Baş səhifə  arrow Yeniliklər arrow 
“E-dövlət mühitində ölkələrarası inteqrasiya proseslərinin ölçülməsi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işi müzakirə olundu Print
   09 Mart 2018, saat 05:00
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirildi. Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın “Elektron dövlət mühitində ölkələrarası inteqrasiya proseslərinin ölçülməsi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda institutun şöbə müdiri Gülnarə Nəbibəyovanın dissertasiya işinin müzakirəsinə həsr olunduğunu bildirdi.

G.Nəbibəyova dissertasiya işini təqdim edərək işin məqsəd və vəzifələri, aktuallığı, elmi yeniliyi və s. haqqında ətraflı məlumat verdi. Bildirdi ki, dissertasiya işi giriş, 4 fəsil, əsas nəticələr, 140 adda ədəbiyyat siyahısı və 2 əlavədən ibarətdir. Mövzu üzrə 11 elmi məqalə çap edilmişdir.

G.Nəbibəyova qeyd etdi ki, dissertasiya işinin əsas məqsədi ölkələr arasında inteqrasiya proseslərinin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənilməsi və Qərarların Qəbulunu Dəstəkləyən Sistemlər (QQDS) çərçivəsində OLAP texnologiyaları və Verilənlər Anbarından (VA) istifadə etməklə elektron dövlət mühitində beynəlxalq inteqrasiya proseslərinin tədqiqidir.

Məruzəçi dissertasiya işində beynəlxalq inteqrasiya proseslərinin tədqiqinin müasir vəziyyətinin analizi, e-dövlət mühitində ölkələrin inteqrasiyasının tədqiqi üçün QQDS-in layihələndirilməsi, ölkələrin inteqrasiya dərəcəsinin ölçülməsi üçün metodların işlənilməsi, ölkələr arasında inteqrasiyanın tədqiqi üçün QQDS-də hazırlanmış metod və modellərin tətbiqi ilə bağlı yerinə yetirilmiş işləri diqqətə çatdırdı.

G.Nəbibəyova dissertasiya işində əldə olunmuş nəticələri təqdim etdi. Qeyd etdi ki, işdə beynəlxalq inteqrasiya proseslərinin qiymətləndirilməsinin elmi-nəzəri problemləri müəyyən edilmiş, e-dövlət mühitində ölkələrarası inteqrasiya dərəcəsinin ölçülməsi üçün indikatorlar kimi İnternetdə ölkələr arasında informasiya axınlarının həcmləri, beynəlxalq müqavilələrin və beynəlxalq görüşlərin sayı təklif olunmuşdur. Həmçinin qeyri-səlis OLAP-kubda qeyri-səlis sorğu nəticəsində qeyri-səlis kəsimin formalaşdırılması alqoritmi hazırlanmış, ölkələrin inteqrasiya dərəcəsinin təyini üçün meyarların ikisəviyyəli iyerarxiya modeli təklif olunmuş, QQDS İntellektual İnformasiya Sisteminin strukturu layihələşdirilmiş və modeli hazırlanmış, proqram reallaşdırılması yerinə yetirilmişdir.

Sonra G.Nəbibəyova dissertasiya işinə dair çoxsaylı sualları cavablandırdı.

Müzakirələrdə iştirak edən dosent Rəşid Ələkbərov, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev dissertasiya işinə dair sual və təkliflərini səsləndirdilər.

Daha sonra elmi rəhbər, AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək mövzunun aktuallığını önə çəkdi. Alim müasir dövrdə yeni informasiya texnologiyalarının tətbiqi nəticəsində elektron dövlətin konsepsiyasının fəal şəkildə işlənildiyini qeyd etdi. Elmi rəhbər e-dövlət mühitində ölkələrarası inteqrasiya proseslərinin ölçülməsi ilə əlaqədar tədqiqatların elm sahəsi üçün yenilik olduğunu, təklif olunan yanaşmaların praktiki əhəmiyyət daşıdığını diqqətə çatdırdı.

R.Əliquliyev, həmçinin dissertasiya işində inteqrasiya proseslərinin xarakteristikasının daha geniş izahının verilməsinə ehtiyac duyulduğunu vurğuladı. Dissertasiyanın müvafiq tələblərə cavab verdiyini qeyd edən alim səsləndirilən rəy və təkliflər nəzərə alınmaqla işin növbəti mərhələyə keçirilməsini təklif etdi.

Dissertasiya işinə dair təyin olunan rəyçilər – texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova və texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva çıxış edərək əsaslı tədqiqatlar aparıldığını, qarşıya qoyulmuş məsələlərin həll olunduğunu bildirdilər. Alimlər tədqiqatın Ali Attestasiya Komissiyası tərəfindən texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyalara qoyulan tələblərə cavab verdiyini qeyd etdilər, irad və təkliflərini səsləndirdilər.

Sonda Elmi şuranın qərarı ilə dissertasiya işinin yekdilliklə növbəti mərhələyə keçirilməsi tövsiyə olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.