Baş səhifə  arrow Yeniliklər arrow İnstitutda Fransız-Azərbaycan Universitetinin nümayəndələri ilə görüş keçirildi
İnstitutda Fransız-Azərbaycan Universitetinin nümayəndələri ilə görüş keçirildi Print
   07 Dekabr 2017, saat 05:23
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunda Fransız-Azərbaycan Universitetinin (French-Azerbaijani University – UFAZ) direktoru Vazeh Əsgərov və Strasburq Universitetinin ICUBE laboratoriyasının Kompleks Sistemlər və Bioinformatika qrupunun rəhbəri, UFAZ-ın Kompüter Elmləri üzrə direktoru, professor Pierre Collet ilə görüş keçirildi. Görüşdə AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev və institutun Elmi Şurasının üzvləri iştirak edirdilər.

Görüşün keçirilməsində məqsəd UFAZ və İnformasiya Texnologiyaları İnstitutu arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin müzakirəsi idi.

Tədbiri giriş sözü ilə açan akademik Rasim Əliquliyev son zamanlar ölkə rəhbərliyi tərəfindən elm və təhsilin beynəlxalq inteqrasiyasının təmin olunmasına xüsusi əhəmiyyət verildiyini qeyd edərək bu məqsədlə Fransa Respublikası və Azərbaycan Respublikası Prezidentlərinin təşəbbüsü ilə 2016-cı ildə UFAZ-ın yaradılmasını təqdirəlayiq bir addım kimi dəyərləndirdi.

Alim Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində yaradılan UFAZ-ın Fransa və Azərbaycan üçün qarşılıqlı faydalı, yüksək səviyyəli, uzunmüddətli elmi-texniki əməkdaşlıq əlaqələri yaratmaq və inkişaf etdirmək, Azərbaycanda ali təhsil sistemində edilən islahatları təşviq etmək, elm və yüksək texnologiyalar sahələrində fransız və ingilisdilli yüksək ixtisaslı kadrlar yetişdirməyi hədəflədiyini bildirdi. Akademik bu ali məktəbin gələcəkdə ölkə təhsilinə böyük töhfələr verəcəyinə əminliyini ifadə etdi.

Sonra təqdimatla çıxış edən professor P.Collet kimya mühəndisliyi, kompüter elmləri, geofizika mühəndisliyi və neft-qaz mühəndisliyi ixtisasları üzrə bakalavr pilləsində təhsilin aparıldığı UFAZ-da tələbələrin ilk dəfə 2020-ci ildə məzun olacağını və bu məzunların ADNSU ilə yanaşı, Strasburq Universiteti və ya Renn 1 Universitetinin diplomlarını əldə edəcəklərini qeyd etdi. Professor UFAZ-da magistr təhsil sisteminin təşkili məqsədilə yüksək səviyyəli tədqiqatlar aparan laboratoriyanın yaradılması zərurətinin meydana çıxdığını bildirdi, bu məqsədlə hesablama gücü 500 teraflopsa bərabər olan, dünyada superkompüterlər arasında 400-cü yerdə duran superkompüterin istismar olunmasının nəzərdə tutulduğunu söylədi.

P.Collet superkompüterin istifadəsi məsələsinin cari ilin sentyabr ayında AMEA-nın prezidenti, akademik Akif Əlizadə və Fransanın Kimyəvi Tədqiqatlar Fondunun prezidenti Bernar Menyenin başçılıq etdiyi nümayəndə heyəti arasında keçirilmiş görüş zamanı müzakirə olunduğunu xatırlatdı.

Alim GPGPU sisteminə əsaslanan bu superkompüterin “The Genetic and Evolutionary Computation Conference”da (GECCO) keçirilən yarışmada qalib elan olunduğunu diqqətə çatdırdı. Məruzəçi bu superkompüter vasitəsilə UFAZ-da süni intellekt, optimallaşdırma, modelləşdirmə, təsvirlərin emalı və s. ilə bağlı layihələrin icra olunacağını söylədi.

Daha sonra UFAZ-ın direktoru Vazeh Əsgərov çıxış edərək rəhbərlik etdiyi universitetin Azərbaycanla yanaşı, bütün regionda xüsusi əhəmiyyətə malik ali təhsil müəssisələrindən olduğunu vurğuladı. UFAZ-ın Azərbaycan Respublikası vətəndaşlarına ölkəni tərk etmədən Fransanın tədris və elmi standartlarına uyğun ali təhsili almaq imkanı yaratdığını önə çəkən V.Əsgərov bu universitetin tələbələrinin Strasburq və Renn 1 universitetlərinin zəngin elektron kitabxanaları, həmçinin müasir laboratoriyaları sayəsində texniki elmlər üzrə yüksək səviyyədə təhsil almaq imkanı əldə etdiklərini söylədi.

Görüşdə UFAZ-da istismarı nəzərdə tutulan superkompüterin Data Mərkəzlə əlaqələndirilməsi və genişzolaqlı İnternet trafiki ilə təmin olunması istiqamətində İnformasiya Texnologiyaları İnstitutu ilə əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı müzakirələr aparıldı. Gələcəkdə bu sahədə ikitərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulandı. Təklif olundu ki, qeyd olunan superkompüterin AzScienceNet şəbəkəsinə qoşularaq Avropanın Elm və Təhsil Şəbəkələrinə çıxışı (GEANT) və AMEA-nın AzScienceNet şəbəkəsinin Data Mərkəzinin imkanlarından istifadəsi təmin edilsin. Bununla, həmçinin AMEA alimlərinin AzScienceNet üzərindən UFAZ-da quraşdırılması nəzərdə tutulan superkompüterin imkanlarından yararlanması mümkün olacaq.

Sonda qonaqlar AzScienceNet şəbəkəsinin Data Mərkəzinin fəaliyyəti ilə yaxından tanış oldular, onlara mərkəzin imkanları barədə ətraflı məlumat verildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.