Baş səhifə  arrow Yeniliklər arrow İnstitutun şöbə müdiri Təhmasib Fətəliyevi 70 illik yubileyi münasibətilə təbrik edirik!
İnstitutun şöbə müdiri Təhmasib Fətəliyevi 70 illik yubileyi münasibətilə təbrik edirik! Print
   06 Mart 2018, saat 11:58
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Təhmasib Fətəliyev anadan olmasının 70 illik yubileyi münasibətilə institutun Fəxri Fərmanı ilə təltif olundu.

AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev Fərmanı yubilyara təqdim edərək onu rəhbərlik etdiyi kollektiv adından təbrik etdi.

Alim T.Fətəliyevin institutda 40 ildən çoxdur ki çalışdığını, alimin bu qurumun çoxillik fəaliyyətində və inkişafında müstəsna xidmətləri olduğunu diqqətə çatdırdı. Onun zəngin elmi və praktiki fəaliyyəti ilə hər zaman rəhbərliyin diqqət mərkəzində olduğunu söylədi, yubliyara gələcək fəaliyyətində uğurlar arzuladı.

T.Fətəliyev 1970-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə təyinatla Zaqafqaziya Layihə-Montaj İşləri İdarəsində EHM-lərin quraşdırılması və sazlanması məsələləri ilə əmək fəaliyyətinə başlamışdır.

T.Fətəliyev tərəfindən ixtisaslaşdırılmış hesablama qurğularının, lokal, korporativ şəbəkə və informasiya sistemlərinin, verilənlər bazalarının layihələndirilməsi, informasiyanın emalı və böyük informasiya resurslarının saxlanılması məsələləri tədqiq olunmuş, müxtəlif təyinatlı korporativ informasiya sistemləri işlənmişdir.

Alim AMEA-nın institut və təşkilatlarını əhatə edən AzSienceNet elm kompüter şəbəkəsinin yaradılması və həmin şəbəkədə İKT-nin tətbiqi işlərində və AMEA-nın ilk www.science.az portalının layihələndirilməsində iştirak etmişdir.

O, ölkədə İnformasiya Cəmiyyəti sahəsində həyata keçirilən layihələrdə yaxından iştirak edir. “Elektron elm”in elmi-nəzəri problemlərinin tədqiqi və praktiki reallaşdırılması, elmin informasiya təminatının formalaşdırılması və elmi fəaliyyətin qiymətləndirilməsi istiqamətlərində araşdırmalar aparır. Kütləvi informasiya vasitələrində İKT və İC-nin aktual problemləri üzrə məqalələrlə çıxış edir.

100-dən çox elmi əsərin, o cümlədən 6 kitabın müəllifidir.

İnstitutun Veteranlar Şurasının sərdi və Həmkarlar Komitəsi bürosunun üzvüdür.

2005-ci ildə AMEA-nın “Fəxri Fərmanı” və 2011-ci ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.