Baş səhifə  arrow Yeniliklər arrow E-dövlət mühitində ölkələrarası inteqrasiyanın ölçülməsi üçün metodlar işlənilib
E-dövlət mühitində ölkələrarası inteqrasiyanın ölçülməsi üçün metodlar işlənilib Print
   25 Oktyabr 2017, saat 12:49
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 16 saylı şöbəsinin 2017-ci il ərzində görülmüş işlərə dair hesabatı müzakirə olundu. Rəhbərlik etdiyi şöbənin hesabatını təqdim edən Gülnarə Nəbibəyova öncə elmi-tədqiqat işləri haqqında ətraflı məlumat verdi. O, elektron dövlətin formalaşması problemləri istiqaməti üzrə “E-dövlət mühitində ölkələrarası inteqrasiyanın ölçülməsi üçün metodların işlənilməsi” mövzusunda dissertasiya işində əldə olunan elmi-nəzəri nəticələrin sistemləşdirildiyini və ümumiləşdirildiyini, dissertasiyanın yaxın zamanda müzakirəyə təqdim olunacağını diqqətə çatdırdı.

Şöbə müdiri terminoloji informatikanın formalaşması problemləri üzrə Azərbaycanda terminoloji informasiya sisteminin yaradılması ilə bağlı görülən işlərdən danışdı. Bildirdi ki, bu istiqamətdə öyrədici-əyləncəli terminologiya üzrə araşdırmalar aparılmış, təkliflər verilmiş, predmet sahəsinin terminlərinin semantik şəbəkəsinin avtomatik qurulması texnologiyaları və termin yaradıcılığı işlərinin avtomatlaşdırılması metodları tədqiq olunmuşdur.

G.Nəbibəyova şöbə əməkdaşları tərəfindən veb-texnologiyaları problemləri üzrə aparılan tədqiqatlardan danışaraq e-dövlət mühitində veb-resursların statistikası və analitikası, veb-spamlarla mübarizə texnologiyaları, veb-analitika problemlərinin araşdırıldığını söylədi. Şöbə müdiri virtual məkanda Azərbaycan dilinin tətbiqi problemləri üzrə isə Azərbaycan dilinin qrafikasının ingilis dilinin qrafikası ilə transliterasiyası istiqamətində araşdırmaların davam etdirildiyini bildirdi.

O, şöbənin elmi-innovasiya fəaliyyəti çərçivəsində müxtəlif qurumların, eləcə də AMEA-nın institut və təşkilatlarının veb-saytlarının yaradılması və təkmilləşdirilməsi istiqamətində görülmüş işləri nəzərə çatdırdı. Məruzəçi “Azərbaycan alimləri diasporası” informasiya sisteminin işlənildiyini, “Transliterasiya” informasiya sisteminın hazırlanması ilə bağlı işlərin görüldüyünü vurğuladı. AMEA-nın rəsmi www.science.gov.az portalının, institutun www.ikt.az saytının və AzScienceNet elm kompüter şəbəkəsinin Data Mərkəzində yerləşdirilən veb-saytların texnoloji baxımdan dəstəkləndiyini, o cümlədən institutun Multimedia Qalereyasında işlərin aparıldığını qeyd etdi.

G.Nəbibəyova, həmçinin şöbə əməkdaşlarının elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, beynəlxalq və respublika səviyyəli elmi-texniki konfranslarda iştirakı, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı nəşrlərin hazırlanması, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı, elmi-praktiki nəticələrin КİV-də təbliği ilə bağlı görülmüş işlər haqqında məlumat verdi.

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev şöbənin hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi, şöbə əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyini vurğuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.