Baş səhifə  arrow Yeniliklər arrow İnformasiya mədəniyyətinin formalaşması problemləri tədqiq olunub
İnformasiya mədəniyyətinin formalaşması problemləri tədqiq olunub Print
   18 Noyabr 2017, saat 04:24
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunda qurumun Tədris-İnnovasiya Mərkəzinin (TİM) 2017-ci il üçün hesabatı müzakirə olundu. TİM-in rəhbəri Rəsmiyyə Mahmudova öncə cari ildə mərkəzdə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında məlumat verdi. O, informasiya mədəniyyətinin formalaşması problemləri üzrə fərdlərin informasiya mədəniyyətinin ölçülməsi və qiymətləndirilməsi üçün metodların işlənildiyini bildirdi.

R.Mahmudova e-təhsil problemləri üzrə intellektual oyunlardan istifadə etməklə orta məktəblərdə informatika təliminin keyfiyyətinin yüksəldilməsi ilə bağlı araşdırmaların aparıldığını diqqətə çatdırdı. Bu istiqamətdə intellektual oyunların növləri, funksiyaları və tədris prosesinə tətbiqi məsələləri, informatika fənninin tədrisi zamanı meydana çıxan problemlərin analız olunduğunu və bu fənnin tədrisində intellektual oyunlardan istifadə etməklə şagirdlərin idrak fəallığının artırılması üçün təklif və tövsiyyələrin işləndiyini söylədi. Həmçinin qeyd etdi ki, jest dilinin problemlərinin araşdırılması istiqamətində müxtəlif ölkələrdə jest dilinin tədrisi məsələləri müqayisəli analiz olunmuş, eşitmə əngəlli insanların cəmiyyətə inteqrasiyası problemləri tədqiq olunmuşdur.

TİM-in rəhbəri mərkəzin elmi-innovasiya və praktiki fəaliyyətindən bəhs edərək mərkəzdə respublika üzrə doktorant və dissertantlara informatika fənninin tədrisi və imtahanların qəbulunun aparıldığını vurğuladı. Məruzəçinin sözlərinə görə, 2017-ci il ərzində mərkəzdə respublikanın elm və təhsil müəssisələrindən 1247 doktorant və dissertant “İnformatika” fənni üzrə təşkil olunmuş kurslarda iştirak etmiş və doktorluq imtahanı vermişdir. Regionlarda yaşayan doktorant və dissertantlar isə İnternet üzərindən distant formada imtahan vermişdir.

R.Mahmudova hesabat ilində, həmçinin AMEA-nın institut və təşkilatlarının doktoranturasına fəlsəfə fənni üzrə qəbul və doktorluq imtahanları, institutun doktoranturasına qəbul və ixtisas imtahanları, eləcə də AMEA magistrantları üçün ümumi fənlər üzrə dərs və imtahanların yüksək səviyyədə təşkili işlərinin həyata keçirildiyini bildirdi.

Qeyd etdi ki, AMEA-nın elmi müəssisələrinin imtahanların təşkilinə məsul əməkdaşları üçün treninq keçirilmiş və onların bilikləri imtahan əsasında sertifikatlaşdırılmışdır. Bununla yanaşı, mərkəz tərəfindən cari ildə də müxtəlif proqramlar üzrə fərdi dərslər və imtahanlar, eləcə də ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi təşkil edilmiş, TİM-in veb-saytının hazırlanması və mərkəzin yeni fəaliyyət prioritetlərinin müəyyən olunması istiqamətlərində işlər görülmüşdür.

TİM-in rəhbəri müəssisə və təşkilatların əməkdaşları və sıravi vətəndaşlar üçün İT-kursların təşkili və sertifikatlaşdırma ilə bağlı işlərin cari ildə də davam etdirildiyini nəzərə çatdırdı.

Məruzəçi, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunmuş beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri, müxtəlif təyinatlı elektron nəşrlərin hazırlanması, əldə olunmuş nəticələrin KİV-də təbliği və s. ilə bağlı yerinə yetirilmiş işlər barədə ətraflı məlumat verdi.

Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev şöbənin hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim mərkəzin elmi fəaliyyətinin daha da gücləndirilməsini tövsiyə etdi.

Mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.