Baş səhifə  arrow Yeniliklər arrow Viki-mühitdə informasiya müharibəsi texnologiyalarına dair dissertasiya işi müzakirə olundu
Print
   13 Oktyabr 2017, saat 12:00
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi seminarının növbəti iclası keçirildi.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi seminarının növbəti iclası keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, şöbə müdiri, akademik Rasim Əliquliyev iclasın “Viki-mühitdə informasiya müharibəsi texnologiyalarının analizi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinin müzakirəsinə həsr olunduğunu bildirdi.

Sonra institutun sektor müdiri İradə Ələkbərova dissertasiya işini təqdim edərək bildirdi ki, dissertasiya giriş, 4 fəsil, əsas nəticələr, 155 adda ədəbiyyat siyahısı və əlavədən ibarətdir. Mövzu üzrə 23 elmi iş çap edilmiş, 2 kitab və 2 ekspress-informasiya işıq üzü görmüşdür.

Məruzəçi bildirdi ki, dissertasiya işinin əsas məqsədi intellektual analiz metod və alqoritmlərindən istifadə etməklə xalqların milli-mənəvi dəyərlərinin, tarixi həqiqətlərinin qorunmasında, informasiya təsirində mühüm rolu olan Vikipediya virtual ensiklopediyasında toplanan böyük həcmli verilənlərdə informasiya müharibəsi təzahürlərini aşkarlamaqdır.

İ.Ələkbərova dissertasiyada qarşıya qoyulmuş məqsədə çatmaq üçün görülmüş işlər haqqında məlumat verdi. Bildirdi ki, viki-mühitdə İM texnologiyaları analiz edilərək təsnifatlandırılmış və onların realizasiyasından yaranan problemlərin həlli yolları müəyyənləşdirilmiş, həmçinin viki-mühitdə gizli sosial şəbəkələrin analiz edilmiş, İM-də multimedia resurslarından effektiv istifadə üçün metod və alqoritmlər işlənmişdir.

O, vikimetrik tədqiqatların müasir vəziyyəti, problemləri və tədqiqat obyektləri barədə də danışdı. Bildirdi ki, vikimetrik tədqiqatlara vikipediyanın statistik analizi, viki-istifadəçilərin töhfələrinin təhlili, viki-mühitdə sosial şəbəkələr və istifadəçilərin nüfuzunun, o cümlədən viki-kontentin keyfiyyətinin analizi aiddir.

İ.Ələkbərova viki-mühitdə gizli sosial şəbəkələrin analizi üçün metod və alqoritmin işlənməsi haqqında məlumat verərək viki-mühitin sosial-demoqrafik portretinin analizi, vikipediyada istifadəçi qruplarının fəaliyyət statistikası, və viki-mühitdə gizli sosial şəbəkələrin aşkarlanması modelini təqdim etdi.

Məruzəçi, həmçinin İM-də multimedia resurslarından effektli istifadə üçün metod və alqoritmin işlənməsi və onların eksperimental yoxlanılması ilə bağlı görülmüş işlər, əldə olunmuş nəticələr haqqında məlumat verdi.

Sonra iddiaçı çoxsaylı sualları cavablandırdı.

Müzakirələrdə iştirak edən AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktorları, dosentlər Yadigar İmamverdiyev, Şəfəqət Mahmudova və digərləri dissertasiya işinin aktuallığını önə çəkərək alınmış elmi nəticələri yüksək qiymətləndirdilər, rəy və təkliflərini səsləndirdilər.

Daha sonra elmi rəhbər, akademik Rasim Əliquliyev çıxış edərək dissertasiya işinin əhəmiyyətini önə çəkdi. Viki-mühitdə informasiya müharibəsi texnologiyaları ilə əlaqədar tədqiqatların elm sahəsi üçün yenilik olduğunu, təklif olunan yanaşmaların böyük praktiki əhəmiyyət daşıdığını diqqətə çatdırdı. Dissertasiyanın müvafiq tələblərə cavab verdiyinin qeyd edən alim qeyd olunan irad və təkliflər nəzərə alınmaqla işin növbəti mərhələyə keçirilməsini təklif etdi.

Dissertasiya işinə dair təyin olunan rəyçilər – texnika üzrə fəlsəfə doktorları, dosentlər Rəşid Ələkbərov və Yadigar İmamverdiyev çıxış edərək dissertasiya işində əsaslı tədqiqatlar aparıldığını, qarşıya qoyulmuş məsələlərin həll olunduğunu və elmi yeniliklərin əldə edildiyini bildirdilər. Alimlər tədqiqatın Ali Attestasiya Komissiyası tərəfindən texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyalara qoyulan tələblərə cavab verdiyini qeyd etdilər, irad və təkliflərini səsləndirdilər.

Sonda səsvermə keçirildi və dissertasiya işinin yekdilliklə növbəti mərhələyə keçirilməsi tövsiyə olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.