Baş səhifə  arrow Yeniliklər arrow İnstitutun şöbə müdirləri AMEA-nın müxbir üzvü seçiliblər
İnstitutun şöbə müdirləri AMEA-nın müxbir üzvü seçiliblər Print
   03 May 2017, saat 12:00
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdirləri, texnika elmləri doktoru, professor Məsumə Məmmədova və texnika elmləri doktoru Ramiz Alıquliyev “İnformatika” ixtisası üzrə AMEA-nın müxbir üzvü seçiliblər.

AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev bu münasibətlə hər iki alimi rəhbərlik etdiyi qurumun kollektivi adından təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, Azərbaycan elminin inkişafı yolunda yorulmadan irəliləyən alimlərimizin bu nailiyyətləri onların uzun illərdən bəri gərgin əməyi və zəngin elmi fəaliyyətlərinin məntiqi nəticəsidir. Hər iki alimin yüksək peşəkarlıq səviyyəsi, səmərəli və məhsuldar fəaliyyəti institutun hər bir əməkdaşı üçün örnəkdir.

R.Əliquliyev Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan elmində yeni bir inkişaf mərhələsinin başladığını, ölkə alimlərinin daha səmərəli fəaliyyət göstərmələri üçün geniş imkanların yaradıldığını qeyd edib. Bu gün də ölkədə aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan elmində mühüm nailiyyətlərin əldə olunduğunu vurğulayaraq, ölkə elminin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə təşəkkürünü bildirib.

Qeyd edək ki, M.Məmmədova 271 elmi əsərin, 8 monoqrafiyanın müəllifidir. Xaricdə dərc olunmuş jurnal məqalələrinin sayı 62, beynəlxalq səviyyəli konfranslarda dərc olunmuş məqalələrinin sayı 99-dur. Əsərlərinin 124-ü müxtəlif elmi bazalarda indeksləşən nəşrlərə daxildir.

O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2009-cu ildə “Tərəqqi” medalı, 2005-ci ildə AMEA-nın Fəxri Fərmanı, 2015-ci ildə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunmuşdur.

150 elmi əsərin müəllifi olan R.Alıquliyevin xaricdə dərc olunan jurnal məqalələrinin sayı 82, beynəlxalq səviyyəli konfranslarda dərc olunan məqalələrinin sayı 24, o cümlədən “Web of Science” (Thomson Reuters) bazasında indeksləşən əsərlərinin sayı 32, “Scopus” (Elsevier) bazasında indeksləşən əsərlərin sayı isə 50-dir.

R.Alıquliyev 2013-cü ildə Respublika üzrə İKT sahəsində “Web of Science” bazasında indeksləşən jurnallarda çap olunmuş ən yaxşı elmi işlərə görə 1-ci yerə layiq görülmüşdür.

Alim 2005-ci ildə AMEA-nın Fəxri Fərmanı, 2014-cü ildə isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.