Baş səhifə  arrow Yeniliklər arrow İnformasiya cəmiyyətinin müxtəlif aspektləri üzrə tədqiqatlar davam etdirilir
İnformasiya cəmiyyətinin müxtəlif aspektləri üzrə tədqiqatlar davam etdirilir Print
   11 İyul 2017, saat 12:07
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin cari il üzrə 6 aylıq hesabatı dinlənildi. Hesabatı təqdim edən sektor müdiri Rasim Mahmudov şöbədə informasiya cəmiyyətinin müxtəlif aspektləri üzrə aparılan elmi-tədqiqat işləri barədə məlumat verdi. Bildirdi ki, şöbədə e-dövlətin formalaşdırılması və effektli idarə olunması üçün mexanizmlərin işlənilməsi mövzusu üzrə çoxmeyarlı qərarların qəbul edilməsi modeli əsasında rəqəmsal demokratiya mexanizmlərinin işlənməsi, rəqəmsal demoqrafiyanın formalaşdırılmasının konseptual modellərinin işlənməsi istiqamətlərində tədqiqatlar aparılıb.

R.Mahmudov informasiya cəmiyyəti və İnternetşünaslığın elmi-nəzəri problemləri üzrə aparılan tədqiqatlardan da danışdı. Onun sözlərinə görə, bu istiqamətdə elm və təhsilin inteqrasiyasında İKT-nin rolu və perspektivləri, informasiya təhlükəsizliyinin multidistiplinar elmi-nəzəri problemləri, biliklər iqtisadiyyatının seqmenti kimi dil sənayesinin formalaşması araşdırılmışdır.

Məruzəçi, həmçinin informasiya müharibəsi texnologiyaları və yeni medianın formalaşması problemləri istiqamətlərində elmi tədqiqatların aparıldığını diqqətə çatdırdı.

Şöbənin elmi-innovasiya və praktiki fəaliyyəti çərçivəsində görülmüş işlərdən danışan R.Mahmudov “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2014-2017-ci illər üçün Dövlət Proqramı”na elmi dəstək verildiyini, KİV vasitəsilə təbliğat-təşviqat işlərinin aparıldığını, qlobal informasiya məkanında ölkəmizlə əlaqədar məlumatların genişləndirildiyini, eləcə də onlayn medianın inkişaf etdirilməsi üçün tədbirlərin görüldüyünü qeyd etdi. Həmçinin Viki-Mərkəzdə elmi-tədqiqat, tədris, kontent təminatı, monitorinq, təbliğat-təşviqat işlərinin bu il də davam etdirildiyini və institutda fəaliyyət göstərən viki-qrup üzvlərinə treninqlərin keçirildiyini nəzərə çatdırdı.

Məruzəçi bildirdi ki, 2017-ci ildə şöbədə aparılan elmi-tədqiqat işlərinin nəticələri bir sıra beynəlxalq və respublika səviyyəli nüfuzlu elmi jurnallarda çap olunmuşdur. R.Mahmudov hesabat dövründə “Vikipediya virtual ensiklopediyasının əsasları” adlı kitabın nəşr olunduğunu da diqqətə çatdırdı.

O, həmçinin şöbənin elmi-təşkilati və elmi-pedaqoji fəaliyyəti, beynəlxalq elmi əməkdaşlığı çərçivəsində görülmüş tədbirlər haqqında məlumat verdi.

Sonra çıxış edən AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev şöbənin hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim şöbənin elmi-tədqiqat fəaliyyətində nəzərdə tutulan istiqamətlərdə araşdırmaların dərinləşdirilməsinin vacibliyini qeyd etdi. Elmi məqalələrin dünyanın nüfuzlu, yüksək istinad indeksli jurnallarında çap olunmasını, elmmetrik göstəricilərin yaxşılaşdırılmasını tövsiyə etdi.

Məruzə ilə bağlı geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.