Baş səhifə  arrow Yeniliklər arrow İnternet-medianın monitorinqi və qiymətləndirilməsi məsələləri araşdırılır
İnternet-medianın monitorinqi və qiymətləndirilməsi məsələləri araşdırılır Print
   24 Oktyabr 2017, saat 11:27
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin illik hesabatı dinlənildi.

Hesabatı təqdim edən şöbənin sektor müdiri Rasim Mahmudov öncə müvafiq struktur bölməsində aparılan elmi-tədqiqat işləri barədə məlumat verdi. İl ərzində informasiya cəmiyyətinin və İnternetşünaslığın formalaşmasının multidissiplinar elmi-nəzəri problemləri, e-dövlətin formalaşdırılması və effektli idarə olunması üçün mexanizmlərin işlənməsi, viki-mühitdə informasiya müharibəsi texnologiyalarının analizi, İnternet-media resurslarının monitorinqi və qiymətləndirilməsi mexanizmlərinin işlənilməsi və s. istiqamətlərdə tədqiqatların aparıldığını diqqətə çatdırdı. Bildirdi ki, qeyd edilən elmi tədqiqatların nəticəsi kimi 2 kitab, 10 məqalə və 11 konfrans materialı dərc olunub. Onların bir hissəsi xarici ölkələrin nüfuzlu nəşrlərində işıq üzü görüb.

R.Mahmudov cari ildə şöbə tərəfindən elmi-innovasiya istiqamətində də mühüm işlər görüldüyünü diqqətə çatdırdı. Bildirdi ki, “Azərbaycan Respublikasında informasiya cəmiyyətini inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2014-2017-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrasına elmi dəstək verilmişdir. Eyni zamanda, şöbədə fəaliyyət göstərən Viki-Mərkəz tərəfindən müvafiq elmi-tədqiqat işləri aparılmış, təlim kursları keçirilmiş, kontent təminatı, təbliğat-təşviqat və monitorinq işləri görülmüş, müxtəlif parametrlər üzrə hesabatlar hazırlanmıdır.

Təqdimatdan məlum oldu ki, hesabat ilində şöbə əməkdaşlarının elmi-pedoqoji fəaliyyəti də məhsuldar olmuşdur. Onlar əldə etdikləri elmi nəticələrdən doktorant, dissertant və magistrlərə müvafiq kurslar üzrə mühazirələrin hazırlanmasında istifadə etmiş, eləcə də, institutun Tədris-İnnovasiya Mərkəzində keçirilən tədris və imtahan proseslərinə cəlb olunmuşlar.

R.Mahmudovun sözlərinə görə, şöbə əməkdaşları əldə etdikləri elmi nailiyyətlərin və informasiya cəmiyyəti ideyalarının KİV-də təbliği istiqamətində də fəallıq göstərmiş, il ərzində müxtəlif televiziya kanallarında 17 dəfə çıxış etmişlər.

Məruzəçi şöbədə beynəlxalq elmi əməkdaşlıq çərçivəsində, elmi-təşkilati və praktiki fəaliyyət istiqamətində həyata keçirilən tədbirlər haqqında da məlumat verdi.

Sonda çıxış edən institutun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi şöbədə elmi tədqiqatların dərinləşdirilməsi, araşdırmaların nəticəsi olaraq məqalələrin hazırlanması və nüfuzlu jurnallarda çap olunmasına dair tövsiyələr verdi.

Şöbənin fəaliyyəti qənaətbəxş hesab edildi, bir sıra rəy və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.