Baş səhifə  arrow Yeniliklər arrow AMEA-nın nümayəndə heyəti Əlcəzairdə rəsmi səfərdədir
AMEA-nın nümayəndə heyəti Əlcəzairdə rəsmi səfərdədir Print
   30 Noyabr 2017, saat 12:00
Image
AMEA prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Əlcəzair Xalq Demokratik Respublikasında rəsmi səfərdədir. Səfərdə AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev də iştirak edir.

27-30 noyabr 2017-ci il tarixlərdə baş tutan səfər çərçivəsində akademik Akif Əlizadə Əlcəzair Respublikasının baş naziri cənab Əhməd Ouyaxiya, Əlcəzair Respublikasının Ali Təhsil və Elmi Tədqiqatlar naziri cənab Taxar Hədcər, Əlcəzair Elm və Texnologiya Akademiyasının prezidenti, prof. xanım Malikə Allab-Yaker, Elm və Texnologiya Universitetinin rektoru, professor Səidi Mühəmmədi və həmin universitetin müəllim heyəti ilə görüşüb.

Görüşlərdə Azərbaycanda elm, təhsil və yüksək texnologiyalar sahəsində dövlət siyasəti, AMEA-da həyata keçirilən layihələr və aparılan elmi tədqiqatlar haqqında ətraflı məlumat verilib.

Tərəflər arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Avropa Birliyinin “Erasmus”, “Horizon-2020” və digər beynəlxalq proqramları üzrə birgə layihələrin həyata keçirilməsi qərara alınıb.

Həmçinin riyaziyyat, fizika, seysmologiya, qədim əlyazmaların tədqiqi, informasiya texnologiyaları və bir sıra digər elm sahələrinin prioritet istiqamətləri müzakirə edilib.

Elm və Texnologiya Universitetinin rektoru, professor Səidi Məhəmmədi və həmin ali məktəbin professor heyətilə görüşdə akademik A.Əlizadə gənc yüksəkixtisaslı kadrların hazırlanması, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi məqsədilə AMEA-da təşkil olunmuş magistratura pilləsi haqqında məlumat verib. O, Əlcəzairin Elm və Texnologiya Universiteti və AMEA arasında doktorant və gənc magistrantların mübadiləsinin həyata keçirilməsinin mümkünlüyünü qeyd edib. AMEA nümayəndə heyəti, həmçinin Əlcəzairin Yüksək Texnologiyaların İnkişaf Mərkəzi və paraseysmik tədqiqatlar laboratoriyası ilə tanış olub.

Səfər çərçivəsində AMEA və Əlcəzair Elm və Texnologiya Akademiyası arasında elmi və texnoloji əlaqələrin təşkili və genişləndirilməsini nəzərdə tutan memorandum imzalanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.