Baş səhifə  arrow Yeniliklər arrow 
“İnformasiya cəmiyyəti şəraitində insan resurslarının idarə olunması qərarlarının qəbulunun intellektual dəstəklənməsinin elmi-metodoloji əsaslarının işlənməsi” adlı dissertasiya işi müzakirə olundu Print
   23 Fevral 2018, saat 06:00
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarının növbəti iclası keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verdi. Seminarın texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılovanın texnika üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün 1203.01 – “Kompüter elmləri” ixtisası üzrə təqdim etdiyi dissertasiya işinin müzakirəsinə həsr olunduğunu bildirdi.

Sonra dosent Z.Cəbrayılova “İnformasiya cəmiyyəti şəraitində insan resurslarının idarə olunması qərarlarının qəbulunun intellektual dəstəklənməsinin elmi-metodoloji əsaslarının işlənməsi” adlı dissertasiya işini təqdim edərək onun giriş, 5 fəsil, nəticə, 333 adda ədəbiyyat siyahısı və 7 əlavədən ibarət olduğunu bildirdi. Qeyd etdi ki, mövzu üzrə 88 elmi iş, o cümlədən 56 məqalə, 30 məruzə, 1 kitab və 1 ekspress-informasiya çap olunmuşdur.

Məruzəçi işin aktuallığı, məqsədi, məqsədə çatmaq üçün müəyyən olunmuş məsələləri diqqətə çatdırdı. Bildirdi ki, informasiya cəmiyyəti şəraitində insan iqtisadiyyatın əsas resursu və inkişaf faktor kimi çıxış edir, “insanlar hər bir dövlətin həqiqi sərvətidir və hər hansı sahədə aparılan inkişaf siyasəti məhz onlara xidmət etməlidir” tezisi ilə çıxış edən insan inkişafı konsepsiyası insan resurslarının idarə olunması (İRİO) nəzəriyyəsi və praktikasının inkişafında yeni dünya tendensiyasını formalaşdırmış və onun personalın idarə olunması paradiqmasından çoxsəviyyəli sistemdə İRİO-ya keçidinə zəmin yaratmışdır. Bu baxımdan makro, mezo və mikrosəviyyələrdə İRİO ölkənin, regionun (iqtisadiyyatın müəyyən seqmentinin, sahənin) və təşkilatın (firma, müəssisə) insan resurslarının idarə olunmasına yönəlmişdir. Məruzəçinin sözlərinə görə, bu idarəetmə səviyyələri üzrə formalaşan İRİO sisteminin məqsədi insan resurslarının formalaşması, istifadəsi və inkişafı ilə təyin olunur, onun əsas obyekti insan və onun biliyi, vərdişləri və peşəkar bacarıqları ilə təyin olunan kompetensiyalarıdır, şəxsi və davranış keyfiyyətləri, motivasiya dəyərləri, intellektual və kvalifikasiya potensialıdır. İdarəetmə fəaliyyətinin xüsusi növünə çevrilmiş İRİO-nun məqsədi konkret məsələdən asılı olaraq qoyulmuş məqsədlərə nail olmaq üçün insana, onun malik olduğu bütün dəyərlərə prioritet verən sosial yönümlü innovativ yanaşmalara istinad etməklə elmi əsaslandırılmış qərarların qəbul olunmasıdır.

Z.Cəbrayılova informasiya cəmiyyətinin məhz bu reallıqlarından çıxış edərək dissertasiya işinin məqsədinin ölkənin iyerarxik idarəetmə səviyyələri üzrə İRİO-da elmi əsaslandırılmış və praktiki əhəmiyyətli qərarların qəbulunun intellektual dəstəklənməsi üçün model, metod və instrumental vasitələrin işlənilməsindən ibarət olduğunu bildirdi.

O, dissertasiya işində əldə olunmuş nəticələri təqdim etdi. Tədqiqat işində makrosəviyyədə dövlətin insan resursları və sosial-iqtisadi siyasətini formalaşdıran qərarların qəbulunun dəstəklənməsi üçün qeyri-səlis zaman sırası modelinə əsasən demoqrafik göstəricilərin proqnozlaşdırılması metodunun təklif olunduğunu, intellektual demoqrafik proqnoz sisteminin işlənildiyini, ölkədə perspektiv məşğulluq siyasətini formalaşdıran qərarların qəbulunun dəstəklənməsi üçün əmək bazarının proqnozlaşdırlıması və planlaşdırma metodikasının işlənildiyini, qeyri-səlis relyasiya modeli əsasında əmək bazarının və onun alt sistemlərinin effektivliyinin qiymətləndirilməsi metodunun işlənildiyini nəzərə çatdırdı. O, həmçinin bildirdi ki, ölkənin aztəminatlı ailələrə, əhalinin xüsusi həssas kateqoriyalarına göstərilən yardımların obyektivlik və şəffaflıq prinsipləri əsasında ünvanlığının təmin edilməsi üçün elmi əsaslandırılmış qərarların qəbuluna yönəlmiş ailə gəlirlərinin qiymətləndirilməsi metodu işlənilmişdir. Mikrosəviyyədə təşkilatda intellektual dəstək tələb edən İRİO məsələlərini zəif strukturlu, çoxkriteriyalı qərar qəbulu məsələsi kimi xarakterizə edən spesifik cəhətlər müəyyənləşdirilmiş, məsələlərin konseptual və ümumiləşdirilmiş modeli təklif olunmuş, onların həlli üçün additiv və multiplikativ aqreqatlaşdırmaya əsaslanan qərar qəbul etmə metodları, çoxkriteriyalı optimallaşdırma metodları təklif olunmuşdur. Bununla yanaşı, informasiya cəmiyyətinin formalaşması nəticəsi olaraq yaranmış, bəzən şəbəkə təşkilatları adlanan virtual təşkilatda personalın seçilməsi üçün iyerarxik analiz metodu və multiplikativ aqreqatlaşdırma əsasında metodika təklif olunmuş, virtual təşkilatda personalın fəaliyyətinin qiymətləndirilməsi üçün paylanmış mühitdə qərar qəbulu metodları təklif edilmişdir.

Hazırda insan resurslarının əsas inkişaf göstəricilərindən olan doğulanda gözlənilən ömür uzunluğunun ölkənin strateji faktoru kimi çıxış etdiyini, onun tibbin keyfiyyət göstəricilərindən bilavasitə asılı olduğunu qeyd edən Z.Cəbrayılova mezosəviyyədə tibbi kadrların idarə olunması mexanizmlərinə dissertasiya işində xüsusi diqqət ayrıldığını, onların idarə olunması qərarlarının qəbulunun dəstəklənməsi metodları və alqoritmlərinin işlənildiyini bildirdi.

Daha sonra dissertasiya işinə dair suallar cavablandırıldı. Müzakirələrdə AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva iştirak edərək sual və təkliflərini səsləndirdilər.

Dissertasiya işinə dair elmi məsləhətçi – AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova çıxış edərək işin aktual problemlərin həllinə həsr olunduğunu bildirdi. Qeyd etdi ki, müasir dövrdə informasiya cəmiyyətinin formalaşması, qloballaşma prosesləri və yüksək texnologiyaların inkişafı insan resurslarını milli dəyərlərin istehsalı və təkrar istehsalında mühüm və başlıca faktora çevirib. İnformasiya cəmiyyətində insan resurslarının innovativ inkişaf və dövlətin rifahı ilə sıx bağlı olması innovasiya iqtisadiyyatının və biliklər iqtisadiyyatının formalaşmasında onun ən önəmli faktor kimi çıxış etməsini şərtləndirir. Bu bağlılıq İRİO-da innovativ texnologiyaların tətbiqini aktuallaşdırır, İRİO-nun konkret məsələsindən asılı olaraq müvafiq münasibətlərin tənzimlənməsi siyasətində yeni konseptual yanaşmaların və elmi əsaslandırılmış metodların işlənilməsini tələb edir.

Elmi məsləhətçi Z.Cəbrayılovanın yerinə yetirdiyi tədqiqat işinin tamamlanmış elmi-tədqiqat işi olduğunu, onun həm nəzəri və həm də praktiki baxımdan elmi maraq doğurduğunu, elmi yeniliyə və praktiki əhəmiyyətə malik olduğunu bildirdi. Alim işin yüksək elmi səviyyədə yerinə yetirildiyini, Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın 1203.01 – “Kompüter elmləri” ixtisası üzrə doktorluq dissertasiyalarına irəli sürdüyü tələblərə tam cavab verdiyini və Z.Cəbrayılovanın dissertasiya işinin müdafiəyə tövsiyə olunduğunu söylədi.

M.Məmmədova, həmçinin qeyd etdi ki, Z.Cəbrayılova 20 ilə yaxındır ki, institutun elmi seminarının katibi, institutda təsis olunan “İnformasiya texnologiyaları problemləri” jurnalının məsul redaktorudur.

Dissertasiya işinə dair təyin olunan resenzentlər – Azərbaycan Memarlıq və İnşaat Universitetinin “İnformasiya texnologiyaları və sistemləri” kafedrasının professoru, texnika üzrə elmlər doktoru Nailə Musayeva, AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, texnika üzrə elmlər doktoru Qəmbər Quluyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin doktorantura şöbəsinin müdiri, texnika üzrə elmlər doktoru, professor Lətafət Qardaşova çıxış edərək dissertasiya işində əsaslı tədqiqatlar aparıldığını, qarşıya qoyulmuş məsələlərin həll olunduğunu bildirdilər. Alimlər tədqiqatın AAK tərəfindən texnika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyalara qoyulan tələblərə cavab verdiyini qeyd etdilər, irad və təkliflərini səsləndirdilər.

Sonra akademik Rasim Əliquliyev dissertasiya işinə dair çıxış etdi. Alim dissertasiya işini yüksək qiymətləndirərək işdə ölkə səviyyəsində fundamental tədqiqatlar aparıldığını, işin tamamlanmış elmi-tədqiqat işi olduğunu və doktorluq dissertasiyalarına irəli sürülən tələblərə tam cavab verdiyini vurğuladı. Alim qeyd etdi ki, elektron infrastrukturun sintezinin həyata keçirildiyi dissertasiya işində ölkə səviyyəsində insan resurslarının iyerarxik səviyyələr üzrə idarə olunması üçün instrumental vasitələr, tətbiqi proqram dəstləri işlənmiş və tətbiq olunmuşdur.

Daha sonra səsvermə keçirildi və dissertasiya işinin yekdilliklə növbəti mərhələyə keçirilməsi tövsiyə olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.