Baş səhifə  arrow Yeniliklər arrow Mətnlərin avtomatik referatlaşdırılması üçün metodlar işlənilir
Mətnlərin avtomatik referatlaşdırılması üçün metodlar işlənilir Print
   26 Oktyabr 2017, saat 03:46
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 13 saylı şöbəsinin 2017-ci il üçün hesabatı dinlənildi. Hesabatı təqdim edən AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev rəhbərlik etdiyi şöbədə informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemləri üzrə müxtəlif aktual mövzularda aparılmış elmi-tədqiqat işlərindən söz açdı.

R.Alıquliyev şöbədə böyük verilənlərin (Big Data) klasterləşdirilməsi, mətnlərin avtomatik referatlaşdırılması üçün metodların işlənilməsi, böyük verilənlər mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi, sosial şəbəkə və mətnlərin intellektual analizi texnologiyalarının köməyilə elektron dövlətin tədqiqi mövzuları üzrə araşdırmaların aparıldığını və əldə olunan nəticələrin nüfuzlu jurnallarda dərc olunduğunu diqqətə çatdırdı.

Alim e-elmin formalaşması problemləri istiqamətində elmi jurnal və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün indekslərin işlənilməsi ilə bağlı 12 saylı şöbə ilə birgə araşdırmaların aparıldığını qeyd etdi. O, həmçinin e-təhsilin formalaşması problemləri üzrə virtual mühitdə biliklərin qiymətləndirilməsi üçün intellektual metod və alqoritmlərin işlənilməsi, qazlift quyularında qaldırıcı boruların müxtəlif hissələrində hidravlik müqavimət əmsalının hesablanması alqoritmlərinin işlənilməsi istiqamətlərində tədqiqatların davam etdirildiyini bildirdi.

R.Alıquliyev malayziyalı həmkarlarla birgə plagiatlığın aşkarlanması üçün metodların işlənilməsi, institutun 17 saylı şöbəsi ilə birgə e-dövlətin formalaşdırılması və effektli idarə olunması üçün mexanizmlərin işlənməsi mövzuları üzrə görülmüş işlər haqqında da məlumat verdi. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) dəstəklədiyi “Elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi” qrant layihəsi çərçivəsində tədqiqatların aparıldığını diqqətə çatdırdı.

Şöbə müdiri elmi-innovasiya fəaliyyəti çərçivəsində EİF-in dəstəklədiyi “Böyük verilənlər (Big Data) mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri” və “Elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi” adlı qrant layihələri ilə bağlı işlərin görüldüyünü söylədi. O, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2017–2020-ci illər üçün Dövlət proqramı” çərcivəsində tapşırılmış işlərin həyata keçirildiyini vurğuladı. Həmçinin cari ildə müxtəlif jurnal və konfranslardan göndərilmiş 35 məqaləyə rəy verildiyini qeyd etdi.

Məruzəçinin sözlərinə görə, cari ildə şöbə əməkdaşlarının impakt faktorlu jurnallarda, Web of Science (Thomson Reuters), Scopus (Elsevier), Google Scholar, EBSCO, DBLP, ACM və s. kimi nüfuzlu elmi bazalarda indeksləşən, respublika və digər ölkələrin (Rusiya, Ukrayna, Belarus) Ali Attestasiya Komissiyasının siyahısında olan jurnallarda 20 məqaləsi, həmçinin beynəlxalq və respublika səviyyəli elmi konfranslarda 8 tezisi nəşr olunmuş, onların əsərlərinə 290 istinad qeydə alınmışdır.

Şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən danışan alim 2017-ci ildə Avstraliya Federasiya Universiteti, Malayziya Texnologiya Universiteti, Qazaxıstan Milli Texniki Universiteti, Viktoriya Universiteti (Kanada) və Ukrayna Milli Elmlər Akademiyası Mexanika İnstitutu ilə əməkdaşlıq münasibətlərinin qurulduğunu bildirdi.

R.Alıquliyev həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-praktiki nəticələrin КİV-də təbliği və s. ilə bağlı görülmüş işlərdən bəhs etdi, hesabat ilində 23 şöbədaxili seminarın keçirildiyini dedi.

Sonra AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin fəaliyyətini yüksək qiymətləndirdi, hesabat ilə bağlı təklif və tövsiyələrini səsləndirdi.

Hesabat ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.