Baş səhifə  arrow Yeniliklər arrow Proqramlaşdırmanın elmi-nəzəri əsasları araşdırılır
Proqramlaşdırmanın elmi-nəzəri əsasları araşdırılır Print
   15 Mart 2018, saat 05:46
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunda 9 saylı şöbənin 2018-ci il üçün fəaliyyət planı müzakirə olundu. Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov rəhbərlik etdiyi şöbənin fəaliyyət planını təqdim edərək şöbədə proqramlaşdırmanın elmi-nəzəri əsasları, müxtəlif texnologiyalardan istifadə etməklə proqram təminatının məhsuldarlığının artırılması üçün metod və alqoritmlərin işlənilməsi, proqram məhsullarının etibarlılığının artırılması üçün modelin işlənilməsi, proqram mühəndisliyi sahəsində standartlar və onların tətbiq sahələrinin təhlili ilə bağlı elmi tədqiqatların aparılacağını diqqətə çatdırdı. O, həmçinin qeyd etdi ki, proqram məhsullarının verifikasiya və validasiya metodlarının müqayisəli təhlili və təsnifatı cari ildə tədqiq olunacaq mövzular arasındadır.

Bununla yanaşı, informasiya təhlükəsizliyinin təmin olunması və biometrik texnologiyaların araşdırılması problemi üzrə tədqiqatların aparılmasının nəzərdə tutulduğunu qeyd edən şöbə müdiri bu məqsədlə intellektual texnologiyaların tətbiqi ilə uşaqların İnternetdə qorunması metodlarının işlənilməsi və insanın əl damarlarının izləri əsasında tanınması üçün metod və alqoritmlərin işlənilməsi məsələlərinin araşdırılacağını söylədi.

Alim şöbənin elmi-innovasiya fəaliyyətindən bəhs edərək bir sıra qrant layihələrdə iştirakın nəzərdə tutulduğunu diqqətə çatdırdı.

O, həmçinin şöbə əməkdaşlarının beynəlxalq və respublika səviyyəli konfranslarda iştirakı, AR Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunmuş beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri, şöbənin elmmetrik göstəriciləri, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı, elmi-praktiki nəticələrin КİV-də təbliği ilə bağlı görüləcək işlər barədə məlumat verdi.

Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin fəaliyyət planı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim proqram mühəndisliyi sahəsində aparılan tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə etdi.

Sonda müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.