Baş səhifə  arrow Yeniliklər arrow 
İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova Fəxri Fərmanla təltif edilib Print
   22 İyun 2017, saat 04:04
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova anadan olmasının 60 illik yubileyi münasibətilə institutun Fəxri Fərmanı ilə təltif olunub.

Fərmanı yubilyara təqdim edən AMEA-nın akademik katibi, institutun direktoru, akademik Rasim Əliquliyev G.Nəbibəyovanın yüksək peşəkarlıq səviyyəsi, səmərəli və məhsuldar fəaliyyəti, əldə etdiyi nailiyyətləri ilə hər zaman rəhbərliyin və kollektivin diqqət mərkəzində olduğunu söyləyib. Bildirib ki, G.Nəbibəyovaya xas olan insanpərvərlik, əməksevərlik, həssaslıq və qayğıkeşlik kimi nəcib insani keyfiyyətlər kollektivdə ona böyük hörmət və rəğbət qazandırmışdır.

Qeyd edək ki, Gülnarə Nəbibəyova S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsini bitirmişdir. Sonra Azərbaycan Elmlər Akademiyasının (AEA) Kibernetika İnstitutunda proqramçı vəzifəsinə qəbul olunmuş, AEA-nın Avtomatlaşdırılmış İdarə sistemləri (AİS) şöbəsində böyük mühəndis, daha sonra isə aparıcı mühəndis vəzifələrində çalışmışdır. Burada AİS-in yaradılması məsələləri ilə məşğul olmuş, “ETM pasportları”, TPAİS və digər sistemlərin proqram təminatının yaradılmasında iştirak etmişdir.

Analitik informasiya və veb-texnologiyaların problemləri ilə bağlı elmi-nəzəri və praktiki işlər həyata keçirən G.Nəbibəyova xarici siyasət sahəsində qərarların qəbul edilməsini dəstəkləyən informasiya-analitik sistemin işlənməsi və bununla bağlı verilənlər anbarı, OLAP və Data Mining texnologiyaları üzrə araşdırmalar aparır.

G.Nəbibəyova, həmçinin Azərbaycanda formalaşan elektron elm mühiti çərçivəsində veb-infrastrukturun və onun əhatə etdiyi veb-saytların yaradılması ilə bağlı elmi-metodiki dəstəyi həyata keçirir.

AMEA www.science.az portalının yeni versiyası və AMEA İnformasiya Texnologiyaları İnstitutunun www.ict.az saytının layihəsinin yaradıcılarından biridir. Hazırda AMEA-nın science.gov.az rəsmi veb-portalına texnoloji dəstək onun rəhbərliyi ilə həyata keçirilir. O, uzun müddət institutun www.ict.az saytına da rəhbərlik etmişdir.

G.Nəbibəyova 2015-ci ildə uzunmüddətli elmi və elmi-təşkilati fəaliyyətinə görə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

Hazırda institutda “Veb-texnologiyalar” şöbəsinin müdiri vəzifəsində çalışır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.