Baş səhifə  arrow Yeniliklər arrow İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclası keçirildi
İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclası keçirildi Print
   05 Mart 2018, saat 06:26
Image
Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elmi şuranın növbəti iclası keçirildi.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələləri diqqətə çatdırdı.

Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifov çıxış edərək 2018-ci ildə AMEA İnformasiya Texnologiyaları İnstitutunda fəlsəfə və elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbul olunan iddiaçılar haqqında ətraflı məlumat verdi. Elmi şuranın qərarı ilə dissertantların elmi rəhbərləri və tədqiqat mövzuları təsdiq olundu.

İnstitut əməkdaşlarının qrant layihələrdə iştirakı ilə bağlı çıxış edən R.Əliquliyev ölkəmizdə dövlət tərəfindən maliyyələşən elm fondlarının respublikada fəaliyyət göstərən alimlərin fəaliyyətini dəstəkləmək və onlara əlavə yaradıcılıq imkanları yaratmaq məqsədilə geniş imkanlar açdıqlarını və mütəmadi olaraq müsabiqələr elan etdiklərini söylədi. Alim institut əməkdaşlarına ölkə daxilində və beynəlxalq müstəvidə təqdim olunan layihələrdə fəal iştirak etməyi, elmi fəaliyyətlərini stimullaşdırmağı və rəqabətədavamlı tədqiqatlarla məşğul olmağı tövsiyə etdi.

İnstitutun direktor müavini Şakir Mehdiyev institutun sosial şəbəkələrdə təmsil olunmasına dair çıxış etdi. Ş.Mehdiyev qurumun fəaliyyətinin sosial şəbəkələrdə təbliğatının fəal şəkildə aparılmasının vacib məsələlərdən olduğunu qeyd edərək institutun azərbaycan, rus və ingilis dillərində “Facebook” və “Twitter” səhifələrinin mövcud olduğunu söylədi. Məruzəçi, həmçinin institutun sosial şəbəkələrdə izləyicilərinin sayının artırılması istiqamətində təkliflərini səsləndirdi.

Sonra institutun bir qrup əməkdaşının dosent elmi adını alması ilə əlaqədar müraciətləri məsələsinə baxıldı. Elmi şuranın üzvləri tərəfindən səsvermə yolu ilə “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə texnika üzrə fəlsəfə doktorları Bikəs Ağayev, Rəna Qasımova, Lyudmila Suxastat, “Siyasi institutlar, etnosiyası konfliktologiya, milli və siyasi proseslər” ixtisası üzrə isə siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Həsənliyə dosent elmi adının verilməsi haqqında Ali Attestasiya Komissiyası yanında vəsatət qaldırılması tövsiyə olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.