Baş səhifə  arrow Yeniliklər arrow “İnstitutda aparılan tədqiqatlar Dünya Elm Forumunun çağırışlarına cavab verir”
“İnstitutda aparılan tədqiqatlar Dünya Elm Forumunun çağırışlarına cavab verir” Print
   15 Noyabr 2017, saat 04:30
Image
Bu fikri AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev institutun Elmi şurasının iclasında İordaniyada keçirilmiş “Dünya Elm Forumu” haqqında çıxış edərkən səsləndirib.

Alim Yaxın Şərqin ən böyük elm toplantısı hesab edilən bu Forumun əhəmiyyətini önə çəkərək, tədbirin həm elmi, həm də texniki cəhətdən yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Bildirib ki, müxtəlif ölkələrdən 3000-ə yaxın alim və mütəxəssisin toplaşdığı Forumda dünya elminin prioritetləri və çağırışları, elm və texnikanın inkişafındakı yeni amillərə dair müzakirələr aparılıb. Akademik rəhbərlik etdiyi qurumda aparılan tədqiqatların Dünya Elm Forumunun çağırışlarına cavab verdiyini vurğulayıb.

R.Əliquliyevin sözlərinə görə, dünya alimləri Forumda rəqəmsal dəyişikliklər, IV sənaye inqilabı, Big data, Əşyaların İnterneti, rəqəmsal iqtisadiyyat və digər mövzularda geniş fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, akademik R.Əliquliyev 7-10 noyabr tarixlərində İordaniyada keçirilmiş Dünya Elm Forumunda AMEA prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.