmi seminarlarda və konfranslarda məruzələr, tanınmış elmi jurnallarda məqalələrin nəşri və s. ilə bağlı görüləcək işlər haqqında məlumat verdi.

Bildirdi ki, Big data mühitində informasiya təhlükəsizliyinin təmin edilməsi problemləri istiqamətində e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi modelləri və metodları, kompüter şəbəkələrinin intellektual monitorinqi metodları, bulud texnologiyalarının təhlükəsizliyinin təmin edilməsi modelləri, təşkilatlarda informasiya təhlükəsizliyinin menecmenti strategiyaları, botnetlərin aşkarlanması metodları, mobil e-imza alqoritmləri və autentifikasiya protokolları, kiber-fiziki sistemlərdə ənənəvi və hədəfyönümlü hücumların aşkarlanması metodları, kriptovalyuta sistemlərinin informasiya təhlükəsizliyinin təmin edilməsi metodları və s. sahələrdə elmi araşdırmaların aparılması planlaşdırılır. Big Data, Deep Learning, Machine Learning, Process Mining, Soft computing və s. kimi innovativ yanaşmaların əsasında müxtəlif təhdid mühitlərində informasiya təhlükəsizliyinin təmin edilməsi üçün yeni nəsil yanaşmaların, metod və alqoritmlərin işlənməsi nəzərdə tutulur.

Məruzəçi şöbə əməkdaşlarının elmi-texniki konfranslarda, seminarlarda və simpoziumlarda nəzərdə tutulan iştirakı və tanınmış elmi jurnallarda məqalələrin dərci ilə bağlı görüləcək işlər haqqında da məlumat verdi.

O, 2018-ci ilin birinci yarısında şöbədə bir fəlsəfə doktorluğu işinin dissertasiya şurasında müdafiə olunacağını və bir neçə elmlər doktoru işinin də ilin sonuna kimi başa çatdırılmasının planlaşdırıldığını bildirdi.

Məruzəçi şöbənin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondunun qrant layihələrində iştirak etdiyini diqqətə çatdırdı.

Mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı, məruzəçi çoxsaylı sualları cavablandırdı.

Sonda AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin illik planı üzrə bir sıra təklif və tövsiyələrini səsləndirdi. Alim şöbədə informasiya təhlükəsizliyi problemləri üzrə aparılan elmi-tədqiqatların səmərəliyinin artırılmasının vacibliyini vurğuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.