Baş səhifə  arrow Yeniliklər arrow İtaliyanın ölkəmizdəki səfiri AMEA Rəyasət Heyətində olub
İtaliyanın ölkəmizdəki səfiri AMEA Rəyasət Heyətində olub Print
   13 Sentyabr 2017, saat 12:00
ImageSentyabrın 13-də AMEA Rəyasət Heyətində İtaliyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari və “Sandro Teti” nəşriyyatının direktoru Sandro Teti ilə görüş keçirilib.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəhbəri Zülfüqar Fərzəliyev də iştirak edirdilər.

Öncə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə qonağa rəhbərlik etdiyi elm ocağının tarixi haqqında məlumat verib. Bildirib ki, 72 ildir fəaliyyət göstərən bu qurum Azərbaycan elminin inkişafında əvəzsiz xidmətlər göstərmişdir. Bu illər ərzində akademiyada prioritet istiqamətlərdə tədqiqatlar aparılmış, ölkə alimləri mühüm elmi nailiyyətlər əldə edərək dünya elminə töhfələr vermişlər.

Sonra alim AMEA-nın müvafiq institut və təşkilatları ilə İtaliyanın elmi qurumları arasında olan elmi əlaqələrdən söz açıb. Bildirib ki, akademiyada fəaliyyət göstərən bir çox alim və mütəxəssislər İtaliyada həyata keçirilən müxtəlif qrant layihələrdə fəal iştirak edir, gənc alimlər bu ölkənin elmi təcrübəsini öyrənirlər.

Alim İtaliyanın Azərbaycana təyin olunmuş yeni səfirinin iki ölkə arasında bundan sonra da elmi əlaqələrin inkişafına köməklik göstərəcəyinə əminliyini ifadə edib. Bildirib ki, hazırda İtaliya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına dair görüləcək işlər müzakirə olunur, prioritetlər araşdırılır.

AMEA-nın prezidenti akademiyada ilk dəfə olaraq 2015-ci ildən etibarən təşkil olunan magistratura pilləsi haqqında da məlumat verib. Alimin sözlərinə görə, belə bir addımın atılmasında əsas məqsəd gəncləri elmi mühitə cəlb etmək, onların elmi təfəkkürünü artırmaqdır. Akademiyanın magistratura pilləsində təhsil alan tələbələr bakalavr təhsilindən sonra elmi laboratoriyalarda təcrübə keçə biləcəklər.

Daha sonra A.Əlizadə səfirə azərbaycanlı mütəxəssislərin hazırladığı dünya palçıq vulkanlarının atlasını təqdim edib. Ölkəmizdə uzun illərdir ki, vulkanların öyrənilməsi ilə bağlı araşdırmaların aparıldığını, bütün dünya üzrə 3000-dən artıq vulkanın siyahıya alındığını diqqətə çatdırıb. Dünyada olan 800-ə yaxın palçıq vulkanından 400-nün Azərbaycanda mövcud olduğunu bildirib.

Tədbirdə çıxış edən səfir Auqusto Massari iki ölkə arasında əməkdaşlığın inkişafında maraqlı olduqlarını qeyd edib, bu əlaqələrin təşkili məqsədilə İtaliyadan nümayəndə heyəti dəvət edəcəyini diqqətə çatdırıb.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda aparılan araşdırmaları, həyata keçirilən layihələri yüksək qiymətləndirən A.Massari bu qurumla da kadr və təcrübə mübadiləsi aparılmasının məqsədəuyğun olduğunu vurğulayıb. Sonda akademik İ.Quliyev çıxış edərək AMEA-nın Avropa İttifaqının xətti ilə 40 ölkənin iştirak edəcəyi yeni layihəyə qoşulduğunu bildirib. Qeyd edib ki, İtaliyalı alimlərin də iştirak edəcəyi layihə çərçivəsində həm palçıq, həm də maqmatik vulkanların öyrənilməsi nəzərdə tutulur.

Alim “Sandro Teti” nəşriyyatının direktoru S.Tetinin rolunu yüksək qiymətləndirərək onun sayəsində azərbaycanlı alimlərin bir sıra nəşrlərinin, o cümlədən Dağlıq Qarabağ probleminin mahiyyətini açıqlayan kitabların işıq üzü gördüyünü diqqətə çatdırıb.

www.elm.az