Baş səhifə  arrow Yeniliklər arrow Big Data və veb-texnologiyaların imkanlarına dair müzakirələr aparıldı
Big Data və veb-texnologiyaların imkanlarına dair müzakirələr aparıldı Print
   20 İyun 2017, saat 06:06
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. Öncə şöbənin əməkdaşı Fidan Sadıqova veb-texnologiyaların imkanları və problemləri haqqında məruzə ilə çıxış etdi. Bildirdi ki, araşdırma zamanı müasir veb-texnologiyalar tədqiq edilmiş, onlar arasındakı fərq və çatışmazlıqlar qeyd olunmuşdur. Veb-texnologiyalar sahəsində mövcud problemlər təhlil edilmişdir.

Hazırda bir çox veb-proqramlaşdırma texnologiyalarının mövcud olduğunu bildirən məruzəçi buraya Hypertext Preprocessor (PHP), Active Server Pages (ASP.NET), Cold Fusion Markup Language (CFML), Java, Python və s. daxil olduğunu qeyd etdi. Bu texnologiyalarının istifadə imkanları haqqında danışdı.

Sonra şöbənin digər əməkdaşı Aynurə Sadıqova Big Data texnologiyaları və proqram platformalarına dair məlumat verdi. Bildirdi ki, Big Data müxtəlif təbiətli böyük həcmli verilənlərin emalı, analizi və onlardan faydalı biliklərin çıxarılması sahəsində tədqiqatlar üçün istifadə olunan aparıcı istiqamətlərdən biridir. MapReduce, Hadoop, HDFS, NoSQL, MongoDB və s. kimi proqram-aparat platformaları böyük verilənlərin emalı və analizi üçün tətbiq edilir.

A.Sadıqovanın sözlərinə görə, Big Data proqram platformalarının və Big Data analitik sistemlərinin əsas məqsədi böyük həcmli verilənlər üçün səmərəli analitikanın təmin edilməsinə yönəlmişdir.

O, “IBM” şirkətinin Big Data analitika sisteminin istifadə etdiyi proqram platformalarından olan Watson Analytics haqqında da məlumat verdi. Qeyd etdi ki, Watson Analytics bulud üzərində intellektual verilənlərin aşkar edilməsi xidmətini təklif edir.

Sonra AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, şöbənin rəhbəri, akademik Rasim Əliquliyev çıxış edərək hər iki mövzunun aktuallıq kəsb etdiyini, dünyada prioritet elmi istiqamətlərdən olduğunu qeyd edərək, öz irad və təkliflərini bildirdi.

İclasda, həmçinin 17 saylı şöbənin doktorant və dissertantlarının elmi fəaliyyətlərinin gücləndirilməsinə dair müzakirələr aparıldı. R.Əliquliyev hər bir əməkdaşa elmi araşdırmaların dərinləşdirilməsi, tədqiqatların nəticəsi olaraq məqalələrin hazırlanması və nüfuzlu jurnallarda çap olunmasına dair tövsiyələr verdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.